qƏrbİ kaspİ dərgidir.pdfki, eyni zamanda bu, tehranın da “neft müqaviləsinə” qarúı...

85
QƏRBİ KASPİ UNİVERSİTETİ TƏTBİQİ POLİTOLOGİYA MƏRKƏZİ QƏRBİ KASPİ Siyasi dərgi

Upload: others

Post on 22-Oct-2020

2 views

Category:

Documents


0 download

TRANSCRIPT

  • QƏRBİ KASPİ UNİVERSİTETİ

    TƏTBİQİ POLİTOLOGİYA MƏRKƏZİ

    QƏRBİ KASPİ Siyasi dərgi

  • BAKI

    Fevral, 2018

    Redaktor: Elxan Şahinoğlu - Tətbiqi Politologiya Mərkəzinin rəhbəri

    Korrektor: Afət Quliyeva - “Atlas” Araşdırmalar Mərkəzinin analitik bülleteninin

    redaktoru

    Redaksiya

    heyəti:

    Turan Rzayev - bakalavr, Tətbiqi Politologiya Mərkəzinin eksperti

    Yadigar Nağıyev - bakalavr, Tətbiqi Politologiya Mərkəzinin eksperti

    Ağa Zeynalov - bakalavr, Tətbiqi Politologiya Mərkəzinin eksperti

    Sevda Məmmədova - bakalavr, Tətbiqi Politologiya Mərkəzinin

    eksperti

    Qadir Kazımov - bakalavr, Tətbiqi Politologiya Mərkəzinin eksperti

    İlqar Vəlizadə - politoloq, “Cənubi Qafqaz” politoloqlar klubunun

    rəhbəri

    Elnur Eltürk - politoloq, AMEA Mərkəzi Elmi Kitabxanasında

    Sərbəst İnformasiya Resurslar şöbəsinin və “Vikipediya-

    Azərbaycan”ın rəhbəri

    ©Qərbi Kaspi Universiteti, 2018

  • XƏZƏRİN STATUSU 2018-Cİ İLDƏ MÜƏYYƏNLƏŞƏCƏKMİ?

    Ramiyyə MƏMMƏDOVA,

    Qərbi Kaspi Universitetinin Siyasi və İctimai Elmlər fakültəsinin

    dekan müavini

    SSRİ 1991-ci ildə dağıldıqdan sonra ən problemli məsələlərdən biri də Xəzərin

    statusuyla bağlı idi. Əvvəllər Xəzərin statusu iki sahilyanı dövlət – SSRİ və İran

    arasında müəyyənləşmişdi. Ancaq SSRİ-nin dağılmasıyla Xəzəryani dövlətlərin sayı 5-

    ə çatdı: Azərbaycan, Rusiya, Qazaxıstan, Türkmənistan və İran. Ona görə də Xəzərin

    statusu mövzusu yenidən aktuallaşdı və danışıqlar məhz bu ölkələr arasında aparılmağa

    başladı.

    Xəzərin statusuyla bağlı 1990-cı illərin əvvəllərində aparılan danışıqlar çox ağır

    gedirdi. İran SSRİ ilə imzaladığı müqavilələrdən fərqli olaraq, Xəzərdə daha böyük

    paya iddiasını irəli sürdü. Türkmənistan da Azərbaycanın hələ SSRİ illərində kəşf etdiyi

    neft yataqlarının mübahisəli ərazilərə düşdüyünü iddia edirdi. Söhbət Azərbaycan

    neftçilərinin kəşf etdiyi “Kəpəz” yatağından gedir, Türkmənistan isə həmin yatağı

    “Sərdar” adlandırır. Azərbaycan sonrakı illərdə bu mübahisəyə son qoymaq üçün

    “Kəpəz” yatağını Türkmənistanla birgə işlətməyi təklif etdi.

    Azərbaycanın mərhum prezidenti Heydər Əliyev 1994-cü ildə Qərbin böyük neft

    şirkətləri ilə “Əsrin müqaviləsi”ni imzalamağa müvəffəq oldu. Bu, Azərbaycanın

    böyük uğuru idi. Çünki Xəzərin statusuyla bağlı Rusiyanın Azərbaycana iradları

    olmasa da, Moskvadakı siyasi mərkəzlər Bakının Qərbin iri neft şirkətləri ilə imzaladığı

    sazişdən narahat idilər. Ancaq ulu öndərin müdrik siyasəti nəticəsində saziş imzalandı

    və həmin sazişdə hətta Rusiyanın neft şirkətinin də payı oldu. Bu pay Moskvanın

    etirazlarını azaltmağa imkan verdi. Sazişdə İran şirkətinin də iştirakı təmin edilmişdi

    ki, eyni zamanda bu, Tehranın da “neft müqaviləsinə” qarşı müqavimətini zəiflətməli

    idi.

  • “Neft müqavilələri” əsasında çalışmalar başladı, Azərbaycanın gəlirləri artdı.

    Buna rəğmən, Xəzərin statusu müəyyənləşmədi. Danışıqlar bugünə qədər uzanıb.

    Nəhayət, ötən ilin dekabr ayında elan olundu ki, sahilyanı ölkələr danışıqların finişinə

    yaxınlaşıblar. Sahilyanı ölkələrin xarici işlər nazirləri 2017-ci ilin dekabrında

    Moskvada Xəzərin statusuyla bağlı müzakirələri davam etdirdilər. Müzakirələrin

    nəticəsi olaraq Rusiyanın xarici işlər naziri Sergey Lavrov dedi ki, 20 illlik çalışmalar

    yekunlaşmaq üzrədir və Xəzərin Konvensiyasının il ərzində imzalanması perspektivi

    yüksəkdir. Sənəd Xəzəryanı ölkələrin dövlət başçılarının 5-ci Sammitində

    Qazaxıstanda imzalanacaq. Dəqiq tarix hələ müəyyənləşməyib.

    Nazirlərin razılaşdırdıqları Konvensiyanın mətni dövlət başçılarına təqdim

    ediləcək. Böyük ehtimalla sahil ölkələrinin prezidentləri sənədi dəstəkləyəcəklər.

    Bundan sonra Konvensiyanın təsdiqi ilə bağlı prezidentlərin Qazaxıstanda yekun

    sammiti keçiriləcək. Moskvadakı müzakirələrin yekunu olaraq Xəzərdə insidentlərin

    araşdırılmasına dair razılaşma da əldə olundu.

    Moskvadakı qərarlardan biri də gələn il Xəzər dənizində Xəzəryanı ölkələrin birgə

    təlimlərinin keçirilməsinin planlaşdırılmasıdır. Sergey Lavrovun da sözlərinə görə,

    Xəzər boyunca müdafiə sahəsində əməkdaşlıq yüksək səviyyədədir. Rusiyanın xarici

  • işlər naziri buna misal olaraq, 2017-ci ildə Xəzəryanı ölkələrin silahlı qüvvələri

    gəmilərinin bir-birinə dostyana səfərlərini göstərib.

    Bu sualın aktuallığı artıb: Həqiqətən, 20 illik danışıqların nəticəsi olaraq Xəzərin

    statusu 2018-ci ildə müəyyənləşəcəkmi?

    Sahilyanı ölkələr keçmiş illərdə də Xəzərin statusuyla bağlı saziş imzalamağa

    yaxın olublar. Ancaq hər dəfə “kiçik detallar” statusun müəyyənləşməsinə imkan

    verməyib. İran Xəzərin 5 bərabər hissəyə bölünməsini istəyir. Bu, beynəlxalq dəniz

    hüququna uyğun deyil. Dəniz sərhədləri orta nöqtədən hesablanır. Buna baxmayaraq,

    əgər SSRİ-nin vaxtında İran Xəzər dənizində cəmi 14 faiz paya malik idisə, SSRİ

    dağılandan sonra 20 faiz paya iddia etdi. Heç bir Xəzəryanı ölkə İranın bu mövqeyini

    qəbul edə bilməzdi. Ona görə də bir başqa aktual sual budur: “İran iddiasından geri

    çəkilibmi?” Çünki İran əvvəlkitək Xəzərin bərabər hissələrə bölünməsini tələb edərsə,

    statusu müəyyənləşdirəcək Konvensiyanı imzalamaq mümkün olmayacaq. Yox, əgər

    İran iddiasından geri çəkilibsə, onda Tehran bunun qarşılığında hansısa tələbinin yerinə

    yetirilməsinə çalışıb.

    Bu hansı tələb ola bilər?

    İran Xəzərə sahili olmayan ölkələrin Xəzər dənizində varlığının əleyhinə çıxır.

    Görünür, Tehran Azərbaycan və Qazaxıstanın Qərb ölkələri ilə əməkdaşlığından

    ehtiyat edir. ABŞ Azərbaycana bir neçə hərbi kater verib. Ancaq ABŞ Xəzərdə aktiv

    hərbi varlığa maraq göstərmir. Ona görə də əslində Tehranın narahatlığı üçün əsas

    yoxdur. Bundan başqa, Azərbaycan və Qazaxıstan da ABŞ-ın Xəzərdə xüsusi fəallığına

    şərait yaratmazlar. Bu, Astana və Bakıya ona görə lazım deyil ki, İran və Rusiya ilə

    münasibətlərdə yersiz problem yaşamasınlar.

    Rusiyanın da Xəzərin statusunu müəyyənləşdirəcək Konvensiya ilə bağlı öz

    maraqları var. Rusiya da İran kimi üçüncü ölkələrin Xəzərdə hərbi varlığının

    əleyhinədir. Bundan başqa, Rusiya Xəzərin dibi ilə boru xəttinin çəkilməsini istəmir.

    Rusiya Türkmənistan qazının Xəzər dənizinin dibi ilə Azərbaycan və buradan da

    Avropaya daşınmasına imkan vermək istəmir. Konvensiyada bu layihəyə mane olacaq

  • hər hansı maddənin varlığı istisna deyil. Türkmənistan qazının Azərbaycan üzərindən

    Avropaya daşınmasını daha çox Avropa İttifaqı və Türkiyə istəyir. Yəni bu məsələ

    Azərbaycan üçün aktual deyil. Əlbəttə, Azərbaycan Türkmənistan qazının öz

    ərazisindən Türkiyəyə, oradan da Avropaya daşınmasında maraqlı olardı. Bu həm

    Azərbaycanın gəlirlərini, həm də bölgədəki rolunu artırardı. Ancaq Azərbaycan üçün

    hazırda ən vacib məqam öz qazını Türkiyəyə və Avropaya daşımaqdır.

    Rusiyanın Azərbaycan və Qazaxıstanla müqaviləsi var. Bu müqaviləyə görə, 3

    dövlət arasında Xəzərdə sərhədlər müəyyənləşdirilib. Rusiya Xəzərdə Azərbaycan və

    Qazaxıstana aid heç bir neft və qaz yatağına iddia etmir. Rusiyadan fərqli olaraq, qeyd

    etdiyimiz kimi, Azərbaycanın Türkmənistan və İranla yataq problemi var.

    Türkmənistan Xəzərdə Azərbaycana aid “Kəpəz” yatağına iddia etdiyi kimi, İran da

    Azərbaycana aid “İnam” yatağında çalışmalara başlamağa imkan vermir. Konvensiya

    bu məsələyə də aydınlıq gətirməlidir. Mümkündür ki, mübahisəli yataqların birgə

    işlənməsiylə bağlı razılaşma əldə olunsun.

    Xəzərin statusuyla bağlı Azərbaycanı təmsil edən xarici işlər nazirinin müavini

    Xələf Xələfovun sözlərindən belə anlaşıldı ki, Konvensiyanın təsdiqi Azərbaycanın

    Xəzərdə Türkmənistanla və İranla sərhəd mübahisələrinə son qoymur. Xələf Xələfovun

    “İran və Türkmənistanla razılaşma əldə etmək üçün danışıqlara davam edəcəyik və öz

    sazişlərimizi hazırlayacağıq” sözləri də bundan xəbər verir. Azərbaycan Xəzərdə

    Rusiya və Qazaxıstanla sərhədini müəyyənləşdirib və ikili müqavilələr mövcuddur.

    Əgər Konvensiya sahil ölkələrinin tamamı arasında sərhədi müəyyənləşdirmirsə,

    “Xəzərin statusu müəyyənləşdi” fikrini səsləndirmək hələ çox tezdir.

    Ən başlıcası, bu Konvensiya Azərbaycanın və İranla dəniz sərhədinin

    müəyyənləşməsinə şərait yaratmır. Bu o deməkdir ki, Bakı və Tehran Konvensiyanı

    imzaladıqdan sonra öz aralarında da sərhədi müəyyənləşdirən ikitərəfli saziş

    imzalamalıdırlar. Necə ki, eyni saziş Azərbaycanla Rusiya və Qazaxıstan arasında var.

    Ancaq Bakı ilə Tehran arasında yaxın müddətdə dənizdə sərhəd sazişinin imzalanacağı

  • problematikdir. Sadəcə, Azərbaycanla İran arasında artan iqtisadi əməkdaşlıq, birgə

    regional layihələr Xəzərin statusuyla bağlı iki dövlət arasındakı danışıqlarda gərginliyi

    azaltmalıdır.

    ATƏT-İN YENİ SƏDRİ OLAN İTALİYADAN DAĞLIQ QARABAĞ

    MÜNAQİŞƏSİNİN HƏLLİNDƏ GÖZLƏNTİLƏRİMİZ...

    Turan RZAYEV,

    Qərbi Kaspi Universitetinin Siyasi və İctimai Elmlər fakültəsinin 4-cü kurs

    tələbəsi

    Azərbaycan – İtaliya əlaqələri olduqca sağlam təməllərə dayanır. Bakıdan 55

    kilometr məsafədə yerləşən Qobustan ərazisindəki qayalar üzərindəki qədim latın

    yazıları Roma imperiyası legionlarının hələ uzaq keçmişdə Azərbaycan ərazisində

    olduqlarını sübut edir.

    Orta əsrlərdə İtaliyadan Azərbaycana çoxlu sayda səyyahlar gəlmişlər. Onların

    arasında Marko Polonu xüsusilə qeyd etmək olar. XVI-XVIII əsrlərdə Səfəvilər dövləti

    ilə Venesiya Respublikası arasında intensiv diplomatik və iqtisadi əlaqələr mövcud

    olub. 1549-cu ildə Romada Nəsrəddin Tusinin "Təhriri-öqlidis" ("Evklid Başlanğıcının

    təfsiri")" əsərinin latın dilində tərcüməsi çap edilib.

    1918-1920-ci illərdə Azərbaycan Demokratik Respublikası ilə İtaliya arasında

    diplomatik münasibətlər mövcud olub və İtaliya Bakıda konsulluğunu açıb.

    Siyasi əlaqələr: 1 yanvar 1992-ci il tarixdə İtaliya Azərbaycanın müstəqilliyini

    tanıyıb. İki dövlət arasında diplomatik münasibətlər 8 may 1992-ci ildə yaradılıb.

    İtaliya Cənubi Qafqaz respublikalarındakı ilk səfirliyini 1997-ci ildə Azərbaycanda

    açıb. Azərbaycanın İtaliyadakı səfirliyi isə 2003-cü ildən fəaliyyət göstərir.

  • Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün

    1992-ci ilin martında yaradılmış ATƏT-in Minsk qrupunun ilk sədri italyan olub.

    25-28 sentyabr 1997-ci il tarixdə Prezident Heydər Əliyevin İtaliyaya ilk rəsmi

    səfəri dövlətlər arasında bütün sahələrdə münasibətlərin inkişaf etdirilməsi üçün

    əhəmiyyətli addım olub. Həmin səfər zamanı Heydər Əliyev İtaliyanın prezidenti, baş

    naziri və digər hakimiyyət nümayəndələri ilə görüşüb. Onlar Azərbaycan Prezidenti ilə

    söhbət zamanı Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə ədalətli həllinə və

    Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsinə tərəfdar olduqlarını bildiriblər.

    1998-2003-cü illərdə İtaliyanın müxtəlif dövlət orqanlarının təmsilçiləri

    Azərbaycana səfər ediblər. Tərəflər arasında aparılan danışıqlar və müzakirələr

    nəticəsində bir çox sahələrdə tərəfdaşlıq məqsədilə müqavilələr bağlanıb.

    24-26 fevral 2005-ci il tarixdə İtaliyanın prezidenti Adzelyo Çampinin dəvəti ilə

    Prezident İlham Əliyev İtaliyada rəsmi səfərdə olub. Adzelyo Çampi İlham Əliyevlə

    görüşündə Dağlıq Qarabağ münaqişəsinə toxunaraq, vaxtilə İtaliyanın da belə

    problemlə qarşılaşdığını və bu təcrübədən istifadə edərək, Azərbaycana kömək

    göstərməyə hazır olduqlarını bildirib. ATƏT-in Minsk qrupunun vasitəçilik səylərinin

    hələ bir nəticə vermədiyini xatırladan Prezident Adzelyo Çampi bildirib ki, İtaliya

    Minsk qrupunun fəaliyyətinin gücləndirilməsi üçün köməyini əsirgəməyəcəkdir.

    Prezident İlham Əliyev Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün ağır

    nəticələrindən, münaqişənin ATƏT-in Minsk qrupu çərçivəsində sülh yolu ilə aradan

    qaldırılması sahəsində aparılan danışıqlardan bəhs edib, problemin beynəlxalq hüquq

    normaları əsasında həll edilməsinin vacibliyini vurğulayıb.

    Azərbaycan Prezidenti İlham Əliyev daha sonra 25-26 noyabr 2008-ci il tarixdə

    İtaliyanın Baş naziri Silvio Berluskoninin dəvəti ilə İtaliyada növbəti rəsmi səfərdə

    olub. Səfər çərçivəsində Prezident Silvio Berluskoni və digər dövlət rəsmiləri ilə

    görüşüb. Görüşlərdə İtaliya – Azərbaycan əməkdaşlığının perspektivləri müzakirə

    edilib. İlham Əliyev İtaliyanın "Rai international" telekanalına müsahibə verib, Dağlıq

  • Qarabağ münaqişəsindən və Azərbaycanın Avropanın enerji təhlükəsizliyi siyasətində

    rolundan danışıb.

    İqtisadi münasibətlər: Azərbaycandan xam neft və neft məhsullarının ixracının

    istiqamətləndiyi əsas ölkə kimi İtaliya ölkəmizin ən iri ticarət partnyoruna çevrilib. İki

    ölkə arasında ticarət dövriyyəsinin əsasını Azərbaycanın ixracatı təşkil edir. Statistik

    məlumatlara əsasən, 2003-cü ildən bəri Azərbaycan ixracatının 51,9%-i İtaliyaya

    istiqamətlənib. İtaliyadan Azərbaycana isə daha çox neft sektoru üçün borular, tütün,

    dəri məmulatlar, mebel ixrac edilir.

    İtaliyanın işgüzar dairələri Azərbaycanda böyük məbləğdə sərmayələr qoyur,

    həyata keçirilən bir sıra beynəlxalq əhəmiyyətli layihələrdə iştirak edirlər.

    Heydər Əliyevin İtaliyaya ilk rəsmi səfəri iqtisadi münasibətlərin inkişafında

    xüsusi rol oynayıb. Bu səfər nəticəsində bağlanan "İqtisadi əməkdaşlıq haqqında Birgə

    Bəyanat", "İnvestisiyaların qorunması və həvəsləndirilməsi haqqında müqavilə" iki

    ölkə arasında iqtisadi münasibətlərin inkişafında xüsusi rol oynayıb. Səfər zamanı bu

  • sazişlərdən başqa, Azərbaycan Dövlət Neft Şirkəti və İtaliyanın "Eni-Acip" şirkəti

    arasında "Kürdaşı" blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında"

    sazişin əsas kommersiya prinsipləri və müddəaları barədə sənəd imzalanıb.

    24-25 noyabr 2004-cü il tarixdə İtaliya xarici işlər nazirinin müavini M.Boniver

    Azərbaycanda səfərdə olub. 25 noyabr 2004-cü il tarixdə "Azərbaycan Respublikası və

    İtaliya Respublikası arasında iqtisadi münasibətlər üzrə Məşvərət Forumu haqqında

    birgə Bəyannamə" imzalanıb.

    8 fevral 2007-ci il tarixdə İtaliyanın Avropa siyasəti və beynəlxalq ticarət üzrə

    nazirinin müavini Milos Budin Bakıda səfərdə olub. Səfər zamanı Xarici İşlər və

    İqtisadi İnkişaf nazirliklərində, Milli Bank, eləcə də kommersiya banklarında iki ölkə

    arasında iqtisadi münasibətlərin daha da inkişaf etdirilməsi üçün bir sıra məsələlərə dair

    müzakirələr keçirilib. İlham Əliyev Milos Budinlə görüşündə bildirib ki, Azərbaycan

    iqtisadiyyatı dünyada ən yüksək sürətlə inkişaf edir və burada böyük investisiyalar tələb

    edən layihələr həyata keçirilir. Miloş Budin isə öz növbəsində Azərbaycanın regionda

    və beynəlxalq siyasətdə gündən günə artan rolunun İtaliya şirkətlərinin Azərbaycana

    olan marağını artırdığını bildirib.

    11-22 dekabr 2007-ci il tarixdə İtaliyanın iqtisadi inkisaf naziri Pierluici Bersani

    Azərbaycanda səfərdə olub. Səfər zamanı Pierluici Bersani Azərbaycan

    Respublikasının Prezidenti İlham Əliyev, energetika və sənaye naziri və iqtisadi inkisaf

    naziri ilə görüşüb. Səfər nəticəsində iqtisadi inkişaf nazirləri "Azərbaycan və İtaliya

    arasında təbii qaz sektorunda əməkdaşlığa dair" saziş imzalayıblar.

    Mədəni əlaqələr: Azərbaycan və İtaliya arasında mədəni əlaqələrin böyük tarixi

    var. XIX əsrin sonu – XX əsrin əvvəllərində Bakıda italyan arxitektorları tərəfindən

    müxtəlif binalar tikilib. Dante və Petrarkinin əsərləri Azərbaycan dilinə tərcümə

    edilərək kütləvi sayda nəşr olunub. Məşhur azərbaycanlı müğənnilər – Şövkət

    Məmmədova, Bülbül, Müslüm Maqomayev, Azər Zeynalov opera ifaçılığı sənətinin

    əsaslarına İtaliyada yiyələniblər.

  • Heydər Əliyevin ilk rəsmi səfəri zamanı – 25 sentyabr 1997-ci ildə Romada

    Azərbaycan Respublikası və İtaliya Respublikası hökumətləri arasında mədəniyyət,

    elm və texnologiya sahəsində Birgə Bəyannamə, 1 iyun 2002-ci il tarixində isə Bakıda

    Azərbaycan Respublikası və İtaliya Respublikası hökumətləri arasında "Mədəniyyət,

    elm və texnologiya sahəsində əməkdaşlıq haqqında" saziş imzalanıb.

    19 dekabr 2006-cı il tarixində Azərbaycan Respublikasının İtaliyadakı səfirliyi

    Roma şəhər meriyasının patronajlığı, İtaliya Respublikası Xarici İşlər Nazirliyi və

    "Associazione II Tempietto" təşkilatının əməkdaşlığı ilə Romanın məşhur "Sala

    Umberto" teatrında Azərbaycan incəsənət ustalarının konsertini təşkil edib.

    11 dekabr 2006-cı il tarixində İtaliyanın Peruca şəhərindəki Əcnəbilər

    Universitetində Azərbaycan Respublikasının İtaliyadakı səfirliyi və İtaliya –

    Azərbaycan Dostluq Assosiasiyası tərəfindən Dünya Azərbaycanlılarının Həmrəylik

    Gününə həsr edilmiş "Azərbaycan – İpək Yolu üzərində Qədim Torpaq" adlı tədbir

    keçirilib.

    İtaliya Azərbaycana ən çox humanitar yardım göstərən dövlətlər sırasındadır.

    Azərbaycanla İtaliya arasında 1 iyun 2005-ci il tarixində imzalanmış “Humanitar

    yardım göstərilməsinə dair” saziş Azərbaycanda məskunlaşmış qaçqın və məcburi

    köçkünlərin çətin vəziyyətinin yüngülləşdirilməsinə yönəldilib. Bundan əlavə, İtaliya

    hökuməti Azərbaycanda fəaliyyət göstərən bir sıra tibbi-sosial yönümlü müəssisələrə

    yardım göstərib.

    ATƏT-in sədrliyi artıq İtaliyaya keçib. Təbii olaraq Azərbaycan ictimaiyyətində

    belə bir sual yaranıb: İtaliyadan nəsə gözləmək olarmı? İtaliyanın sədrliyi müddətində

    bizi nə gözləyir? Bunun Dağlıq Qarabağ münaqişəsinin həllinə təsiri olacaqmı?

    Hələ 2017-ci ildə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov İtaliyaya

    səfəri zamanı ATƏT-də dövr başçısı olacaq İtaliyanın Dağlıq Qarabağ probleminin

    həlli üçün mümkün olanı edəcəyinə inancını dilə gətirmişdi. Bir necə gün öncə isə

    İtaliya ilə Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının 25-ci ildönümü

    münasibətilə bu ölkəyə rəsmi səfərdə olan Məmmədyarov İtaliyadakı həmkarı ilə

  • görüşdü. İki nazirin görüşündə siyasət, iqtisadiyyat, elm, mədəniyyət və texnologiya

    sahələrində əlaqələr, “Trans-Adriatik” (TAP) təbii qaz boru kəməri layihəsi, beynəlxalq

    məsələlər və Azərbaycan – AB əlaqələri müzakirə edildi. Görüşdən sonra açıqlama

    verən ev sahibi nazir Ancelino Alfano Azərbaycanla İtaliyanın ikitərəfli əlaqələrinin

    son dərəcə yaxşı olduğunu ifadə edərək, "İtaliya təbii qaz və neft kimi xam maddələrdə

    Bakının ənənəvi müştərisi mövqeyindədir" cümləsini işlətdi və Türkiyə – Yunanıstan

    sərhədindən İtaliyaya çatacaq TAP-ın əhəmiyyətindən danışdı.

    Azərbaycanın xarici işlər naziri Məmmədyarov Dağlıq Qarabağ məsələsinin həlli

    mövzusuna toxunaraq, “İtaliya 2018-ci ildə ATƏT-ə sədrliyi dövründə Dağlıq Qarabağ

    probleminin həlli üçün mümkün olan nə isə onu edəcək” ifadəsini dilə gətirdi.

    Rəsmilərin görüşü zamanı tərəflərin bir-birinə isti münasibətlərindən görünür ki, rəsmi

    Bakının İtaliyanın ATƏT-ə sədrliyindən gözləntiləri var.

    Buna baxmayaraq, İtaliyanın Dağlıq Qarabağ münaqişəsinin həllində önəmli

    addımlar atacağına ehtiyatla yanaşıram. İlk öncə, İtaliyanın xarici siyasətdəki nüfuzuna

    baxsaq görərik ki, bu ölkə nə Avropa İttifaqında, nə də dünya siyasətində önəmli söz

    sahibidir. İstər birinci, istərsə də ikinci dünya muharibələrindən sonra İtaliya dünya

    siyasətində önəmli heç nə ilə yadda qalmayıb. Ehtimal ki, Dağlıq Qarabağ

    münaqişəsinin həllində də İtaliya önəmli addımlarla yadda qalmayacaq. Bu gün

    İtaliyada erməni lobbisi Fransadakı qədər güclü olmasa da önəmli rola malikdir. Son

    illərdə erməni lobbisinin artan fəaliyyəti nəticəsində Avropa İttifaqında 40-dan çox

    şəhər və vilayət bu günə qədər sözdə soyqırımı tanıyıb. Digər ölkələrdə də erməni

    lobbisinin uğurları var. Bu ölkələr Fransa, İtaliya, İngiltərə, Yunanıstan, Belçika,

    Hollandiya, İsveç, Livan, Rusiya, Kipr, Kanada və Argentinadır.

    İtaliyanın “erməni soyqırımını” tanıması onun ATƏT-də fəaliyyəti dövründə

    münaqisənin həllində Azərbaycanın xeyrinə heç də səsləndirdikləri kimi ciddi bir

    addım atacağına dəlalət etmir. Ancaq bu o demək deyil ki, İtaliya tərəfsizliyini pozacaq

    və Azərbaycanın maraqlarını nəzərə almayacaq. İtaliya ATƏT sədri kimi bütün

    tərəflərdən eyni məsafədə dayanacaq. Əslində İtaliyanın özü separatizmin əleyhinə

  • olmalıdır. Çünki bu ölkənin özü də eyni problemdən əziyyət çəkir. İtaliyanın

    Lombardiya və Venetsiya vilayətlərində muxtariyyət istəkləri illərdir səsləndirilir.

    Bundan başqa, İtaliyanın şimalı da əlavə səlahiyyətlər istəyir və kasıb cənubu

    dolandırmaq istəmir. Bu baxımdan məntiqlə İtaliya separatizmlə mübarizə aparan

    Azərbaycanı daha yaxşı anlamalıdır. Ancaq Romanın Dağlıq Qarabağdakı erməni

    separatizmini ortadan qaldıracağını gözləmək əbəsdir. Ortada Rusiya var. Bu ölkə

    işğalçı Ermənistanı himayə edir. Kreml başqa bir dövlətin Dağlıq Qarabağ

    münaqişəsiylə məşğul olmasını istəmir. İtaliya Dağlıq Qarabağ münaqişəsində

    mümkün fəallığa görə Rusiya ilə üz-üzə gəlmək istəmir. Digər tərəfdən, Avropa

    dövlətləri içərisində Rusiyaya yaxın olanı da elə İtaliyadır. Məhz bu ölkə Krımın

    işğalına görə Rusiyaya qarşı tətbiq edilən sanksiyaların ortadan qaldırılmasını istəyir.

    TÜRKİYƏ BÖLGƏNİN ƏSAS AKTORUNA ÇEVRİLİB

    Yadigar NAĞIYEV,

    Qərbi Kaspi Universitetinin Siyasi və İctimai Elmlər fakültəsinin

    3-cü kurs tələbəsi

    Son dövrlərdə dünyada yaranan problemlərin, amerikalı alim Samuel

    Hantinqtonun “Sivilizasiyaların Toqquşması” əsərində qeyd etdiyi kimi, dinlərarası və

    etniklərarası münaqişə olduğunu az-çox görürük. Bəs bu halın açıq-aydın göründüyü

    halda niyə İslam dünyası bu qədər passivdir, hadisələrə ciddi reaksiya verə bilmir?

    Bir qədər tarixə nəzərə yetirməyə ehtiyac var. Hər birimiz Səlahəttin Əyyubini və

    onun səlibçilərlə uzun müddətli mübarizəsini, bu yürüşlərin nə üçün və nə səbəbə

    olduğunuda bilirik. Rəsmi olaraq Qüds şəhərinin xristianlar üçün xüsusi məkan olduğu

    vurğulansa da səlibçilərin fərqli məqsədləri olub:

    - Ərazilərin müdafiəsini zəiflətmək;

    - Gələcəkdə liman şəhərlər vasitəsi ilə ticarət karvanlarını öz əllərinə

    keçirmək.

  • Bunu həyata keçirmək üçün sadəcə onlara teologiya lazım idi. Ancaq hər qarətçi

    yürüşlərdə məğlub olur və hər səfərdə hücumları daha da gücləndirirdilər. Əslində bu

    fikir də səhvdir. Səlibçilər əslində heç də məğlub olmurdu, çünki hər hücumlarında

    onlar yeni-yeni müdafiə məlumatları əldə edir və əraziyə sivil formada öz agentlərini

    salırdılar. Məhz bunlar gələcəkdə bu ərazinin zəifləməsinə və yeni dinlərarası

    konfliktlərin yaranmasına səbəb olacaqdı.

    Daha sonralar bu ərazilərin idarəçiliyi Osmanlı imperiyasının əlinə keçdi. Osmanlı

    işğal etdiyi ərazilərdə həqiqətən də güclü multikultural siyasət aparırdı. İstər xristianlar,

    istərsə də yəhudilər Osmanlı sultanlarına sadiqlik göstərirdilər. Çünki sultanlar onların

    iqtisadiyyat işlərini və həyat səviyyələrini müdafiə edib, dəstəkləyirdi. Xüsusilə II

    Əbdülhəmid dövrü öz rəngarəngliyi ilə seçilirdi.

    Ancaq bu, hər bəlanın bitdiyi demək deyldi. Britaniya krallığı öz müstəmləkəçilik

    siyasətini davam etdirir, xristian və yəhudi icmalarını pulla ələ alırdı. Krallıq

    Osmanlının İraq, Suriya və Misirdə neft quyularını istismar etməsini əngəlləmək

    istəyirdi. Əgər bu hal əngəllənməmiş olsaydı, o zaman Osmanlı imperiyası maliyyə

    böhranından çıxar və inflyasiya səviyyəsini bərpa edərdi. Bu isə heç bir Avropa

    dövlətinin marağında deyldi. Hətta yəhudilərin fikir lideri Theodor Herzl II

    Əbdülhəmidə Osmanlı imperiyasının bütün borclarını bağlayacağı təqdirdə, Fələstin

    torpaqlarının yəhudilərə verilməsini təklif etmişdi. Ancaq Osmanlı sultanı bu təklifi

    rədd etmişdi.

    II Əbdülhəmid devrildikdən sonra zəifləyən sistem və başlayan I Dünya

    müharibəsi Osmanlı imperiyasını param-parça etdi. Parçalanan torpaqlarda isə yeni və

    zəif dövlətlər yarandı. 1919-1922-ci illərdə Türkiyədə Qurtuluş müharibəsi bitdikdən

    sonra Mustafa Kamal tərəfindən 1923-cü ildə Türkiyə Cümhuriyyəti elan edildi.

    Türkiyə ilə yanaşı, digər yeni yaranan dövlətlərdən bəziləri azadlıq əldə etsə də,

    əksəriyyəti müstəmləkəçilik siyasətinin təsirində idi.

    II Dünya müharibəsinin baş verməsi ilə I Dünya müharibəsində yeni yaranan

    dövlətlər ya gücləndi, ya da parçalanaraq bir neçə dövlətin yaranmasına səbəb oldu.

  • 1945-ci ildə BMT-nin yaranması ilə dövlətlər arasında əlaqələr qurularaq müharibə

    riski sıfıra endirilməli idi. Bu dövrdən etibarən yaranan ikiqütblü sistem dünya

    dövlətlərini iki yerə ayırdı, regionda qarşıdurmalar daha da şiddətləndi. Bu

    qarşıdurmalar daha çox dini və ya etnik zəmində baş verirdi ki, bu prosesə dövlətlər

    qoşula bilmirdi. Ən çox problem özünü müsəlman dövlətlərində göstərirdi. Bundan da

    bəzi xristian dövlətləri öz məqsədləri üçün istifadə edirdilər.

    1990-cı illərin əvvəllərində SSRİ süqut etdi. Bu illərdə Türkiyədə də hökumət

    böhranı yaşanırdı. Türkiyə bu böhrandan hakimiyyət dəyişikliyi ilə çıxa bildi. Ədalət

    və İnkişaf Partiyası digər partiyalardan çox fərqlənirdi. İslam dininin güclənməsi və

    müsəlman ölkələrinin sıx inteqrasiyasını qarşılarına məqsəd qoymuşdular. Siyasi

    yasağı olan Rəcəb Tayyip Ərdoğan partiyasının başında olsa da, Konstitusiya

    qaydalarına əsasən prezident seçilə bilməzdi və buna görə də uzun illər baş nazir kimi

    fəaliyyət göstərdi. Nəhayət, 2014-cü ildə Türkiyə Respublikasının prezidenti seçildi.

    Yenidənqurmalarla iqtisadiyyatını gücləndirən və öz istehsalı olan silahlarla hərbi

    müdafiəsini formalaşdıran Türkiyə regionda hərbi cəhətdən güclü aktor olmağa başladı.

    Dini fərqliliyi, qarşısına qoyduğu İslam dövlətlərinin birliyi və İslam dövlətlərinə

    dəstək məqsədi həqiqətən də Türkiyəni dini cəhətdən ön plana çıxardı. Türkiyə həm

    dövlətin daxilindəki terror birləşmələri ilə mübarizə aparır, həm də bölgədəki mövcud

    terror birləşmələrinə ağır zərbələr endirir.

  • Türkiyə Suriyadakı münaqişəyə ilk əvvəl neytral yanaşırdı. Sonralar sərhədyanı

    bölgələrdə təhlükənin artdığını görərək, koalisiya qüvvələri ilə birgə DAEŞ əleyhinə

    əməliyyatlara başladı. Beləliklə, Türkiyə Suriya məsələsində aktiv aktora çevrildi.

    Ankara Şimali İraqda kürdlərin referendum qərarını da neytrallaşdırmağa müvəffəq

    oldu. Əks halda, bu referendum bölgədə dağıdıcı xüsusiyyətə malik olacaqdı.

    Ankaranın Qüdslə bağlı fəallığı da zərurətdən irəli gəlirdi. 5 dekabr 2017-ci il

    tarixində ABŞ prezidenti Donald Trampın Qüds şəhərini İsrailin paytaxtı kimi tanıması

    və Amerika səfirliyinin buraya köçürülməsi müsəlman dövlətləri üçün xaosdan başqa

    heç nə deyldi. Ancaq bütün bunlar bir günün içində alınan qərarlar və çıxışlar deyildi.

    Hiss olunurdu ki, Vaşinqton öncə bəzi ərəb dövlətləri ilə məsləhətləşmələr aparıb.

    Məsələn, Qüdsün İsrailin paytaxtı elan olunmasına Misir, Səudiyyə Ərəbistanı və

    Birləşmiş Ərəb Əmirliklərindən kəskin reaksiyalar eşidilmədi. Bu dövlətlərin liderləri

    İslam Əməkdaşlıq Təşkilatının İstanbulda keçirilən zirvə toplantısına da qatılmadılar.

    Türkiyə ənənəvi olaraq İslam dünyasını birləşdirmək və həmrəylik yaratmaq üçün

    fəaliyyətini genişləndirdi, dövlətləri bir araya toplayıb Fələstinə həmrəylik nümayiş

    etdirdi. Buna baxmayaraq, İslam aləmində həmrəyliyə nail olmağa hələ çox var.

  • Həmrəylik nümunəsini Türkiyə göstərir və buna görə də Türkiyə hazırda İslam

    aləminin əsas həmrəylik qalasına çevrilib.

    Bu arada, Ankara Avropa istiqamətində də fəallaşıb. Buna misal olaraq, Türkiyə

    prezidentinin bu il yanvarın 5-də Fransaya rəsmi səfərini göstərə bilərik. Prezidentlər

    Parisdə ikitərəfli münasibətləri müzakirə etdilər. Görüşdə müzakirə olunan mövzular

    içərisində Türkiyənin Avropa Birliyinə üzvlüyünə əngəllər və regiondakı terrora qarşı

    birgə mübarizə də var idi.

    Görüşdə Rəcəb Tayyip Ərdoğana ünvanlanan suallar sərtliyi ilə seçilirdi. Fransa

    prezidenti Emmanuel Makron mətbuat konfransında bunları dedi: “Dialoqumuz davam

    edir. Türkiyə ilə terrorla mübarizədə nümunə ola biləcək əməkdaşlığımız var.

    Terrorizmlə birlikdə mübarizə aparmağa davam edəcəyik. Bunu güclü dairələr

    çərçivəsində edəcəyik. Raketdən müdafiə razılaşması imzaladıq. İmzaladığımız təyyarə

    satışı ilə bağlı razılaşma da əhəmiyyətlidir. Sinop nüvə stansiyasından, Yaxın Şərqdən

    danışdıq. Fələstin məsələsində mövqelərimiz oxşardır. Qüds hər iki dövlətin paytaxtı

    olmalıdır. Biz PKK-ya qarşı mübarizə aparırıq, PKK terror təşkilatıdır. Biz DAEŞ və

    digər təşkilatlarla mübarizə aparmağa davam edəcəyik. DAEŞ-dən sonra Suriyada sülh

    və sabitlik təmin edilməlidir. Suriya yol xəritəsində birlikdə çalışmaq istəyirik”.

    Fikrimcə, bu çıxışı ilə Makron ilk olaraq, Ərdoğanın gözündə güvənilə biləcək

    prezident imici yaratmaq istəyirdi. Makron açıq şəkildə PKK-nı terror təşkilatı

    adlandıraraq ona qarşı Türkiyəylə birgə mübarizə aparmaq istədiyini qeyd etdi.

    Bununla yanaşı, Fransanın Türkiyə kimi Suriyadakı problemlərin həllində maraqlı

    olduğunu gördük.

    Fransa hazırda Türkiyənin Avropa Birliyinə üzvlüyünə real baxmır. Bunu

    Makronun suallara cavabından da aydınlaşdırmaq olardı. Buna baxmayaraq, Paris

    Türkiyənin Avropa Birliyi ilə sıx dialoqunun davamında maraqlıdır. Digər tərəfdən,

    Makron Fransa – Türkiyə iqtisadi əlaqələrinin inkişafında maraqlıdır. İki dövlət

    arasındakı əlaqələrin tarixi 500 ildir və bu əlaqələri qorumaq lazımdır. Türkiyənin özü

  • də Fransa ilə əlaqələrdə problem yaşamaq istəmir. Çünki Türkiyə ilə AB ölkələri

    arasında əlaqələr çox yaxşı deyl. Türkiyə prezidenti iki ölkə arasındakı ticarət

    mübadiləsinin həcmini 20 milyard avroya çatdırmağı hədəf qoyub. Bu baxımdan “Türk

    Hava Yolları” ilə “Airbus” arasındakı razılaşma çox əhəmiyyətlidir.

    Rəcəb Tayyip Ərdoğanın Avropa Birliyi ilə yanaşması qətidir: “Təəssüf ki, 54

    ildir bizi qapıda gözlətdirirlər. Fransa AB-nin əhəmiyyətli nümayəndəsidir. Türkiyə

    kimi başqa bir ölkə AB içində yoxdur. Avropa Birliyinin Türkiyəyə qarşı tələbləri daim

    artır. Bu, ədalətli yanaşma deyil”.

    Fikrimcə, Ərdoğan Avropa Birliyi ilə Türkiyə arasında qırılma nöqtəsini iqtisadi

    müqavilələrlə stabilləşdirmək istəyir. Fransa isə, sadəcə, bu oyunun ilk oyunçusudur.

    Paris də siyasətdə fərqli baxışları arxa plana alaraq, Türkiyə ilə iqtisadi münasibətləri

    inkişaf etdirməkdə maraqlıdır.

  • AZƏRBAYCANIN İŞĞAL ALTINDAKI TORPAQLARI

    İSTƏNİLƏN YOLLA GERİ QAYTARMAQ HÜQUQU VAR

    Sevda MƏMMƏDOVA,

    Qərbi Kaspi Universitetinin Siyasi və İctimai Elmlər fakültəsinin

    3-cü kurs tələbəsi

    Azərbaycanın 20 faiz ərazisi – Dağlıq Qarabağ və ona bitişik 7 rayon 25 ildən

    artıqdır Ermənistanın işğal altındadır. İşğal nəticəsində 1 milyondan çox qaçqınımız

    var. Aydındır ki, Azərbaycan hakimiyyəti və cəmiyyəti bu vəziyyətlə heç bir zaman

    razılaşmayacaq və vəziyyəti köklü surətdə dəyişmək üçün bütün alətlərdən istifadə edib

    və edəcək. Beynəlxalq hüquq normalarına əsasən, Azərbaycan nəinki özünü müdafiə

    etmək, eyni zamanda işğal edilmiş ərazilərini azad etmək hüququna sahibdir.

    Əslində işğal altında olan əraziləri Ermənistan kimi zəif bir dövlətdən geri

    qaytarmaq Azərbaycan kimi inkişaf etməkdə olan dövlət üçün heç də çətin məsələ

    deyildir ki, aprel döyüşləri bunun bariz nümunəsidir. Ancaq nəzərə almaq lazımdır ki,

    Ermənistan aysberqin sadəcə görünən hissəsidir və nə qədər rəsmi qəbul edilməmiş olsa

    da, onun arxasında SSRİ kimi bir imperiyanın varisi olan Rusiya dayanır. Və hələ 1991-

    1993- cü illərdə bu münaqişə başlayan zaman Ermənistan Rusiya ordusunun yardımı

    ilə bu əraziləri ələ keçirib. Rusiya Ermənistan vasitəsilə və Dağlıq Qarabağ separatçıları

    üzərindən bir növ Azərbaycana təsir etmək imkanı qazanır ki, bu səbəbdən də

    Ermənistanı “agent” dövlət adlandırmaq mümkündür.

    Geniş çərçivədə nəzər saldıqda görə bilərik ki, istər Rusiya, istərsə də digər

    hegemonluğa namizəd dövlətlərin Dağlıq Qarabağ münaqişəsinin həllində heç bir

    marağı yoxdur. Münaqişənin həll olunmaması Rusiyanın bölgədə təsir gücünün

    zəifləməsi deməkdir. Bu da Kremlin maraqlarına cavab vermir. Rusiyadakı müəyyən

    mərkəzlər imperiya düşüncəsindən qurtulmayıblar. Buna görə də həmin mərkəzlər

    Azərbaycanın Ermənistan üzərində hərbi qələbəsində maraqlı deyil.

  • Bir müddət öncə Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin geri çağırıldı

    və onun yerinə Georgi Zuyev adında diplomat təyin olunmalı idi. Moskvanın müxtəlif

    ölkələrdə separatizmi dəstəkləyən Zuyevi Bakıya səfir təyin etməkdə məqsədi

    Azərbaycanda daha sərt siyasət yürütmək istəyi ilə bağlı idi. Rəsmi Bakı obyektiv

    səbəblərdən bu təyinata etiraz etdi. Rusiyanın təzyiq imkanları nə qədər geniş olsa da,

    rəsmi Bakının mövqeyini nəzərə almaq məcburiyyətində qaldı. Geri çağırılan səfir

    Vladimir Doroxinin yaydığı müraciətdə belə bir abzas diqqəti çəkirdi: “Rusiya və

    Azərbaycan miqyas, mentalitet və mədəniyyət baxımından müxtəlif ölkələrdir. Bir sıra

    məsələlərdə biz fərqli siyasi maraqlara malikik”.

    Burada səfir bir növ sətiraltı geri çağırılmanın səbəbini izah etmiş və güclü təsir

    yarada biləcək səfirin göndərilməsi fikrinin mövcudluğunu bildirmişdir. Ancaq səfir

    təyinatı qərarını Moskva versə də, kimlik məsələsində Bakının təsdiqi lazımdır.

    Digər həmsədr ölkə – Fransanın Azərbaycandakı səfiri Aurelia Buşez Fransanın

    ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi olduğunu xatırladıb: "Fransa digər həmsədr

    ölkələrlə birlikdə münaqişənin danışıqlar yolu ilə həlli və davamlı sülhün əldə olunması

    istiqamətində bundan sonra da işləyəcək". ATƏT-də həmsədrlik institutu 1998-ci ildə

  • yaradılıb və ABŞ, Fransa, Rusiya həmsədr ölkələr kimi çıxış etməsinə baxmayaq,

    münaqişənin həllində heç bir ciddi addım atılmayıb. Bundan əlavə, Fransa “erməni

    soyqırımını” tanıyan dövlətdir. Belə olduğu halda nə Rusiyanın, nə də Fransanın Dağlıq

    Qarabağ münaqişəsinin Azərbaycanın xeyrinə həll olunmasına tərəfdar olduğunu görə

    bilərik. ABŞ isə hər zamankı kimi dünya üzərində hegemonluq istəyini əldən

    verməyərək bu məsələni də nəzarətində saxlayır.

    Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın xeyrinə həllində daha çox Türkiyə

    maraqlıdır. Əslində burada Rusiya ilə Türkiyənin maraqları toqquşmaqdadır. Bölgənin

    enerji resursları və boru xətləri Türkiyəyə uzanır. Demək, Ankaranın fəallığı tək elə bu

    səbəbdən başa düşüləndir. Ancaq Ərdoğan da münaqişənin həllində Rusiyanın geniş

    imkanlarını bu sözlərlə etiraf edir: “Dağlıq Qarabağ münaqişəsinin həlli Putindən

    asılıdır”.

    Bəli, münaqişənin həlli Rusiyadan çox asılıdır. Ancaq Rusiya hərəkət

    etməyəcəksə, bu o demək deyil ki, Azərbaycan hərəkətsiz qalmalıdır. Azərbaycan öz

    hərbi gücünü gün-gündən artırmaqdadır və bu amil Ermənistana təzyiqin artırılmasını

    şərtləndirir. Ermənistan silahlı qüvvələrinin keçirdiyi təlimlər isə demək olar ki,

    müdafiə xarakteri daşımaqdadır. Məqsəd mövcud status-kvonu qorumaqdır.

    Ermənistan hər hansı hərəkətə kecmək üçün özbaşına qərar verə bilməyəcək, asılı

    olduğu Rusiyanın əmrləri ilə hərəkət edəcək. Ancaq Azərbaycan heç kimdən əmr

    almadan da hərəkət edə bilər.

  • UKRAYNA SƏFİRİ: “DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİ

    AZƏRBAYCANIN ƏRAZİ BÜTÖVLÜYÜ ÇƏRÇİVƏSİNDƏ HƏLL

    OLUNMALIDIR”

    2017-ci il noyabrın 24-də Qərbi Kaspi Universitetində Ukraynanın

    Azərbaycandakı səfiri Aleksandr Mişşenko ilə görüş keçirildi.

    Universitetin Tətbiqi Politologiya Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Mərkəzdə

    tələbələrin iştirakı ilə aparılan ənənəvi tədqiqatlarda bu həftə Ukrayna – Azərbaycan

    münasibətlərinin nəzərdən keçirildiyini diqqətə çatdırdı və Ukrayna səfiri ilə görüşün

    politologiya ixtisası üzrə təhsil alan tələbələr üçün əhəmiyyətini qeyd etdi.

  • Səfir Aleksandr Mişşenko iki ölkə arasında əlaqələrin tarixi barədə danışdı,

    Ukrayna-Azərbaycan münasibətlərinin bugünkü vəziyyətini şərh etdi. Bildirildi ki, bu

    gün bu əlaqələr sürətlə inkişaf edir və regional miqyasda olduqca mühüm, strateji

    əhəmiyyət kəsb edir. Bir gün öncə iki ölkənin dövlət başçılarının görüşünü xatırladan

    səfir Mişşenko qeyd etdi ki, siyasi məsələlərdə bir-birinə daim dəstək verən Azərbaycan

    və Ukrayna həm də iqtisadi tərəfdaşdır: "Azərbaycanın Ukraynaya ixracatı artırması

    iqtisadi əməkdaşlığın daha bir yaxşı göstəricisidir” – deyə səfir bildirdi.

    Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Ukraynanın Azərbaycanın ərazi bütövlüyünü

    dəstəklədiyini xatırladan qonaq vurğuladı ki, bu cür konfliktlər beynəlxalq hüquq

    normaları əsasında – dövlətlərin ərazi bütövlüyü çərçivəsində həllini tapmalıdır.

    Daha sonra səfir tələbələri maraqlandıran sualları cavablandırdı, onlarla fikir

    mübadiləsi apardı.

  • SEPARATÇILIĞA KƏNAR DƏSTƏK OLMAZSA, MÜNAQİŞƏLƏR

    TEZ HƏLL OLUNAR

    Ukrayna ordusunun yaranmasının 26 illiyi ilə bağlı dekabrın 6-da Bakıda “Hyatt

    Recency” otelində tədbir təşkil olundu. Tədbirə müxtəlif ölkələrin səfirləri, diplomatlar,

    hərbi attaşelər və siyasi ekspertlər dəvətli idi. Tədbirdə Qərb Kaspi Universitetinin

    politologiya müəllimi, universitetin nəzdində fəaliyyət göstərən Tətbiqi Politologiya

    Mərkəzinin rəhbəri, siyasi analitik Elxan Şahinoğlu və universitetin fəal tələbələri də

    iştirak etdilər.

  • Tədbirdə ilk çıxış edən Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişşenko

    ölkəsinin bu illərdə üzləşdiyi çətinliklərdən danışdı. Ukrayna torpaqlarının bir

    hissəsinin işğal olunduğunu vurğulayan səfir ölkəsinin ordu quruculuğuna böyük

    maliyyə ayırmaq məcburiyyətində qaldığını söylədi.

    Aleksandr Mişşenko Ukrayna ilə Azərbaycan arasındakı müttəfiqlik

    münasibətlərinin inkişaf etdiyini bu sözlərlə anlatdı: “Azərbaycan torpaqları işğal

    edildikdə Kiyev Azərbaycan torpaqlarının bütövlüyünə dəstk verdi, ancaq biz özümüz

    eyni bəla ilə üzləşməyənədək faciənin miqyasını anlamırdıq”.

    Tədbirdə çıxış edən Qərbi Kaspi Universitetinin Tətbiqi Politologiya Mərkəzinin

    rəhbəri Elxan Şahinoğlu separatçılığın təbiətcə oxşar olduğunu bildirdi: “Separatçılığa

    kənar dəstək olmasa, münaqişələri qısa müddətdə həll etmək olar. Azərbaycan və

    Ukrayna torpaqlarının işğalı ilə bağlı oxşarlıqlar çoxdur. Sizdə də, bizdə də separatçılıq

    kənardan qidalanır”.

    Elxan Şahinoğlu onu da xatırlatdı ki, dünyada separatçıların keçirdikləri

    “müstəqillik referendumları” beynəlxalq aləmdə dəstək qazanmır və buna misal olaraq

    Şimali İraq və Kataloniyada keçirilən referendumları göstərdi: “Nə Şimali İraq, nə də

    Kataloniyanın separatçı rəhbərləri keçirdikləri referendumlara hüquqi don geyindirə

    bilmədilər, heç bir dövlət onları tanımadı, əksinə, İspaniya ilə İraqın ərazi bütövlüyü

    dəstəkləndi. İspaniyanın və İraqın ərazi bütövlüyünü dəstəkləyən böyük dövlətlər

    Azərbaycanın da ərazi bütövlüyünü sözdə və əməldə dəstəkləməli, separatizmi

    pisləməlidirlər. Biz beynəlxalq aləmdən separatizmə eyni münasibət bəsləməsini

    gözləyirik”.

    Tədbirin ikinci hissəsində Qərb Kaspi Universitetinin tələbələri müzakirələrdə

    aktiv iştirak etdilər, beynəlxalq mövzularda fikirlərini bildirdilər.

  • QARABAĞ MÜNAQİŞƏSİNİN HƏLLİNDƏ İSLAM AMİLİ

    Elxan ŞAHİNOĞLU,

    Siyasi analitik, Qərbi Kaspi Universitetinin Tətbiqi Politologiya Mərkəzinin

    rəhbəri

    Azərbaycan coğrafi mövqeyinə görə Qərblə Şərq arasında körpü rolunu oynayır.

    Azərbaycan Qərbin siyasi, iqtisadi və hərbi təşkilatları ilə sıx əməkdaşlıq etdiyi kimi

    İslam aləmini əhatə edən qurumlarda da fəallığını azaltmır. Azərbaycanın İslam

    aləminin fəal üzvü olduğunu 2017-ci ildəki iki təşəbbüsü də sübut edir. 2017-ci il

    Azərbaycanda “İslam Həmrəyliyi ili” idi. Eyni zamanda, 2017-ci ildə Azərbaycanda IV

    İslam Həmrəyliyi oyunları keçirildi.

    Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) üzvüdür və bu təşkilat işğal

    altındakı torpaqların qeyd-şərtsiz azad olunması məsələsində hər zaman Azərbaycana

    dəstək verir. 2017-ci il sentyabrın 10-da Astanada İslam Əməkdaşlıq Təşkilatının elm

    və texnologiya üzrə birinci sammiti keçirildi. Azərbaycan prezidenti İlham Əliyev

    sammit çərçivəsində “XXI əsrdə elmin cəmiyyətə artan təsiri” mövzusundakı çıxışında

    belə bir cümlə işlətdi: “Azərbaycanda məscidlərimizi dağıdan Ermənistan müsəlman

    ölkələrinin dostu ola bilməz”. İlham Əliyev bu cümləsiylə bütün müsəlman ölkələrin

    Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində Azərbaycanın mövqeyini

    dəstəkləməsini istədiyinə eyham vurdu. Ancaq reallıq bir qədər fərqlidir.

  • Əlbəttə, İslam Əməkdaşlıq Təşkilatının zirvə toplantılarında Dağlıq Qarabağ

    münaqişəsiylə bağlı qətnamələr qəbul edilir. Bundan başqa, ötən il İslam Əməkdaşlıq

    Təşkilatının Türkiyədə keçirilmiş zirvə görüşündə Ermənistanın Azərbaycana qarsı

    təcavüzü ilə əlaqədar Təmas qrupu yaradıldı.

    Təəssüf ki, İslam Əməkdaşlıq Təşkilatının qətnamələri BMT qətnamələri kimi

    kağız üzərində qalıb. Ayrıca, təşkilat çərçivəsində təsis edilən təmas qrupunun

    fəaliyyəti haqqında da konkret fikir söyləmək çətindir. Bu da ondan irəli gəlir ki,

    təşkilat Azərbaycanın haqlı mövqeyi dəstəkləsə də, quruma ayrı-ayrı üzv dövlətlərin

    Cənubi Qafqazdakı proseslərə fərqli baxışları var və bu baxışlar heç də hər zaman

    Ermənistanın işğalçı siyasətinin pislənməsi anlamına gəlmir.

    Onu da nəzərə almaq lazımdır ki, İslam aləmi özü də yekcins deyil, müxtəlif

    ölkələr arasında müxtəlif ixtilaflar var və bu ixtilaflar yaxşı halda maraq mübarizəsinə,

    pis halda isə müharibələrə gətirib çıxarır. Həmrəyliyin zəifliyi ilə bağlı son nümunəyə

    də müraciət edə bilərik. Myanmarda ordu və polis terrorçularla mübarizə adı altında

    yerli müsəlman əhalisinə divan tutur. Kəndlər yandırılır, günahsız insanlar qətlə

    yetirilir, yüzminlərlə müsəlman Banqladeşə qaçır. Bu qətliam İslam aləminin müzakirə

    mövzusuna çevrildimi? Təəssüf ki, yox. Türkiyə, İran, Azərbaycan və bir neçə dövlət

    bu məsələyə diqqət yetirdi, Banqladeşdəki qaçqınlara humanitar yardım göndərdilər.

    Vəssəlam. Ona görə də Azərbaycanla İslam dünyası arasındakı münasibətlər mövzusu

    haqqında fikir yürüdərkən, müsəlman aləminə aid ölkələrin və bu ətrafdakı siyasi

    blokların ayrı-ayrılıqda Dağlıq Qarabağ münaqişəsinin həllinə baxışlarını analiz

    etməyə ehtiyac var.

    Suriya münaqişəsinin həlliylə bağlı Türkiyə – Rusiya – İran formatı uğurlu alındı.

    2017-ci ilin dekabr ayında Türkiyə – Rusiya – İran formatı Moskvada ilk toplantısını

    keçirdi. Bu, Suriya böhranı başlayandan bu yana Türkiyə, Rusiya və İran xarici işlər və

    müdafiə nazirlərinin ilk birgə görüşü idi. Rusiya və Türkiyə, o cümlədən İran Suriyada

    münaqişənin həlli məqsədilə əsas tərəfdaşlara çevriliblər və ortada praktik müsbət

    nəticələr var.

  • Gələcəkdə bu üçlü formatın Dağlıq Qarabağ münaqişəsinin həllində də

    fəallaşmasını gözləmək olarmı?

    Türkiyəli rəsmilər rusiyalı həmkarları ilə görüşlərində Qarabağ münaqişəsinin

    həlli vacibliyindən də danışırlar. Ancaq hələ ki, konkret nəticə yoxdur. Yeni formatın

    Dağlıq Qarabağ münaqişəsinin həllində ən böyük uğuru “mərhələli həll” planını

    Ermənistan hakimiyyətinə qəbul etdirməsi ola bilər. Bunun qarşılığında isə Azərbaycan

    və Türkiyə Ermənistanla münasibətləri normallaşdıracaqlarını, regional layihələrdə

    Ermənistanın iştirakına şərait yaradacaqlarını vəd edə bilərlər. Görünür, atılacaq

    addımlar Rusiya və İranın da regional maraqlarına cavab verməlidir ki, həm Moskva,

    həm də Tehran Ermənistan hakimiyyətini “mərhələli həll” planına məcbur etsinlər.

    2017-ci ilin əvvəlində Pakistan mətbuatında Azərbaycanın İslam Hərbi Alyansına

    daxil olmaq barədə qərar qəbul etdiyinə dair xəbər yayıldı. Xəbərdə deyilirdi ki,

    bununla yeni alyansa üzv olan dövlətlərin sayı 42-yə çatıb. Ancaq Azərbaycan rəsmiləri

    bu xəbərləri təkzib etdilər. Buna baxmayaraq, 2017-ci il ərzində koalisiya haqqında

    xəbərlər səngimədi. Koalisiyanın hərbi qərargahının Səudiyyə Ərəbistanının Ər-Riyad

    şəhərində yerləşdirilməsinin nəzərdə tutulduğu və bu qərargahın terrora qarşı birgə

    mübarizəni koordinasiya edəcəyinin planlaşdırıldığı bildirilirdi.

    Azərbaycanın İslam Hərbi Alyansına üzvlüyünə 3 amil mane olur.

  • Birinci amil Rusiyanın reaksiyasıdır. Rusiya NATO-nun Şərqə doğru

    genişlənməsinin əleyhinə olduğu kimi, cənub cinahında da yeni hərbi koalisiyanın

    formalaşmasında maraqlı deyil. Digər tərəfdən, yeni koalisiyada Rusiyanın müsəlman

    aləmindəki iki əsas tərəfdaşı – İran və Suriya yer almayıb. Tam əksinə, yeni

    koalisiyanın əsas rəqibləri məhz bu iki ölkə sayıla bilər.

    İkinci amil İrandır. Tehran da ilk gündən İslam Hərbi Alyansına üzvlük təklifini

    rədd edib. Səudiyyə Ərəbistanı İranın regional rəqibidir və ona görə də Tehran

    qərargahı Ər-Riyadda yerləşəcək hərbi alyansa üzvlüyü heç bir halda qəbul etməyəcək.

    Üçüncü amil isə rəsmi Bakının həyata keçirdiyi balanslaşdırılmış xarici

    siyasətdir. Azərbaycan nə Rusiyanın lider olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi

    Təşkilatının üzvüdür, nə də ona rəbiq olan NATO-ya üzvlüyə çan atır.

    Hadisələrin sonrakı inkişafı İslam Hərbi Alyansını ümumiyyətlə gündəlikdən

    çıxartdı. 2017-ci il ərzində Səudiyyə Ərəbistanı ilə Qətər arasında yaranan ixtilaf bu iki

    ölkənin bir-birlərini terrorçulara dəstək verməkdə ittiham etməsi və diplomatik

    münasibətləri kəsməsi yaxın perspektivdə İslam Hərbi Alyansının reallaşmasının

    mümkün olmayacağını göstərdi. Bu durum Azərbaycanı quruma üzv olub-olmamaq

    kimi çətin dilemmadan xilas etdi.

    2017-ci il fevralın 1-də İranın müdafiə naziri Hüseyn Dehqanın dəvəti ilə

    Ermənistanın müdafiə naziri Viqen Sərkisyan İrana rəsmi səfər etdi. Görüşdə müdafiə

    nazirləri iki ölkə arasındakı hərbi əməkdaşlıqla yanaşı, Dağlıq Qarabağ münaqişəsinin

    həlli yollarını da müzakirə etdilər.

    İranla Ermənistan arasında hərbi əməkdaşlığın hansı zərurətdən yarandığını

    söyləmək çətindir.

    Birincisi, Ermənistanın kifayət qədər maliyyəsi yoxdur ki, İrandan silah ala bilsin.

    Bütün lazımi silahları Ermənistana Rusiya pulsuz verir.

  • İkincisi, İran Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçi ölkələrdən biri deyil

    ki, Tehranla münaqişənin həlli barədə geniş fikir mübadiləsinə ehtiyac olsun.

    Açıq demək lazımdır ki, İranla Ermənistan arasındakı əlaqələr Azərbaycanda haqlı

    olaraq narahatlıqla qarşılanır. Doğrudur, Azərbaycan heç bir dövlətin daxili işlərinə

    qarışmır, ancaq məsələn, iranlı rəsmilərə və din xadimlərinə gəldikdə onlar

    Azərbaycanın İsraillə münasibətlərinə yenidən baxmasını istəyirlər, hətta deyirlər ki,

    Azərbaycan heç bir halda İsraildə səfirlik açmamalıdır. Halbuki, Azərbaycan İsraildən

    aldığı müasir silahlar hesabına işğalçıya ağır zərbələr endirir. Ancaq Azərbaycan eyni

    həssaslığı Tehranın göstərməsini istəyəndə iranlı rəsmilər və din xadiləri deyirlər ki,

    Ermənistan İrana qonşudur və bu dövlətlə münasibətləri olmalıdır.

    Azərbaycan İranın Ermənistanla təmaslarına o halda normal yanaşardı ki, İran

    rəsmiləri Dağlıq Qarabağda girov saxlanılan iki azərbaycanlının geri qaytarılması

    vacibliyini Ermənistan rəsmilərinin diqqətinə çatdırar və ya onlara deyərdilər ki, Dağlıq

    Qarabağ ətrafındakı rayonların boşaldılması sülhə aparan yoldur.

    İranın Ermənistanla sıx təmaslarına baxmayaraq, Bakı Tehranla əməkdaşlığını

    azaltmayacaq. Ermənistan hakimiyyəti çox istəyir ki, İranla Azərbaycan arasında

    gərginlik olsun. Ona görə də rəsmi Bakı İrəvanın bu tələsinə düşməməlidir.

    Azərbaycanla İran arasında konkret iqtisadi layihələr var. Azərbaycan uzun illərdən

    sonra Təbrizdə konsulluğun açılmasına nail oldu, iki dövləti birləşdirən dəmiryolu

    xəttinin istifadəyə verilməsinə az qalıb, İran Bakı ətrafında bir neçə zavod tikəcək. Bu

    səbəblərdən Azərbaycan İranla əməkdaşlığı azaltmamalıdır.

    Bu il Türkiyə ilə Azərbaycan arasında da xeyli birgə hərbi təlimlər keçirildi.

    Türkiyə Azərbaycanın strateji müttəfiqidir. Son illər bu müttəfiqlik daha da artıb və iki

    ölkə arasındakı münasibətlər tarixinin qızıl dövrünü yaşayır. Siyasi təmaslar yüksək

    səviyyədədir, Türkiyənin Azərbaycana, Azərbaycanın isə Türkiyəyə on milyardlarla

    dollar yatırımları var. Bakı – Tiflis – Ceyhan və Bakı – Tiflis – Ərzurum boru xətləri

    layihələrinə bu il biri də əlavə olunacaq: Bakı – Tiflis – Qars dəmiryolu. Növbədə isə

    TAP və TANAP qaz boru xətlərinin tikintisidir. Türkiyə Azərbaycanla hərbi

  • əməkdaşlığın miqyasını da genişləndirir. İl ərzində iki ölkə arasında 3-4 birgə hərbi

    təlimlər keçirilir.

    Azərbaycanla Ermənistan arasında gərginliyin artması, cəbhə bölgəsindəki

    mövcud vəziyyət Ankaranı da narahat edir. Ankara həmişə olduğu kimi Ermənistandan

    Azərbaycanın işğal altındakı torpaqlarını boşaltmasını tələb edir.

    Türkiyə Ermənistanın cəbhə bölgəsindəki təxribatlarına seyrçi qalmır, Ankaradan

    ard-arda açıqlamalar səslənir. Cəbhə bölgəsində vəziyyət gərginləşən kimi

    Azərbaycanın siyasi dairələrində ənənəvi suala gündəmə gəlir: Azərbaycanla Türkiyə

    arasında mövcud hərbi əməkdaşlığı daha yüksək səviyyəyə qaldırmağa ehtiyac varmı?

    Çünki Ermənistan Rusiyanın hərbi dəstəyinə arxayındırsa, Azərbaycanın Türkiyənin

    hərbi dəstəyinə ehtiyacı yarana bilər. Bu mənada mümkün variantlardan biri Türkiyənin

    Naxçıvanda hərbi bazasını rəsmiləşdirməsidir. Əgər Türkiyə keçmiş SSRİ ilə 1921-ci

    ildə imzaladığı Qars müqaviləsinə görə Naxçıvanın təhlükəsizliyinə cavabdehdirsə,

    bunun real olaraq həyata keçirilməsi də mümkündür.

    Azərbaycan müstəqil dövlətdir və Bakı Ankara ilə hərbi baza məsələsində

    razılaşsa, heç bir dövlət bu prosesə mane ola bilməz. Ermənistanın və onun tərəfdaşı

    Rusiyanın etirazları məntiqsiz olacaq. Bakının həm Moskvaya, həm də İrəvana

    ünvanlayacağı məntiqi sual belə olacaq: Rusiya Ermənistanda hərbi bazalarını

    yerləşdirə bilirsə və bu dövlətin təhlükəsizliyini təminatı altına alırsa, niyə Türkiyə ilə

    Azərbaycan eyni işi görə bilməzlər?

    Bu suala nə Kremlin, nə də İrəvanın məntiqi cavabı ola bilər. Ona görə Türkiyənin

    Azərbaycan ərazisində hərbi baza yaratması ideyası aktuallaşa bilər. Məsələ

    burasındadır ki, Azərbaycan ordusu Dağlıq Qarabağ istiqamətində uğur qazanarsa,

    Ermənistan hakimiyyəti Naxçıvan istiqamətində hərbi əməliyyatlar həyata keçirə bilər.

    Türkiyə – Azərbaycan hərbi birliyinin rəsmiləşdirilməsi Ermənistan ətrafındakı

    halqanın daralmasına səbəb olacaq. Azərbaycan ordusu Ermənistan ərazisinə hücum

    etmir, özünə aid Dağlıq Qarabağı və ətraf rayonları işğalçılardan azad etmək istəyir.

    Buna heç Rusiya da qarışa bilmir. Çünki Rusiya Ermənistanın təhlükəsizliyinin

  • təminatçısıdır, Dağlıq Qarabağın yox. Eyni saziş Azərbaycanla Türkiyə arasında

    imzalanarsa, bu, Türkiyənin Dağlıq Qarabağ üzərindəki təhlükəsizliyinə də təminatçı

    anlamına gələcək. Bundan sonra Ankaranın hansı addımlar atacağı indidən bəlli olmasa

    da, aydındır ki, Ermənistan qarşısında Azərbaycan – Türkiyə hərbi ittifaqını görəcək.

    İslam aləmində Qarabağ məsələsinə Türkiyədən fərqli münasibət göstərən

    dövlətlər də var. Pakistanın paytaxtı İslamabadda İqtisadi Əməkdaşlıq Təşkilatının

    (ECO) 13-cü sammitində maraqlı hadisə baş verdi. Gözlənilmədiyi halda Qırğızıstan

    qəbul edilmiş bəyanatın siyasi müddəalarına qoşulmadı. Bu, rəsmi Bakı üçün sürpriz

    qərar oldu. Çünki bəyanatda ECO məkanında münaqişələrin mövcudluğu iqtisadi

    inkişafı və əməkdaşlığı əngəllədiyi yazılırdı. Bundan əlavə, bəyanatda inkişaf, sülh və

    təhlükəsizliyin regionda davamlı çiçəklənmə və sabitliklə birbaşa bağlı olduğu qeyd

    olunurdu.

    Bu ifadələrdə yeni heç nə yoxdur. Bəyanatda qeyd edilən ifadələr iqtisadi inkişaf

    və regional əməkdaşlığın sülh və təhlükəsizliklə üzvü bağlılığı bütün beynəlxalq

    ictimaiyyət tərəfindən qəbul edilən prinsipdir və bu, BMT-nin Davamlı İnkişaf

    Konsepsiyasının təməlini təşkil edir. Digər tərəfdən, ECO ölkələri bəyanatdakı bu

    ifadələrlə Azərbaycanın ərazi bütövlüyünə hörmət ifadə edirdilər. Ona görə də

    Qırğızıstanın mövqeyi qətiyyən başadüşülən deyildi. Axı bu səsverməyə qədər Bişkək

    də hər zaman Azərbaycanın ərazi bütövlüyünə dəstək verib.

    Qırğızıstanın bu mövqeyi Ermənistanda yüksək qiymətləndirildi. Təsadüfi deyil

    ki, ECO sammitindən sonra Ermənistanın baş naziri Karen Karapetyan Bişkəkə səfər

    etdi. Qırğızıstanın Ermənistanla elə bir iqtisadi əlaqələri və ya ortaq layihələri də

    yoxdur. Əksinə, Qırğızıstan Azərbaycanla iqtisadi əlaqələrin və ortaq layihələrin

    reallaşmasına ümid edirdi. Ancaq son hadisədən sonra rəsmi Bakının Qırğızıstanla

    iqtisadi əlaqələrə maraq göstərəcəyini söyləmək problematikdir. Təsadüfi deyil ki,

    Azərbaycan XİN və prezidentin xarici siyasət məsələləri üzrə müşaviri Qırğızıstanın

    mövqeyini tənqid edən açıqlamalar səsləndirdilər.

    Niyə Qırğızıstan Azərbaycanın xeyrinə səs vermədi?

  • Görünür, Qırğızıstan Rusiya və Ermənistanla birgə Avrasiya İqtisadi Birliyində, o

    cümlədən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında yer aldığı üçün İrəvana

    dəstək verir. Qazaxıstan və Belarus da eyni qurumların üzvüdür. Ancaq hər ikisi

    Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və Ermənistanın siyasətindən narazıdır.

    Bişkəkin İrəvana dəstəyi onu Bakıdan uzaqlaşdırır. Ümid edək ki, Qırğızıstanın yeni

    prezidenti Azərbaycanın ərazi bütövlüyü mövzusuna daha həssas yanaşacaq.

    Qazaxıstan prezidenti Nursultan Nazarbayev 2017-ci il aprelin 2-3-də

    Azərbaycanda rəsmi səfərdə oldu. Səfər çərçivəsində iki ölkə arasında müxtəlif

    əməkdaşlıq sazişləri imzalandı. Nursultan Nazarbayev Bakıda veridiyi açıqlamalarda

    Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bir daha vurğuladı. Qazaxıstan

    prezidenti münaqişənin həllində BMT qətnamələrinin əsas götürülməsi vacibliyini

    bildirdi. Bu mənada Bakı ilə Astananın mövqeləri üst-üstə düşür. Azərbaycan da illərdir

    Qarabağ münaqişəsinin həllində BMT-nin 1990-cı illərin əvvəllərində qəbul edilən 4

    qətnamənin yerinə yetirilməsinin əsas götürülməsini tələb edir. Qazaxıstan hazırda

    BMT-nin qeyri-daimi üzvüdür. Doğrudur, Qazaxıstanın Dağlıq Qarabağ münaqişəsinin

    həllindəki imkanları geniş deyil. Qazaxıstan ATƏT sədri olduğu dövrdə də

    münaqişənin həllini sürətləndirə bilmədi. Ancaq rəsmi Bakı üçün başqa amil vacibdir.

    Qazaxıstan və Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının, o cümlədən

    Avrasiya İqtisadi Birliyinin üzvüdür və hər iki təşkilatda Astana Azərbaycanın ərazi

    bütövlüyünü əsas götürərək, İrəvanın Azərbaycan əleyhinə fəaliyyətinə imkan vermir.

    Bu, rəsmi Bakı üçün çox dəyərlidir.

    Azərbaycana dəstək verən ölkələr arasında Pakistanın və Səudiyyə Ərəbistanının

    da adını çəkmək lazımdır. Hər ikisi ərazi bütövlüyü məsələsində Azərbaycana

    birmənalı dəstək verir və işğal faktına görə Ermənistanla diplomatik münasibətlər

    qurmayıblar. Hətta rəsmi İrəvan müxtəlif dövlətlərin vasitəçililyi ilə bir neçə dəfə Ər-

    Riyadla əlaqə qurmaq istəsə də hər dəfə rədd cavabı alıb. Təsadüfi deyil ki, Səudiyyə

    Ərəbistanı Qətərlə diplomatik münasibətlərə son verdikdən bir neçə gün sonra

    Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Doxaya səfər etdi və bununla

  • İrəvanın kimin tərəfində olduğunu göstərdi. Doğrusu, Qətər hakimiyyətinin mövcud

    gərgin vəziyyətdə Ermənistanın xarici işlər nazirini Doxaya dəvət etməsinin səbəbi

    aydın olmadı. Qətərin Cənubi Qafqaz bölgəsində əsas iqtisadi tərəfdaşı Azərbaycandır.

    Bunu nəzərə alaraq Qətər Qırğızıstanın səhvini təkrarlamamalıdır.

    Azərbaycan prezidenti İlham Əliyev 2017-ci ildə Səudiyyə Ərəbistanı ilə yanaşı

    Pakistanda da oldu. Pakistan Azərbaycana hər cür hərbi dəstək verməyə hazırdır.

    Pakistan ən müasir silahlarını, hərbi təyyarələrini Azərbaycana satacaq. Eyni zamanda

    Azərbaycan da Pakistanın problemlərinə diqqətlə yanaşır. Heydər Əliyev Fondunun

    xətti ilə Pakistanda zəlzələdən zərər çəkən insanlara humanitar yardımların

    çatdırılmasını və bu ölkədə inşa etdiyi məktəbləri xatırlatmaq kifayətdir.

    Beləliklə, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü

    çərçivəsində həllində dəstək verən əsas ölkələr İslam ölkələridir. Ancaq münaqişənin

    həllində vasitəçi ölkələr arasında İslam ölkəsi yoxdur. Digər tərəfdən, İslam aləmində

    həmrəylik də yoxdur. Bu mənada Qarabağ məsələsində İslam aləminin tamamının

    fəallaşacağını söyləmək mümkün deyil.

    PETR VAQNER: “ÇEXLƏRİN AZƏRBAYCANA GƏLMƏLƏRİNİN

    MARAQLI TARİXÇƏSİ VAR”

  • Petr Vaqneri təxminən 3 ildir tanıyıram, Çexiyanın Azərbaycandakı səfirinin

    müşaviridir. Bu 3 ildə demək olar ki, ən azı ayda bir dəfə görüşür və müxtəlif

    mövzularda fikir mübadiləsi aparırıq. İxtisasca tarixçidir, Çexiyada siyasi mövzuları

    əhatə edən dərginin baş redaktoru olub, Rusiya və Ukraynada çalışıb və ətraf bölgə

    haqqında kifayət qədər bilgilidir. Ona görə söhbətimiz hər dəfə alınır, üstəgəl, bir neçə

    il əvvəl mənə söylədi ki, Çexiya – Azərbaycan münasibətlərinin tarixi köklərini

    araşdırmaq istəyir. Petr bu araşdırmalarda çox irəli getdi və müxtəlif ölkələrin

    arxivlərindən o qədər sənəd əldə etdi ki, sonda bu haqda kitab yazmaq qərarına gəldi.

    Elə universitetimizin tələbələriylə birgə Petri səfirlikdə ziyarət edərkən söhbətimizə bu

    mövzudan – kitabdan başladıq:

    - Petr, necə oldu ki, kitab yazmaq qərarına gəldiniz?

    - Adətən, harasa işləməyə getməzdən öncə ölkələrimiz arasındakı tarixi əlaqələri,

    həmin ərazilərdə çexlərin yaşayıb-yaşamadığını araşdırmağa başlayıram. Bu ənənəni

    Azərbaycana ilk gəldiyim gündən də pozmadım.

  • - Azərbaycandakı araşdırmalarınız zamanı nələr əldə etdiniz?

    - Mənə maraqlı idi ki, Çexiyadan bu qədər uzaqda olan Azərbaycanda çexlər

    yaşayıbmı? Çünki bilirdim ki, çexlər Gürcüstanda, Rusiyada, Ukraynada yaşayıblar.

    Araşdırmalara başladıqda öncə heç nə əldə edə bilmədim. Sizin tarixçilərdən soruşanda

    deyirdilər ki, burada almanlar, estonlar yaşayıb, ancaq çexlər olmayıb. Buna

    baxmayaraq, çox araşdırdım və ilk izləri aşkarladım. İlk öncə Çexiya Xarici İşlər

    Nazirliyinin arxivindən Çexiyadakı cəmiyyətin ötən əsrin əvvəllərində Bakıya

    göndərdiyi məktubu üzə çıxartdım. Ötən əsrin əvvəllərində Bakıda Çexiyanın Qırmızı

    Xaç Komitəsinin nümayəndələri fəaliyyət göstəriblər. Sonrakı fakt da maraqlı idi.

    Birinci Dünya müharibəsində çar Rusiyasının əsir götürdükləri hərbçilərin bir qismi

    Nargin adasında saxlanılırdı. Əsirlər içərisində çexlər də olub və Çexiya Qırmızı Xaç

    Komitəsinin nümayəndələri onlara yardım etməyə çalışıblar. Bolşeviklər Azərbaycanı

    işğal etdikdən sonra Bakıda yaşayan bir qrup çex evlərinə dönmək istəyib. Halbuki,

    Cümhuriyyət dövründə çexlərin Bakıda heç bir problemi olmayıb, rahat yaşayıblar.

    Ancaq bolşeviklərin işğalından sonra onların həyatı faciəvi olub, bəziləri geri qayıda

    bilməyib, intihar edənlər də olub. Mən Çexiyaya gedib çıxan azərbaycanlılar barədə də

    maraqlanmışam. Ötən əsrin əvvəllərində Bakı – Tiflis dəmiryolu olmadığı üçün

    Azərbaycandan Çexiyaya getmək imkanları məhdud idi. Maraqlıdır ki, dəmiryolu

    tikiləndən sonra Azərbaycandan Çexiyaya 3 günə gedib çatmaq olurdu. Hazırda

    Praqadan Bakıya gəlmək üçün cəmi 10-12 saat lazımdır. Təyyarələr vasitəsilə isə

    zaman daha da qısalıb. Praqa ötən əsrin əvvəllərində Rusiyadan qaçan mühacirləri daha

    çox qəbul edirdi. Araşdırmalar zamanı onların arasında azərbaycanlıların olmadığı

    qənaətinə gəldim.

    - Sizcə, bu nədən irəli gəlirdi?

    - Görünür, azərbaycanlılar Praqanı o qədər dost mühiti olan məkan kimi qəbul

    etmirdilər. Azərbaycanlılar bolşevik işğalından sonra daha çox Fransaya və

    Almaniyaya köçürdülər.

  • - Eşitdiyimə görə, Cümhuriyyətimizin qurucularından olan Məmməd Əmin

    Rəsulzadə ilə bağlı maraqlı fakta rast gəlmisiniz...

    - Bəli, araşdırmalar zamanı Məmməd Əmin Rəsulzadə ilə bağlı maraqlı fakta rast

    gəldim. Rəsulzadənin “Panturanizm” əsərini oxuduqda onun 19-cu əsrdə Çexiyada

    yaşamış iki mütəfəkkirdən gətirdiyi sitatlara rastladım. Bunlardan biri Qavrilçik idi.

    Məsələ burasındadır ki, Qavrilçik çex dilindən başqa heç bir dildə əsər yazmayıb,

    əsərləri başqa dilə də tərcümə olmayıb. Belə çıxırdı ki, Rəsulzadə Qavrilçikin əsərini

    orijinaldan oxuyub? Ancaq bunun üçün Rəsulzadə çex dilini bilməli idi. Digər tərəfdən,

    Məmməd Əmin Rəsulzadə Avropanın bir çox ölkəsində olsa da, Praqada heç zaman

    olmayıb. Mən bunu dəqiq bilirəm. Görünür, Rəsulzadə Qavrilçikin əsərləri barədə

    hansısa başqa mənbədən məlumat əldə edib. Ancaq onun hansı mənbə olduğu mənə

    məlum deyil.

    - Bəs ilk azərbaycanlılar Çexiyaya necə gedib çıxıb?

    - İkinci Dünya müharibəsi zamanı Çexiya ərazisindəki partizan dəstələri

    sıralarında təxminən 20 nəfər azərbaycanlı da olub. Onlar əsirlikdən qaçaraq

    Çexiyadakı partizanlara qoşulublar. Həmin azərbaycanlılardan göstərdikləri

    qəhrəmanlıqlara görə medal və müxtəlif mükafatlar alanlar, döyüşlərdə

    qəhrəmancasına həlak olanlar da var.

    - Müharibədən sonra Çexiyada qalan azərbaycanlı olubmu?

    - Bildiyimizə görə, hamısı geri qayıdıb. Hətta məndə 60-cı illərdə çəkilmiş

    fotoşəkil var. Bizim hərbi attaşemiz Moskvadan Bakıya gəlib, həmin azərbaycanlılarla

    görüşərək onlara partizan bayrağını təqdim edib. SSRİ dövründə də Çexiya ilə

    Azərbaycan arasında əlaqələr olub. O zamanlar Çexoslovakiya maşınqayırma sənayesi

    ilə məşhur idi. Həmin sənayenin istehsal etdiyi dəzgahlar Azərbaycan SSRİ-yə də

    gətirilirdi. Çexiyadan Azərbaycana ilk rəsmi səfər 1956-cı ildə baş tutub. Bu, o zamankı

  • parlament nümayəndələrimizin səfəri olub. Bundan sonra müxtəlif səviyyəli səfərlər

    olub. Ancaq çox maraqlıdır ki, Azərbaycan SSRİ-dən Çexiyaya cavab səfərləri

    olmayıb. Görünür, Moskva buna imkan verməyib.

    - Ola bilsin, o zamanlar SSRİ respublikaları arasında bölgü olub.

    Xatirimdədir ki, Azərbaycandan Bolqarıstana və Polşaya gedirdilər. Bəlkə

    Çexiyaya da başqa respublikalardan gedənlər olub...

    - Ola bilər. Ancaq diplomatiyada belə bir qayda var – cavab səfəri. Məsələn, əgər

    Praqadan nümayəndələr burada 5 dəfə olubsa, Bakıdan bir dəfə də Çexiyaya səfər təşkil

    olunmayıb. Bu, yaxşı hal deyildi.

    - Moskva imkan verməyib...

    - Şübhəsiz.

    - Yadımdadır ki, çex pivə istehsalçısının Bakıdakı sərgüzəştləri barədə mənə

    danışmışdınız...

    - Bu çox maraqlı hadisədir. Həmin şəxs Azərbaycana 19-cu əsrin əvvəllərində, çar

    Rusiyası dövründə gəlib. Bakıda pivə istehsalının əsasını qoyub. Çex pivəsi dünyada

    məşhurdur. Demək, həmin çex Bakıda Cümhuriyyət dövründə də fəaliyyət göstərib.

    Bolşeviklər Bakını işğal etdikdən sonra onun fabrikini əlindən alıblar. Çarəsiz qalaraq

    vətəninə geri dönmək istəyir, ancaq bolşeviklər onu bir müddət bu imkandan məhrum

    ediblər. Buradakı arxivlərin birində həmin çexin belə bir məktubuna rast gəldim. O,

    Azərbaycandakı bolşeviklərin rəhbərliyinə məktubunda yazırdı: “Azərbaycanda pivə

    istehsalı qadağan olunduğuna görə, Bakıda qalmağı məqsədəuyğun hesab etmirəm.

    Xahiş edirəm, məni evə buraxın”. Ancaq 6 aydan sonra ona geri qayıtmağa icazə

    veriblər...

    Misal üçün, neft sahəsində işləyən çex mühəndisi bolşeviklərin işğalından sonra

    iki il də Bakıda işləməyə məcbur etdilər, çünki başqa mütəxəssisləri yox idi. Sonda

  • çexlərə evlərinə dönməyə icazə verirdilər, ancaq Bakıda qazandıqları bütün əmlak və

    qazancları əllərindən alınırdı. Bakıdakı çexlərdən yalnız biri – Vatsek bolşeviklərlə

    əməkdaşlıq edib, hətta Azərbaycanda yüksək vəzifə tutub. Səbəbi o idi ki, Vatsek

    Stalinin Bakıdakı quldur dəstəsinin üzvü olub, birlikdə bankları yarıblar və Stalin

    bolşeviklərin lideri olduqdan sonra çex dostunu unutmayıb, onu müxtəlif vəzifələrə

    irəli sürüb. Məsələn, arxivdən Vatsekin adına belə bir sənəd tapdım: “Yoldaş Stalin

    dalımca gəldi və dedi ki, ona 600 rubl lazımdır. O illərdə bu, böyük pul idi. Mən dedim

    ki, 10 dəqiqə gözləsin və ona 800 publ gətirdim”.

    Stalin belə bir şəxsi unudardımı? Vatsek memuarlarında yazırdı ki, yoldaş Stalini

    növbəti sürgünə yollayanda görüb ki, onun paltosu çox pisdir, qaçıb ona kürk

    alıb.Vatsek tək-tük şəxslərdən idi ki, sonrakı illərdə də Stalinə “Sən” deyə müraciət

    edirdi. 1930-cu illərdə Vatsek Tiflisə köçür və dəmiryolu prokuroru vəzifəsinə təyin

    olunur. O həm də üç çağırış SSRİ-nin deputatı olub.

  • Maraqlısı budur ki, keçmiş Çexoslovakiyada Kommunist Partiyasının hakimiyyəti

    dövründə Vatsek haqqında heç kim heç nə bilməyib. Məsələn, SSRİ illərində

    Azərbaycan tarixçilərindən biri Praqaya gələrək “məşhur çex kommunisti” haqqında

    kitab yazmaq istədiyini deyib. Praqada kiminlə görüşübsə, ona eyni sualı verib: “Vatsek

    kimdir?” Azərbaycanlı tarixçi hər dəfə bu sualı təəccüblə qarşılayıb. Məsələ

    burasındadır ki, Vatsek SSRİ kommunistləri arasında tanınan şəxs idi, ancaq vətənində

    onu kimsə tanımırdı. Çünki Vatsek çex olsa da, 19-cu əsrin sonlarında Vyanada anadan

    olub və gənclik yaşlarında atası ilə birgə Bakıya gəlib.

    - Petr, başqa hansı maraqlı tapıntılarınız var?

    - Ötən əsrin əvvəllərində Rusiyaya musiqi turnesinə gələn çexlərin bir qismi

    Bakıda da konsert verirmişlər. Hələ 1900-cü ildə, çar dövründə dünyaca məşhur çex

    kvarteti Bakıda olub. Dəmiryolunun olmadığı həmin dövrdə onların buraya necə

    gəlməsi maraq doğurur. Bu məsələni çox araşdırdım və məlum oldu ki, məşhur rus

    müğənnisi Fyodor Şalyapin Peterburqda konsert verərkən bir konsertdən 2000 rubl əldə

    edirmiş. Tiflisdən Bakıya gələn orta səviyyəli müğənni isə həmin dövrdə Bakıda hər

    konsertində 16 min rubl alırmış. Fərqi gördünüzmü? Demək, Bakı musiqiçilər üçün

    gəlirli şəhər sayılırdı. Çexiyadan Bakıya çox sayda jurnalist, turist də gəlib. 19-cu əsrin

    sonu – 20-ci illərin əvvəlində çex müəlliflərin Bakıda baş verənlər haqda yazılmış 3

    romanı, 1 hekayəsi var. Həmin əsərlərdə Bakı küçələri dəqiqliklə təsvir olunub. Məşhur

    şair Mirzə Şəfi Vazehin əsərlərinin bir qismi 1876-cı ildə çex dilinə tərcümə edilib.

    Başqa bir maraqlı fakt haqqında danışmaq istəyirəm. Deməli, Çexiyada Ledniça adlı

    məşhur qəsr var. 19-cu əsrin ikinci yarısında qəsrdə yenidənqurma işləri aparılanda bu

    qəsrin sahibi orada minarə tikməyə icazə verib. Bağçada gözəl minarə tikilib. Ora

    gələnlərə divarlardakı yazılar göstərilərək izah edilib ki, baxın, bu, məşhur ərəb

    yazılarıdır, Qurandan hissələrdir. Bir müddət sonra həmin qəsrə təsadüfən azərbaycanlı

    şərqşünas gəlib. O həmin yazılara baxaraq deyib ki, bu ərəb dilində deyil, Azərbaycan

    dilindədir, yazılar isə Qurandan ayələr deyil, sadəcə, Azərbaycan atalar sözləridir

    (gülür).

  • - Kitabı nə zaman bitirmək fikrindəsiniz?

    - Bu il Azərbaycan Demokratik Respublikasının, eləcə də Çexiya Respublikasının

    100 illik yubileylərini qeyd edəcəyik. Buna görə də iyun ayında kitabın təqdimatını

    keçirməyi planlaşdırıram. Kitab üç dildə – Azərbaycan, çex və ingilis dillərində olacaq.

    Bu kitabda Nizami Gəncəvi haqqında da yazmışam. Dahi Nizami Azərbaycan – Çexiya

    əlaqələrində böyük yer tutur. Çünki Nizami Gəncəvinin yaradıcılığının bir hissəsi ilk

    dəfə çex alimləri tərəfindən alman dilinə tərcümə edilib. Bizdə Nizami Gəncəvinin

    əlyazmaları var. Bu, hələ müharibəyə qədərki dövrdə olub. Hətta 2-ci Dünya

    müharibəsi dövründə bizim ən yaxşı şairlərimiz “Yeddi gözəl”i çex dilinə tərcümə

    ediblər. Onlardan biri hətta Nobel mükafatı laureatı olub. “Əli və Nino” əsəri

    Azərbycanca dərc edilməmişdən qabaq çex dilində 1938-ci ildə nəşr edilib.

    M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasında Çexiyada olan əsərlərin

    kataloqu yaradılır. Keçən il Azərbaycan şərqşünaslarından ibarət qrup Praqanın Milli

    Kitabxanasında olub. Onlar orada olan bütün əlyazmaları görüb, müəllifləri

    dəqiqləşdiriblər. Kitabda 1991-ci ildən sonrakı dövrdə müstəqil Azərbaycanla Çexiya

    arasındakı diplomatik əlaqələr də yer alacaq. Bu ölkələr bir-birini tanısa da

    təmaslarımız 2000-ci illərdən sonra intensivləşib.

    - Petr, Siz tarixçi olmaqla yanaşı, həm də peşəkar diplomatsınız. Ona görə də

    bu sualım ikitərəfli əlaqələrə aiddir. Azərbaycanın Avropa İttifaqının 9 dövləti ilə,

    o cümlədən Çexiya ilə strateji sazişi var. İki ölkə arasındakı siyasi və iqtisadi

    münasibətlərin hazırki səviyyəsini necə qiymətləndirirsiniz?

    - Çexiya Azərbaycanla diplomatik əlaqələri bərpa edəndə burada Qarabağ

    uğrunda müharibə gedirdi. Yəni əlaqələr hələ inkişaf etməmişdi, baş qarışıq idi.

    Sonralar biz Azərbaycandan neft almağa başlayanda əlaqələrdə sürətli inkişaf dövrünə

    qədəm qoyduq. İstifadə etdiyimiz neftin üçdə bir hissəsi Azərbaycan neftidir. Biz bilirik

  • ki, Azərbaycan etibarlı tərəfdaşdır. Bizim əlaqələrimizdə heç vaxt anlaşılmazlıqlar

    olmayıb. İndi TAP-ın tikintisinin bitməsini, Azərbaycan qazının Avropaya gəlməsini

    gözləyirik. Onun bir hissəsi bizə çata bilər. Bu, bizim üçün çox mühümdür. Enerji

    təhlükəsizliyini təmin etmək bizə çox vacibdir. Azərbaycan şirkətləri bizə çox kömək

    edir. Bu əməkdaşlıq həm də parlamentlər səviyyəsində inkişaf edir. Deputatlarımız

    arasında gözəl dostluq əlaqələri var. Çexiyaya gələn azərbaycanlı turistlərin sayı hər il

    artır. Çexiyada xeyli azərbaycanlı tələbə də təhsil alır. Çexiyada tələbələr üçün müxtəlif

    proqramlar var. Əgər xarici tələbə universitetə qəbul imtahanını çex dilində verməyə

    qadirdirsə, onu universitetə qəbul edirlər və o bizim tələbələr kimi pulsuz təhsil alır.

    Amma bunun üçün çex dilini yüksək səviyyədə bilmək lazımdır. Daxili İşlər

    Nazirliyinin statistikasına görə, Çexiyada hazırda 900 azərbaycanlı yaşayır. Beləliklə,

    əlaqələrin inkişaf dövrünü yaşadığını məmnuniyyətlə vurğulamalıyam.

    - Petr, müsahibəyə və Qərbi Kaspi Universitetinin bir qrup tələbəsini qəbul

    edib onlara yazdığınız kitab və ikitərəfli əlaqələr haqqında dəyərli məlumatlar

    verdiyinizə görə Sizə təşəkkür edirəm.

    Elxan ŞAHİNOĞLU

  • HƏRBİ BAXIMDAN AZƏRBAYCANLA ERMƏNİSTAN

    ARASINDAKI ÖNƏMLİ FƏRQLƏR...

    Qadir KAZIMOV,

    Qərbi Kaspi Universitetinin Siyasi və İctimai Elmlər fakültəsinin

    2-ci kurs tələbəsi

    Dağlıq Qarabağ ətrafındakı danışıqlar prosesi 26 ildən artıq müddətdə heç bir

    nəticə vermir. Ona görə də problemin güc yolu ilə həlli məsələsi yenidən aktuallaşır.

    Bu amili Azərbaycanla Ermənistanın müdafiə xərclərini artırması dinamikası da

    göstərir.

  • 2016-cı ilin “aprel döyüşləri” Ermənistan cəmiyyətini yuxudan ayıltdı.

    Azərbaycan ordusunun qısa zaman ərzində Ermənistan ordusunun keçilməz

    adlandırdığı “Ohanyan xətti”ni (Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyanın

    cəbhənin ön və arxa xəttində qurduğu müdafiə və istehkam sistemlərinə verilmiş ad)

    yarıb keçməsi Ermənistan hakimiyyəti üçün hərtərəfli dərs oldu. Təsadüfi deyl ki,

    Ermənistan hakimiyyəti artıq ölkə büdcəsinin 20 faizindən bir qədər çox hissəsini hərbi

    sahəyə ayırır. Ermənistanın maliyyə naziri Vardan Aramyanın təqdim etdiyi 2018-ci il

    üçün dövlət büdcəsi layihəsində Ermənistan ordusuna ayrılacaq vəsaitin artırılmasıda

    qarşı tərəfin bu sahədə mövqeyini əks etdirir. İqtisadi problemlərinə baxmayaraq, 2016-

    cı ilin ikinci yarısında Ermənistanın Rusiyadan aldığı 200 milyonluq kreditin də hərbi

    sektora ayrılması bu fikrin təsdiqidir. Ermənistan müqavilə çərçivəsində Rusiyadan

    “Smerç” reaktiv yaylım atəşi sistemləri və onun sursatlarını, “Igla-S” zenit-raket

    sistemləri, “Avtobaza-M” yerüstü radiotexniki kəşfiyyat kompleksi, “TOS-1A” ağır

    odatanları,“9M113M” idarəolunan raketləri, “RPG-26”qumbaraatanları, Draqunov

  • snayper tüfəngi, “Tiqr”zirehli avtomobilləri, mühəndis və rabitə vasitələri alacağını

    bəyan etmişdir.

    Məlumat üçün bildirək ki, “Smerç” sistemi dördoxlu MAZ-543M (kütləsi 43,7

    ton, maksimal sürəti 69 km/saat) yük avtomobilinin üzərində yerləşdirilmiş 300 mm

    çaplı 12 boru paketindən ibarətdir. Bu sistem bütün raketləri 38 saniyəyə ata bilir.

    Tərkibində dörd "Smerç" sistemi olan batereya 48 ədəd raketlə 90 km məsafədəki

    təxminən sahəsi 800x800 m olan ərazini məhv edə bilir və istifadə edildiyi halda Gəncə

    kimi şəhərdə belə böyük dağıntılara səbəb ola bilər . Habelə 2016-cı il sentyabrın 21-

    də müstəqilliyin 25 illiyi münasibətilə İrəvanda keçirilən hərbi paradda sadalanan

    silahlarla birlikdə atış məsafəsi 280-300 km olan "İsgəndər-E" raket kompleksinin

    nümayiş etdirilməsi Azərbaycanda adekvat addımlar atmağa məcbur etdi. Qarşı tərəfdə

    "İsgəndər-E" kimi taktiki-ballistik raket sisteminin olması Azərbaycan üçün təhdid

    sayılır.

    Azərbaycan buna cavab olaraq İsraildən son dövrlərin ən güclü hava hücumundan

    müdafiə sistemlərindən olan “İron Dome” sisteminin alınacağını bildirdi. Bundan

    başqa, Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənovun 2017-ci ilin

    oktyabr ayında Belarusa səfəri zamanı 200 km mənzilə sahib “Polonez” reaktiv-yaylım

    atəşi sistemlərinin alınacağı ilə bağlı gələn xəbərlər və nazirin şəxsən həmin sistemlərlə

    maraqlanması erməni mediasında böyük narahatlıqla qarşılandı. Bu, Azərbaycanın

    Rusiyaya verdiyi kiçik mesaj kimi də başa düşülə bilər. Rusiyanın Ermənistana silah

    peşkəş etməsi bölgədə qüvvələr nisbətini dəyişmək iqtidarında deyil. Azərbaycan bir

    çox ölkədən, o cümlədən Rusiyadan müasir silah və hərbi texnika alır və alacaq. Buna

    baxmayaraq, Rusiya hərbi balansın Azərbaycanın lehinə dəyişməsindən narahatdır.

    Rusiya Dağlıq Qarabağ problemini inhisarda saxlamağa çalışır. Digər tərəfdən, Rusiya

    Ermənistan üzərində nəzarətini də azaltmır. Ermənistanın Avropa İttifaqı ilə imzaladığı

    saziş də Rusiyanın icazəsi ilə baş tutub. Ancaq bölgədə müharibənin baş verməsi

    halında nə Rusiya, nə də Avropa Ermənistanı tam qoruya bilər.

  • Azərbaycan rəsmilərinin dəfələrlə hərbi gücdən istifadəyə dair verdiyi bəyanatlar

    da bu fikri təsdiq edir . Bu baxımdan Azərbaycanın silahlı qüvvələrinin separatçılara

    qarşı hər hansı müdaxiləsinin nə ilə nəticələnəcəyi ətrafında da müzakirələr səngimir.

    Aprel döyüşlərindən sonra bəzi erməni rəsmiləri müsahibələrində Azərbaycanın hərbi

    üstünlüyünü qəbul etsələr də, ehtimal edilən müharibənin guya Azərbaycana baha başa

    gələcəyini vurğulayırlar . Bəs erməniləri bu qədər iddialı danışmağa nə vadar edir?

    Onlar nəyə güvənirlər?

    Söhbət vurulacaq zərbədən gedirsə, artıq burda tank, zirehli maşınlar kimi amilləri

    arxa plana salmaq, diqqəti ballistik raketlər