huseyncavid.files.wordpress.com  · web viewroma ilahələri, Şərq pəriləri gəlsin. rəqs...

22
İBLİSİN İNTİQAMI Dram - 5 pərdə Yazılmışdır: 1936 - 1937 İlk nəşri: 1985 Səhnələşdirilməmişdir. ƏŞXAS İblis Arif — sülh aşiqi. Rəna — onun rəfiqəsi. Sima — sülh pərisi, zərif bir qız. Tuncər — tunc geyimli qəhrəman (Spartak qiyafətli). Ema — şəfqət bacısı, şən və oynaq qız (ispaniyalı). Kastilyo — Emanın nişanlısı (ispaniyalı). Natella — gənc, həssas qadın (ispaniyalı). Xalid — mərakeşli ərəb dəliqanlısı. General Miaxa — xalq komandanı (ispaniyalı). General Franko — faşist komandanı (ispaniyalı). Sovet nümayəndəsi — ... Fransız, ingilis, italyan, yapon, alman nümayəndələri... Şeytanlar, qaraçılar, könüllü işçilər, şəfqət bacıları, yaralılar, İspaniya, Mərakeş, İtaliya, Almaniya zabitləri və əsgərləri... Dürlü qiyafətli əməkçilər, rəqs edənlər, qara geyimlilər və başqaları... İLK PƏRDƏ Yanda bir köşk... Qarşıda gül, yasəmən fidanları, sərv ağacları... Ortada fəvvarəli bir hovuz... Arif bir masa yanında əli alnında uyquya dalmış. Gecə aydınlığı... Coşğun musiqi... Şən və oynaq parçalar çalınır. Qızıl qiyafəli şeytanlar ağaclar arasından ortaya fırlar. Arifin çevrəsində gülüşərək, itələşərək, çığırışıb bağırışaraq rəqs edərlər. Bir az sonra ətrafda qorxunc gumbultular eşidilməyə başlar. Birinci şeytan (şaşqın və meymunca hoplayışla). Aman, bu nə gurultudur? Sanki yanar dağ partlayır. Görünür İblis oyandı. Yenə hər yanı atəşlər, alovlar saracaqdır. (Hava tutulur, göy gurlar, şimşəklər çaxar.) İblis (atəşli qiyafətlə qarşıdakı təpəcikdən dışarı fırlar. Çılğın və qorxunc ahəng ilə). Eyvah, alovlar içində tutuşub yandım. Yenə ərzin mərkəzində yeni tufanlar, yeni yanğınlar var. Aman durmayın! Ürəyim, beynim dəmirçi kürəsinə dönmüş. Şərab gətirin! Şərab!.. Şərab!.. Öylə şərab ki, könlümə yeni alovlar saçsın, qarşımda yeni-yeni pəncərələr açsın. (Şeytanlar altun piyalələrdə şərab gətirirlər. İblis içib piyalələri atar. Ətrafdakılar havada tutarlar.) Mənə Epikürləri, Xəyyamları coşduran şərab lazım deyil. Yalnız Atillaları, Neronları tutuşduran kəskin şərablardan istərəm. Əvət, öylə şərab istərəm ki, onu içərkən şair Dantenin sönməz cəhənnəmi gözlərimdə canlansın. Və o cəhənnəmdə yanıb qıvrılan böyük başlar, böyüklük düşgünü ulu dahilər yenidən qarşıma çıxsın. Həm də cümləsi alovlar içində çırpınaraq mənə sığınsın. Öylə şərab istərəm ki, insan qanilə bəslənmiş olsun. Hər dalğasında yeni bir zəfər, yeni bir qalibiyyət şöləsi parlasın və bütün cahanı qanlı tufanlara ğərq etsin. (Bir piyalə də içər.) Afərin! Afərin!.. Bu şərab daha meyxoş, daha kəskindir. (Piyaləni havaya fırladaraq.) Haydı, əski yunan və Roma ilahələri, Şərq

Upload: ledung

Post on 05-Jan-2019

216 views

Category:

Documents


0 download

TRANSCRIPT

İBLİSİN İNTİQAMI 

Dram - 5 pərdə Yazılmışdır: 1936 - 1937 İlk nəşri: 1985 Səhnələşdirilməmişdir. 

ƏŞXAS 

İblis Arif — sülh aşiqi. Rəna — onun rəfiqəsi. Sima — sülh pərisi, zərif bir qız. Tuncər — tunc geyimli qəhrəman (Spartak qiyafətli). Ema — şəfqət bacısı, şən və oynaq qız (ispaniyalı). Kastilyo — Emanın nişanlısı (ispaniyalı). Natella — gənc, həssas qadın (ispaniyalı). Xalid — mərakeşli ərəb dəliqanlısı. General Miaxa — xalq komandanı (ispaniyalı). General Franko — faşist komandanı (ispaniyalı). Sovet nümayəndəsi — ... 

Fransız, ingilis, italyan, yapon, alman nümayəndələri... Şeytanlar, qaraçılar, könüllü işçilər, şəfqət bacıları, yaralılar, İspaniya, Mərakeş, İtaliya, Almaniya zabitləri və əsgərləri... Dürlü qiyafətli əməkçilər, rəqs edənlər, qara geyimlilər və başqaları... 

İLK PƏRDƏ 

Yanda bir köşk... Qarşıda gül, yasəmən fidanları, sərv ağacları... Ortada fəvvarəli bir hovuz... Arif bir masa yanında əli alnında uyquya dalmış. Gecə aydınlığı... Coşğun musiqi... Şən və oynaq parçalar çalınır. Qızıl qiyafəli şeytanlar ağaclar arasından ortaya fırlar. Arifin çevrəsində gülüşərək, itələşərək, çığırışıb bağırışaraq rəqs edərlər. Bir az sonra ətrafda qorxunc gumbultular eşidilməyə başlar. 

Birinci şeytan (şaşqın və meymunca hoplayışla). Aman, bu nə gurultudur? Sanki yanar dağ partlayır. Görünür İblis oyandı. Yenə hər yanı atəşlər, alovlar saracaqdır. (Hava tutulur, göy gurlar, şimşəklər çaxar.) 

İblis (atəşli qiyafətlə qarşıdakı təpəcikdən dışarı fırlar. Çılğın və qorxunc ahəng ilə). Eyvah, alovlar içində tutuşub yandım. Yenə ərzin mərkəzində yeni tufanlar, yeni yanğınlar var. Aman durmayın! Ürəyim, beynim dəmirçi kürəsinə dönmüş. Şərab gətirin! Şərab!.. Şərab!.. Öylə şərab ki, könlümə yeni alovlar saçsın, qarşımda yeni-yeni pəncərələr açsın. (Şeytanlar altun piyalələrdə şərab gətirirlər. İblis içib piyalələri atar. Ətrafdakılar havada tutarlar.) Mənə Epikürləri, Xəyyamları coşduran şərab lazım deyil. Yalnız Atillaları, Neronları tutuşduran kəskin şərablardan istərəm. Əvət, öylə şərab istərəm ki, onu içərkən şair Dantenin sönməz cəhənnəmi gözlərimdə canlansın. Və o cəhənnəmdə yanıb qıvrılan böyük başlar, böyüklük düşgünü ulu dahilər yenidən qarşıma çıxsın. Həm də cümləsi alovlar içində çırpınaraq mənə sığınsın. Öylə şərab istərəm ki, insan qanilə bəslənmiş olsun. Hər dalğasında yeni bir zəfər, yeni bir qalibiyyət şöləsi parlasın və bütün cahanı qanlı tufanlara ğərq etsin. (Bir piyalə də içər.) Afərin! Afərin!.. Bu şərab daha meyxoş, daha kəskindir. (Piyaləni havaya fırladaraq.) Haydı, əski yunan və Roma ilahələri, Şərq pəriləri gəlsin. Rəqs edərək gözləri, könülləri oxşasın. Bəlkə dəhşət püskürən beynimdəki hisslər, dumanlar silinsin. Birinci şeytan (əyilərək). Şanlı və qüdrətli rəhbərimiz! Əsrimizdə pərilər və ilahələr yaşamayır. Könlünüzü açmaq üçün yalnız gözəl aktrisalar və rəqqasələr var. 

Bu sırada oynaq şərqi və çalğı səsləri eşidilir. 

İblis. Söylənib durma, bax gör o nə səsdir? Birinci şeytan (irəliləyib yola baxaraq). Şən və gözəl qaraçılar! Bu tərəfə gəlirlər. İblis. Gəlsinlər, bir az dinləyəlim. (Gəlib keçmək istəyən əlvan geyimli qaraçılara.) Durun, keçməyin, çalın, oynayın. Bizi əyləndirin! Bir qaraçı. Göz üstə, ba...ş üstə! (Yoldaşlarına.) Haydı baxalım. 

Hamısı bir yerdə şərqi söylər, rəqs edərlər. 

Şərqi 

İnsan ömrü dalğa kimi keçər, gedər. Hər gələn bir sevgi yolu seçər, gedər. Dərdi burax, zövqünə bax, unutma ki, Hər kəs əcəl badəsini içər, gedər. 

Biz sevdalı quşlar kimi güldən-gülə Uçub qaçar, əylənərik sevinc ilə. Əyilmədik heç bir qanun qarşısında, Bağlanmadıq heç bir yurda, heç bir elə. 

İblis. Nə şaqraq və sevimli qızlar!.. Nə çevik dəliqanlılar!.. Onların qara gözlərində mənim atəşimdən alınmış alov dalğacıqları parlayır. O süzgün baxışlar, o ədalı gülüşlər könlümün incə tellərini oynatdı. Alqış təbiətin şən yavrularına!.. Haydı, azadsınız. 

Bir ovuc altun atar, qaraçılar yerdən toplar. Sevinc ilə çalıb-oxuyaraq uzaqlaşırlar. Gəliş musiqisi. 

İblis. Kimdir bu gələn? Birinci şeytan. Yaponiya sularına gedən yoldaşlarımızdan biri! İkinci şeytan (yapon siyasi qılığında gəlir). Salam böyük rəisə, qocaman İblisə!.. İblis. Xoş gəldin, hardaydın? İkinci şeytan. Uzaq Şərqə vardım, imperatorlar və generallar mühitində dolaşdım, bütün gözlərə və beyinlərə kin və intiqam alovları saçdım. İblis. Nə gördünsə açıq söylə! İkinci şeytan. Yapon diplomatları hər gün yeni fitnələr uydurub, qonşu hökumətlərə rahatlıq verməyir. Bir yandan Mancuriya ilə Moğolstana soxulur, bir yandan Çini parça-parça bölməyə çalışırlar. Minlərcə, yüz minlərcə insan qanı axır, kimsə səsini çıxarmayır. Xalqın var-yoxu yanıb kül olur da, tüstüsü, dumanı çıxmayır. İblis. Nə demək!? Heç dumansız yanğın olurmu? Buna başqa hökumətlər nə deyir? İkinci şeytan. Nə deyəcək, oğru oğrunun ayağını basarmı? Hamısı paylaşmaqda, ov bölüşməkdə şərikdirlər. Yalnız ayaq altında əzilənlər, çörək yerinə torpaq yeyənlər, əlsiz-ayaqsız qadınlar və çocuqlar ara yerdə məhv olub gedirlər. İblis. Onun zərəri yox, daha nələr var? İkinci şeytan. Mənim tədbirlərim baş tutarsa, o yerləri daha qorxunc yanğınlar və tufanlar saracaqdır. İblis. Afərin, sən hər mükafata layiqsən. 

Gəliş musiqisi... 

O kimdir? Birinci şeytan. İtaliya və həbəş diyarına gedən yoldaşımız!.. Üçüncü şeytan (İtaliya qiyafətində gəlir, əyilir). Salam şanlı komandana! İblis. Anlat səndə nə xəbərlər var? Üçüncü şeytan. Mən sosializm qabığından çıxmış faşizm beşiyinə vardım, Roma generallarına qoşuldum, pərəstişkarınız Mussolini ilə görüşdüm. Müqəddəs Papa ilə kral beynində yuva yapdım, bir kibritlə bütün başları alovlandırdım. Hamısı qan-qan deyə cahangirlik xülyasilə, əzəmət sevdasilə müharibəyə girişdilər, atəşli makinalarilə yerdən-göydən həbəş ölkəsini yaxıb yıxdılar. Zəhərli qazlar ilə hər tərəfi dəhşətlər içində buraxdılar. Yalnız insanlar deyil, böcəklər, quşlar, nəhrlərdəki timsahlar belə zəhərlənmiş, havalarda və sularda tələf oldular. İblis. Həbəşlər nə etdilər? Durub baxdılarmı? Üçüncü şeytan. Xeyr, bütün qadın-ərkək silaha sarıldılar, İtaliyanın azğın ordusu ilə qəhrəmanca vuruşdular. Lakin... çox sürmədi ki... İblis. Nələr oldu? Söylə! Üçüncü şeytan. Son texnikaya qarşı bütün cəsarətlər qırıldı, bütün cəbhələr yarıldı. Ərəb mücahidləri al qanlar içində can çəkişirkən, həbəş hökmüdarı ölkəni buraxıb qaçdı. İblis. Çox gözəl, sonra? Üçüncü şeytan. Əlimdən gələn budur. Zəhmətim az olsa da, tökülən qanlar çoxdur. İblis. Afərin! Hər ikinizdən məmnun oldum. (İkinci ilə üçüncünün çiyinlərinə əl çəkər, birinci ilə ətrafdakılara.) Əcəba, sizlər nə etdiniz? (Qızışaraq.) Uh, içi boş dəyənəklər!.. Arsız köpəklər!.. Burada əsnəyə-əsnəyə yatıb uyquyamı qaldınız? Yeyib-içərək cünbüşəmi daldınız? Birinci şeytan. Nə etməli? Bizdə günah yox, bugünkü diplomatlar heç də köhnələrə bənzəməyir. Keçmişdə ufaq bir qığılcım, kiçik bir cinayət bütün cahanı bir-birinə qatardı, indi isə əksinədir. Hökumətlər hər söz ilə yerindən oynamaz. Hər kəs boş tüfəng daşıyan adamlar kimi həm özündən, həm özgəsindən qorxur. Diplomatlar bazar dəllalları kimi söz güləşdirməkdən zövq alırlar. Hər ölkə öz başını qorumaq istəyir, hər dövlət öz gələcəyindən şübhə edir. 

İblis (qızıb bağırır). Yetər, başımı ağrıtma! Bir yığın bacarıqsız hoppalarsınız. Böylə boş laqqırtılardansa iş görməli, hər gün yeni fitnələr düşünüb, yeni fırtınalar qoparmalı!.. Yoxsa cümləniz xain köpəklər kimi işdən qovulacaqsınız. Mənim səltənətim qansız yaramaz. Haydı, rədd olun, dağılın! Kimsəyə aman verməyin! Yıxın, yaxın! Yer üzünü başdan-başa yanğın yerinə çevirin!Şeytanlar. İtaət (Deyə əyilib dağılmaq istərlər. Gəliş musiqisi.) İblis. Bu kimdir? Birinci şeytan (yola baxır). Yeni bir yolçu! İblis. Baxalım bu nə deyir? Dördüncü şeytan (İspaniya faşistləri qılığında gəlir, əyilir). Böyük ustaya müjdələr! İblis. Söylə nə var, nə xəbər? Dördüncü şeytan. İspaniya getdikcə qarışır. Hər könüldə kin və dəhşət, hər ağızda qan qoxusu var. Ölkə və xalq ikiyə bölünmüş. Bir yanda cumhuriyyətçilər ilə inqilabçılar, bir yanda faşizm generalları ilə qiyamçılar!.. (Öskürdükdən sonra.) Lakin... İblis (qızğın). Lakin!.. Lakin!.. O nə deməkdir? Dördüncü şeytan. Biz faşistlərə yardım etməsək, yanğın tez sönəcək. Getdikcə artan xalq ordusu üstün gələcəkdir. İblis. Sus, bacarıqsız yaramaz! Ona bir çarə bulunmadımı? 

Dördüncü şeytan. Əlimdən gələni əsircəmədim. Tək əldən səs çıxmaz. İblis (şat! - deyə üzünə bir sillə vurur). Al iştə bax, çıxarmı? Çıxmazmı? Dördüncü şeytan. Uf, üzüm yandı, gözlərim alovlandı. Sanki bu da bir mükafatmı? İblis. Mükafat ancaq yenilməz və dönməzlər üçündür. Dördüncü şeytan (titrək səslə). Əvət, haqlısınız. İblis (birinci şeytanın qulağından çəkərək). Bəhey! Sərsəm! Birinci şeytan (bağırıb hoplar). Vay aman! İblis. Məni dinlə! Böylə boş-boşuna baxıb durmaq yaramaz. Haydı, sən alman torpağına var. (Üçüncüyə.) Sən də İtaliyaya dön! Hər ikiniz siyasi dairələri ayaqlandırın. (Dördüncü şeytanı göstərir.) Həm də bu şaşqın tənbələ yardım edin. Hər ikisi. İtaət! (Deyə yoldaşları ilə bərabər uzaqlaşırlar.) İblis. Unutmayın ki, yaramaz və gevşəklərin yeri cəhənnəmin dib bucağıdır. Arif (ayılır. Əlini alnından çəkər. Ağaclar arxasında saxlanan İblisi görməyərək, həyəcanlar içində yerindən qalxar). Uf, ey mənim alovlu beynim! Sən vulkanlar içindəmi bəsləndin? Ey yaralı quş kimi çırpınan qəlbim! Sən qızıl mərmərdənmi yapıldın? Ey mənim həssas sinirlərim! Ey həyatımın incə telləri! Siz nə qədər qatı və duyğusuzsunuz. Əcəba, sizi dəmirdənmi, poladdanmı yaratdılar? Uuf, bilməm ki mən bu cahana neçin gəldim? Göz yaşlarını silmək üçünmü? Yanğınları söndürmək üçünmü? Yoxsa yer üzünü qaplayan ağır faciələrə şahid olmaq üçünmü? Oh, nə alçaq mühit, nə qorxunc əsr!.. Əcəba, mədəniyyət maskasında gizlənən vəhşilər nə zaman qan içməkdən doyacaqlar? Çin və Həbəşistan fəlakətləri bitməmişkən İspaniya dəhşətləri başlayır. Diplomatlar zəhər püskürən ilanlar kimi ölkədən-ölkəyə soxulur. İnsan qanı axıtmaq üçün hər gün yeni bəhanələr, yeni fitnələr uydurulur. Daimi sülhü özləyə-özləyə hər gün hərbi zavodlar tikilir. Suçsuz və dinc əhalini qırmaq üçün hər gün yeni planlar çəkilir. İblis. (ağaclıqdan çıxar. Kinayəli qəhqəhə ilə). Arif! Zavallı Arif! Sən yenəmi uslanmadın?! Yenəmi hissiyyata qapıldın? Unutma ki, insanları yeniləşdirib canlandıran ancaq müharibədir. Arif. Yalan!.. Bu vəsvəsələr faşizm düşüncələrində parlayan qara şimşəklərdir. İblis. Saqın, coşub-daşma! Daimi sülh arzusu yaldızlı xülyadan başqa bir şey deyil. İsa dövrü çoxdan keçmiş. Mərhəmət fəlsəfəsi bu gün üçün büsbütün yıpranmış və çürümüşdür. Arif. Mən qan içənlərə nifrət bəslərəm. İblis. Halbuki, qan axması hər zaman insanlara zərər verməz. Bəzən də səhhət və şəfa vasitəsi olur. Arif. Çəkil önümdən! Sən xain və alçaq bir məxluqsan. İblis. Sən də mühakiməsiz və şaşqın bir filosofsan. Arif. Öylə isə al, bu qurşunun axıdacağı qan sənə də şəfa versin. (Revolverlə ona atəş açarsa da dəyməz.) İblis. Zavallı!.. Bax, cılız bir qurşun da sənə itaət etməyir. Həm də nə çocuqca sayğısızlıq!?. Sən vulkanı qığılcımlamı söndürmək istəyirsən? (Qoltuğundan çıxardığı ufaq bir makinadan Arifin üzərinə dumanlı alov püskürür.) Al, bu məndən sənə bir dərs olsun. Arif. Ah, nə dəhşət!.. (Bayılıb hovuz kənarındakı sıra üzərinə yıxılır.) İblis. Saqın, bir də həddini aşma! İndi bayılsan, bir də qiyamətdə ayılacaqsan. (Uzaqlaşır.) 

Köşkdə həzin və şikayətli musiqi çalınır. Bu halda gözəl qiyafətli, munis baxışlı Sima izindən ayrılmayan tunc geyimli, yağız çöhrəli Tuncərlə bərabər ağaclıqdan çıxar. Təlaş ilə yaxlaşır. 

Sima. O nə?.. Aman, Tuncər! Durma, su ver! Adamcığaz bayılmışdır. (Arifin burnuna dərman qoxladıb su səpərlər.) Arif (gözlərini açaraq). Ah, mənə nə oldu? Röyamı görürəm? 

Sima (onun qolundan tutub qaldırır). Əvət, həyat bir röya, insanlar da röyada parlayıb sönən kölgələrdir. Arif. Sənin kim olduğunu bilmək maraqsız deyildir. Sima. Mən məhtablı mayıs gecələrinin ilıq busələrindən yaradılmış bir qızcığazam!.. Arif. Əvət, üzündəki saflıq mayıs səhərindən dadlı və sevimlidir. Gözlərindəki süzgünlük və cazibə sevdalı gecələr kimi munisdir. Səsindəki lətif ahəng hər musiqidən gözəldir. Səndəki bu vüqar və əzəmət, bu incəlik və şətarət ən böyük sənətkarların ilhamını süsləyə bilir. Rica edirəm, sən kimsən? Sima. Mən bir çox şairlərin, filosofların könlünü ovlayan, ən yüksək və dərin düşüncələrdə qanad çalan bir dilək pərisiyəm. Arif. Adın nədir? Sima. Sima! Arif. Sən əski zamanlarda gəlsəydin, sevgi və gözəllik tanrıları qarşında dix çökərlərdi. Sima. İndi insanlar tanrılara ininmadıqları üçün səcdə etmək də istəməzlər. Arif. Səni dünyada ən çox maraqlandıran nədir? Sima. Yalnız sülh və məhəbbət!.. Mən bəşəriyyət üçün çırpınan, qan izlərini silməyə çalışan sülh pərisiyəm. (Munis və gülümsər baxışla uzaqlaşmaq istər.) Arif. Aman, dur! Ta çocuqluqdan bəri könlüm sənin həsrətinlə çırpınır. Yalnız ayıqlıqda deyil, röyalarımda belə səndən ilham almaqdayam. Sima. Təşəkkür edirəm. (Yanındakı cəngavərə.) Tuncər, gedəlim. Arif (heyrətlə). Gerçəkdən Tuncərmi? Mən onu çoxdan tanıyıram. (Tuncərin əlini sıxar.) Söylə, indiyə qədər haralarda idin? Tuncər. Başıma gələnlər uzundur. Bir zaman tarlalarda, fabrikalarda çalışan əməkçilərə qoşuldum, bir zaman da cahangirlərə qarşı duran inqilabçılara yardımçı oldum. Lakin bu cəsarətim əfv olunmadı. İstibdad jandarmaları məni zəncirlədilər, kirli zindanlara atdılar. Nəhayət, qarşındakı parlaq sima məni ağır üzüntülərdən qurtardı. İndi izlədiyim yalnız bu gözəl pərinin gözəl diləkləridir. Arif. Nə böyük səadət!.. Nə uğurlu inqilab!.. Sima (Tuncərə). Gedəlim. Arif. Xeyr, getmə, sənin eşqinlə çarpan könlümü öksüz buraxma! Sima. Məni sevən izimdən ayrılmaz. (Uzaqlaşır.) Arif (heyrətli baxışlardan sonra). Ah, o bir yıldız kimi axıb getdi. Bir xəyal kimi, bir röya kimi süzülüb getdi. Xayır, mən onsuz yaşamam, onsuz yaşamam. (Simanı izləmək istər.) Rəna (uzun saçları omuzlarına dağılmış olduğu halda gecə köynəyində gəlir). Arif! Sənə nə olmuş? Bu sözlər kimin üçündür? Arif. Heç sorma. Rəna. Gecə yarıdan keçmiş, neçin gəlib uyumayırsan? Arif. Məni yalnız burax! Rəna. Rənaya qarşı bu soyuqluq nədir? Yenə gözlərinə kimlər göründü? Söylə, könlünü çalan hankı afətdir? Söylə! Arif. O yosma bir qız, sevimli bir idealdır. Mən ona heyran oldum, ondakı yüksəkliyə vuruldum. (Sürətli addımlarla gedər.) Rəna (həyəcanlı). Nə sayğısızlıq!.. Məni yalnız buraxdı, öksüz və kimsəsiz buraxdı. Xeyr, o məni atsa da, mən onu təkbaşına buraxmaram. (İzlər). İblis (yandan çıxaraq). Şaşırma, dur! Sən gecə köynəyilə onu izləyəməzsən. Yolda soyuq alıb məhv olarsan. Rəna. Zərər yox, onlar da məhv olmalıdır, mən də. İblis. Bu həyəcanlar yersizdir. Rəna. Xeyr, bu sayğısızlıq, xəyanət intiqamsız qalmaz. İblis. Əvət, intiqam ən müqəddəs bir vəzifədir. Gəl, mən bu yolda heç bir yardımı səndən əsirgəmərəm. (Rənanı ridasının qanadları altına alır, qaranlıq çökər.) 

PƏRDƏ 

İKİNCİ PƏRDƏ 

Madriddə yüksək və möhtəşəm bir yapı... Sağda başqa evlər, solda güzlük ağacları... İkinci çağı, buludlu hava... Göy gurlar, şimşəklər çaxar... İblis ixtiyar professor qiyafətində - yağmurluğa bürünmüş olduğu halda - Rəna ilə bərabər gəlir. Ara-sıra silahlı qadın, erkəklər yoldan keçər. 

Rəna. Aman, nə dəhşətli səfər!? Biz haraya gəldik, bura hansı şəhərdir? İblis. Biz Madriddəyik, İspaniya paytaxtındayıq. Bax, bu qocaman, möhtəşəm yapı ən böyük universitet, ən parlaq mədəniyyət ocağıdır. Rəna. Xeyr, baxsana, orada yataqlar və şəfqət bacıları var. İblis. Görünür, müharibədə yaralı düşənlər çox olduğundan universiteti xəstəxanaya çevirmişlər. 

Hava aydınlaşır. Bir yığın silahlı-silahsız ispanyol qızları və dəliqanlıları şaqraq və oynaq bir çalğı ilə gəlib keçərlər. İki qızla iki dəliqanlı da rəqs edər. Bu sırada uzun, ağ köynəkdə şux, gözəl bir ispanyol qızı Ema şəfqət bacıları ilə bərabər xəstəxanədən çıxar, tamaşa edərlər. Sonra Ema yoldan keçən tüfəngli, patrondaşlı bir dəliqanlını yumşaq və zərif ahənglə səslər. 

Ema. Kastilyo!.. Kastilyo!.. (Qapı arxasında gizlənir.) Kastilyo (dönüb baxar, heyrətlə). Kim o? Mənimi çağırdılar!? Bu, gözəl Emanın səsinə bənzəyir. (Bir az düşündükdən sonra.) Xeyr, onun burada nə işi? (Uzaqlaşmaq istər.) Ema (çıxar, yenə səslər). Kastilyo!.. Kastilyo!.. Kastilyo (dönər, sevinc ilə). Ema, Ema, sən burdamısan? Ema. Əvət, xəstələrə baxıram. Sən haraya? Kastilyo. Aşağıda körpü başında gecə növbətçisiyəm. Ema. Sənidəmi əsgərliyə aldılar? Kastilyo. Xeyr, könüllü yazıldım. Ema. Yaşa, var ol! Bilsən nə qədər sevindim. Gəl!.. Gəl!.. Səni... (Qucaqlayıb öpər.) Bax böylə!.. Kastilyo. Qız! Şaşırdınmı? Kənardan baxıb görürlər. Ema (incə qəhqəhəylə). Görsünlər, nə olur? (Bir daha öpər.) Rəna (İblisə). Aman, nə sayğısızlıq, nə utanmazlıq!? İblis. Bunlar sizə bənzəməz. Avropalıların sevişib-öpüşmələri daha azaddır. 

Bu sırada tüfəngli Xalid, mərakeşli ərəb yoldan keçir. Onların öpüşdüklərini görür. 

Xalid. Kastilyo! Kastilyo! Gecikmiyəlim. Ema. (diksinərək). Uf, əsmər ilan! Bu haradan çıxdı? Kastilyo. Saqın, Xaliddən ürkmə, o çox namuslu adamdır. Başqa ərəblər yurdumuzu taladıqları halda, o, faşistləri buraxdı, bizim tərəfə keçdi. Həm də bu saat mənimlə bərabər növbədə duracaq. Ema. İnanma, yabançılar xain olur. Kastilyo. Xeyr, onun könlü bizimlədir. (Dönərək.) Xalid, gedəlimmi? Xalid. Gedəlim. (Kastilyonun qulağına.) Ee gördüm, öpüşdüyünüzü gördüm. 

Kastilyo. Necədir? Bəyəndinmi? Xalid. Barakallah! Maşallah! Oynaqdır, şaqraqdır. Kastilyo. Başqası deyil, nişanlımdır. Bu yaxınlarda evlənəcəyik. Xalid (Emaya gülümsəyərək). Çox mübarək, gözəl qızdır. İşvəlidir, nəşəlidir. Kastilyo. Öz aramızdır, Emanı bir az diksindirdin. Xalid. Neçin? Mən adam yeyən deyiləm. Ema. Necə? Adam yeyənmi? (Şaqraq gülüşlə...) Xalid. Sözlərim tühafmı göründü? Bütün dünya bir-birini yeməyirmi? Ema. Əvət həqsiz deyilsiniz. Kastilyo. Xalid çox incə adam!.. O gözəl ud çalar, gözəl şərqi də söylər. Ema. Hanıya, mən görmədim. Kastilyo. Haydı, bir-iki ağız söyləsənə! Xalid. Baş üstünə. (Ərəb ahəngilə oxur.) 

Səni ürkütdümü halım, çiçəyim! Öylə yan baxma, aman, sevdiciyim! O baxışlar, o duruşlar, o əda Qoparır fırtınalar ruhumda. 

Gözlərin qoymadı taqət məndə, Bir daş olsam da, gözüm var səndə. Edəməm könlümü əsla məcbur, Səni kim görsə, xəbərsiz vurulur. 

Kastilyo (əlilə onun omuzunu oxşayaraq). Bravo!.. Bravo!.. Haydı, sən yavaş-yavaş yürü, mən də gəlirəm. Xalid (başını oynadıb gülümsər). Əvət, məsələ məlum! (Qulağına.) İş vaxtı öpüş yasaqdır. Gecikmə, tez gəl! (Uzaqlaşır). Kastilyo. Bu saat, əzizim, bu saat. Ema (əlilə nişanlısını itələr, darğın). Get, get, sən də bərabər get! Kastilyo. Ema! Yetər, aradan nələr keçdi? Nə oldu sənə? Ema. Nə olacaq? Qaranı gördün də ağı unutdun. Anlat görüm, üç gündür haradasan? Kastilyo. Gecə-gündüz qışlada məşq edirik. Ema. Olsun, bir gəlib aramaq, sormaq yoxmu? 

Kastilyo. Sən bilirsən ki, vətən eşqi və vətən qurtuluşu hər şeydən yüksək və müqəddəsdir. Ema. Olsun, mən də vətənin bir üzvü, bir parçası, bir yavrusu deyilmiyim? Kastilyo. Vətən anadır. Bütün sevgilər ana məhəbbəti qarşısında sönük qalır. Ema. Bilirəm, məndən soyumusan. (Əlilə itələr.) Get, get, yolundan qalma! Rəna. Nə tühaf!.. Həm sevişir, həm çəkişirlər. İblis. Baxma, çəkişmək də sevişmənin bir növüdür. (Ağac dibindəki sıra üzərində otururlar.) Kastilyo (xəstəxanəyə girmək istəyən Emaya). Getmə, dur! Ema (nazlanır). İstəməm, xeyr. Kastilyo (qolundan tutaraq). Bəri gəl! Çocuqluq, dəlilik yetər! Ema (cibindən kiçik bir revolver çıxarır). Sus, bir də böylə təhqir etsən, özümü öldürərəm. Bilirsən ki, indi insanların bir qurşun qədər dəyəri yoxdur. Kastilyo. Anladım, əvət, anladım. Çocuq da mənəm, dəli də, oldumu? Ema (şən və oynaq). Bax böylə!.. Bu cavab xoşuma getdi. Kastilyo (onun əlini sıxaraq). Bağışla, çox gecikdim. (Getmək istər.) Ema. Dur, sözüm daha bitmədi. Növbədən sonra anamın yanına uğrarsan, saqın unutma! Kastilyo. Neçin? Gərəkli bir işmi var? Ema. Səninlə toy haqqında danışacaqdır. Kastilyo. Bilirsən ki, yerimiz dardır, geniş bulayım da sonra. Ema. Lazım deyil, bizə köçərsən, bu günlərdə evlənməliyik, vəssalam! Kastilyo. Nə olmuş canım, dünya dağılmadı ki!? Ema (ayağını yerə vuraraq). Mən öylə istərəm, eşitdinmi? Anam kimsəsizdir, tək başına buraxmaq olmaz. Kastilyo. Çox gözəl, haydı, gəl səni bir daha qollarım arasına alım. (Qucaqlayıb öpür. Xızlı addımlarla uzaqlaşır.) 

Bu sırada qucaqları - kağızlara sarılmış konserv, şəkər, çay, biskvit və başqa şeylərlə dolu bir yığın qadın, erkək qarşıdakı evdən çıxırlar. 

Ema. Natella!.. Natella!.. (Deyə, onların arasındakı gənc qadına doğru qoşur, öpüşürlər.) Natella. Ema! Necəsən, gülüm? Ema. Yaxşıyam, sənin keyfin? Natella. Çox şükür. Ema (uzaqlaşan nişanlısını çağırır). Kastilyo, Kastilyo! Kastilyo (geri dönər). Nə var, Ema? Ema. Yolunuz birdir, Natellaya yardım et! Natella. İstəməz, zəhmət çəkməyin. Kastilyo. Ver, ver! Heç bir zəhməti yox. (Şeylərin yarısını alır.) Ee...e nə bolluq canım!? Bunları sizə kim paylayır? Ema. Kim paylayacaq?.. Bizimkilər! Kastilyo. Yenə müəmma söyləyirsən. Natella. Xeyr, müəmma deyil. Bu şeylər cahan proletarları tərəfindən bizə hədiyyədir. Həm də çox qismi böyük Sovetlər İttifaqından göndərilmiş. Ema (şən və öyünürcəsinə). Əvət, biz yardımsız və kimsəsiz deyilik. (Natellaya.) Bağışla, unutdum. Çocuq hanı? Evdə yalnızmı buraxdın? Natella. Xeyr, yalnız deyil, anamla xəstə qardaşım bizdədir. Kastilyo. Ərin harda? Natella. Madrid altında pulemyot başında. İblis. Acıyın bizə, allah eşqinə, yardım edin. Ema. Siz kimsiniz? İblis. Talesiz bir professor!.. Gözlərim zəhərli qaz və başqa kimya təcrübələrində kor olmuş. Natella. Uf, bilməm bu alimlər zəhərli qazlarilə, yaxıcı makinalarıyla insanlardan nə istəyirlər. Kastilyo. Onların bir çox kəşfiyyatı bəşəriyyəti umulmaz vəhşiliyə, qorxunc fəlakətlərə sürükləyir. İblis (dərindən ah çəkərək). Əvət, yavrum, bizim elmimiz cəhalət qədər iyrənc və uğursuzdur. Ona görə də Allah məni öz əlimlə cəzalandırdı. Uf, lənət olsun mənim taleyimə! Natella. Keçmiş artıq, üzülmək yersizdir. (Rənanı göstərir). Bu kimdir? İblis. Qızımdır. Bizə sığınacaq yer verin. Kastilyo (gülərək). Yerimiz olsaydı, toyumuzu beş gün əvvəl edərdik. Ema (sinirli). Sözü çeynəmə, dedim a, bizə köçərsən, vəssalam! Natella. Gedəlim, çocuq acdır. Kastilyo. Haydı, haydı! (Sürətli addımlarla uzaqlaşırlar.) Ema. Uğurlar olsun! (Əlini dodaqlarına götürür.) Natella! Unutma, körpəciyəzi mənim yerimə də öpərsən. Natella. Yaxşı, gülüm, yaxşı. Rəna. Uf, səbrim tükəndi, Arif harda? İblis. Üzülmə, bu saat gəlib çıxar. Ema (beş-altı addım yürür, yana). Bəlkə bunlar acdır. (Dönüb yaxlaşır.) Professor! Yeyib-içməyə ehtiyacınız

yoxmu? İblis. Xeyr. (Rənaya.) Bəlkə sən bir şey istərsən. Rəna. Bir parça əkmək olsaydı... Ema (onu xəstəxanəyə götürür). Gəliniz, yaxşıca makaron şorbası da var. İblis. Get, qızım, mən burdayam. (Gedərlər.) 

Birinci, ikinci, üçüncü və dördüncü şeytan ortaya fırlayaraq İblisə qarşı əyilirlər. 

Hamı birdən. Salam böyük ustamıza! İblis (qığılcımlar saçan gözlərini açaraq). Nə var, nə xəbər? Birinci şeytan (alman tipli). Ən parlaq müjdələr!.. Mən Hitler Almaniyasını dolaşdım, özümüzə bir çox məsləkdaş qazandırdım. Oradakı əməkçilərdən başqa hər kəs qan-qan — deyə qızmış canavar kimi dünyaya meydan oxuyurlar. 

İblis. Alqış sənə, alqış səndəki baş-qulağa! Birinci şeytan. Halbuki, sən mənə başarıqsız, yaramaz deyirdin. İblis. İncimə, quzum, pişik balasını sevdiyindən dişlər. Birinci şeytan (əyilir). Təşəkkür edirəm. Çox lütfkarsınız. İblis. Haydı, sən yenə Almaniya tərəflərinə dön, heç bir zaman iş başından ayrılma! Birinci şeytan. Göz üstə, baş üstə! (Hoplayaraq uzaqlaşır.) İblis (yapon qılıqlı ikinci şeytana). Ehe, sən burada nə gəzirsən? İkinci şeytan. Təcrübəmi artırmaq istəyirəm. İblis. Nə sarsaqlıq!? Neçin Mancuriya və Çin tərəflərini buraxıb gəldin? Oralarda az işmi var? İkinci şeytan. Məraq etmə, oradakı yapon generalları, yapon diplomatları fitnəkarlıqda bizdən daha açıqgözlü və mahirdirlər. Hər gün yeni bir fırıldaqla çinliləri bir-biri üzərinə saldırırlar. Hər gün yeni qırğınlar düzəldib soyğunçuluqdan, qan içməkdən doymayırlar. İblis. Saqın, o cəbhəni unutmaq olmaz. Həmən oraya uçmalı! Həm də radio kimi, elektrik kimi, eşitdinmi? (Ayağını yerə vurur.) Haydı, rədd ol! İkinci şeytan. Bu saat. (Əyilib gedər.) İblis (İtalyan tipli üçüncü şeytana). İndi sən söylə! Üçüncü şeytan. Mən İtaliyada girib-çıxmamış bir yer buraxmadım. Ordakı başçılar sizin iltifat və mükafatınıza layiq insanlardır. Onlar gecə-gündüz almanlarla bərabər tanklar, aeroplanlar, zəhərli qazlar, yaxıcı bombalar göndərib İspaniya faşistlərinə kömək edirlər. İblis. Çox gözəl. (İspanyol tipli dördüncü şeytana.) Səndə nə xəbərlər var? Dördüncü şeytan. Hər şey yerində. Bütün faşizm çetələri general Frankoya, o da mənim göstərişlərimə tabedir. Bu saat Madrid üç tərəfdən araya alınmış. Xalq ordusu, milis və işçi alayları qorxu altındadır. (Uzaqda iki-üç top partlar. Təyyarə uçuşları eşidilir.) İblis. Bu nə? Dördüncü şeytan. General Franko gecə hücumuna başlayır. İblis. Daha durmaq yaramaz. Siz də onlara yardımçı olun! Hər tərəfdən bombalar, güllələr yağdırılsın, gözəl paytaxt yanğın yerlərinə dönsün. Üçüncü şeytan. Əmin ol, daş daş üstündə qalmayacaq. Dördüncü şeytan. Gedəlim. (Qoşaraq gedərlər, səhnə işıqlanır.) Rəna (gəlir). Nə oldu Arif? Gəlib çıxmadımı? İblis (qarşıda görünən əli sarılı Ariflə həmşirə qiyafətli Simanı göstərir). İştə yeni vurulduğu Sima ilə bərabər! Rəna (sinirli). Uf, bütün vücudum sarsılmağa başladı. Məndə qüdrət olsaydı, hər ikisini əlimlə parçalardım. İblis. Səbirsiz olma, yeri gəldikdə hər ikisindən intiqam alarsan. (Bir yana çəkilib görünməz olur.) Rəna (Simanı qısqanc və kinli baxışla süzərək). Ah, nə qədər nazlı və məğrur!.. O, püsküllü yıldız qədər zəhərli və şairanədir. (Kəskin addımlarla ona yaxlaşaraq.) Gözəl qız! Məni dinlə!.. Sən kimsən? Şeytanmısan? Pərimisən? Cəlladmısan?.. Söylə, məndən nə istəyirsən? Arif (şaşqın). Rəna! Səni buraya kim gətirdi? Hansı duyğular sürüklədi? Rəna (nifrətlə). Söylətmə məni, çəkil! (Simanı yaxalar.) Ah, sən məndən nə istəyirsən? Söylə, mənim suçum nədir ki, zəhərli dırnaqlarınla könlümü parçalayırsan. Sima. Biləks, mən yaralı könüllərə hörmət bəslərəm, kimsəsiz və öksüzləri sevindirmək istərəm. Arif. Əvət, o, insan üzüntülərinə şəfqət nuru sərpən yüksək və nəcib bir simadır. Rəna. Sən sus, yaralarımı yenidən qanatma! Sima. Rəna! Könlünü mənə açsaydın, bəlkə bir təsəlli, bir çarə bulurdum. Rəna. İstəməm. Mən mərhəmət dilənçisi deyiləm. Arif. Saqın! Yersiz şübhələrə qapılma! Sima insaniyyət sevgisilə, mərhəmət duyğusuyla çırpınan bir xilqətdir. Yalnız deyil mən, hər vicdan sahibi, hissiyyata qapılan Rəna belə, bir çocuq kimi ona sarılmalıdır. Sən bugünkü İspaniyanı başdan-başa gəzib görsəydin, bizim nə acılar, nə üzüntülər çəkdiyimizi anlardın. (Bu sırada sədyələr üzərində universitetə daşınan yaralıları göstərir.) İştə, gözlərini aç da seyr et! Bu ölkədə yüz minlərcə yaralı döyüşçülər, yoxsulluq içində çırpınan xəstə qadınlar, kimsəsiz çocuqlar qəhr olub

getməkdədir. Onlara yardım əlini uzatmaq bir günah isə, gerçəkdən Sima da, mən də suçluyuq. Neçin düşünməyirsən? Bütün dünya əməkçiləri hər yerdən, hər diyardan buraya yeyəcək, geyəcək göndərirlər. Hər yandan yığın-yığın könüllülər kömək üçün axışırlar. Yalnız bizmi bu yüksək duyğulardan məhrum olacayıq? Yalnız bizmi amansız qırğınlara seyrçi qalacayıq? Sima (köynəyinin qolunu yuxarı çəkərək, sarılı yeri göstərir). Baxsana! Bu mənim qolum, bu da Arifin əli!.. İştə bizim mükafat! Qanlı faşistlərdən aldığımız mükafat!.. Rəna (ah çəkər). Əvət, haqlısınız, mən xain İblisə uydum. (İblisi göstərmək üçün arxaya baxaraq.) O mənim yüksək duyğularımı zəhərlədi, həm də bir anda heçliklərə gömülüb yox oldu. Sima (onun əlini əlləri içinə alaraq). Heç zərər yox, keçən yanlışlar üçün üzülmə! Bir həqiqət gec anlaşılsa da, yenə həqiqətdir. Gəl sən də, mən də bir həmşirə kimi uca diləklər uğrunda çalışalım. Bax, bütün evlər başdan-başa yaralıdır. Gəl, o fədakar qəhrəmanlara, onların xəstəlik və aclıq pəncəsində qıvrılan ailələrinə yardım edəlim. (Qoltuğundakı ağ, uzun köynəyi ona geydirir.) Al, bu da sənin. Bax, nə gözəl yaraşır. Rəna. Təşəkkür edirəm. Sima. Gəliniz, Rəna bir az rahatlansın. (İçəri girərlər.) 

Musiqi. Silahlanmış zabitlər, əsgərlər, işçi qadınlar və erkəklər, dürlü qiyafətli avropalı könüllülər Tuncərlə bərabər gəlir. 

Ema (şəfqət bacılarilə bir yerdə tamaşaya çıxar, ən sonda gələnləri əlilə göstərir). Baxsana, o zabitlərlə gələn baş komandan general Miaxadır. (Yanındakılara.) Dinləyəlim. Görünür nitq söyləyəcək. Miaxa (kəskin və kinli ahəng ilə). Vətəndaşlar! Üsyançı faşizm ordusu getdikcə azmağa başlayır. Gecə-gündüz vəhşi hücumlardan vaz keçmirlər. İnkvizisyon cəlladları kimi önlərinə gələni yaxıb-yıxmaqdan çəkinmirlər. Universitetlər, muzeylər, xəstəxanələr, teatrlar top güllələrilə dağılır. Bütün mədəniyyət ocaqları alman və italyan bombalarilə yanıb külləri göylərə sovrulur. Vaxtilə keçmiş ərəblər Tariq ibn Ziyad ordusilə bu ölkəni sardılar. Lakin mövhumatçı papaslar quyruğunda sürünən xalqımızı tənbəllik və cəhalət uyqusundan diksindirdilər. Onların göstərişilə sənət və əkin işlərimiz irəlilədi. Tibb və fəlsəfə fakültələrimiz yüksəldi. Halbuki, indiki mərakeşlilər faşistlərə uyaraq qadın və çocuq tanımayırlar. Yaxıb-yıxmaqdan başqa bir şey bilməyirlər. Tuncər. Qəhr olsun oğrular, quldurlar! Camaat (yumruqlarını havada sallayaraq). Qəhr olsun! Miaxa. Almanlar, italyanlar hüququmuzu ayaqlar altında çeynəyir. Biz bu vicdansız, bu amansız soyğunçuları ölkəmizdən qovmalıyıq. Tuncər. Rədd olsun qanlı cahangirlər! Camaat. Rədd olsun! Miaxa. Asi generallar ölkəni aclıqdan qırmaq istəyirlər. Camaat. Məhv olsun! Natella (saçları dağınıq, başı alovlu, köksü yaralı olduğu halda gələrək, dəhşət və həyəcanlar içində bağırır). Ah, eyvah! Onlar bizi qəhr etdilər. Yurdumuzu, yuvamızı dağıtdılar. Onlar!.. O yırtıcı haydutlar evimizə benzin səpib atəşlədilər. General Miaxanın əsir düşmüş ailəsini məhv etdilər. Miaxa (yana). Oh... Alçaqlar!... Rəzillər! Natella. Onlar mənim ağsaçlı anamı, xəstə qardaşımı süngü altında parçaladılar. Südəmər çocuğum, o məsum yavrucuğum beşikdə qaldı, alovlar içində külü havaya sovruldu. (Çılğınca fəryad ilə.) Ah, yavrum! Talesiz yavrum!.. (Hıçqırıqlar içində bayılıb düşər, alıb içəri götürürlər.) 

Bu sırada pulemyot və təyyarə səsləri eşidilir. Ətrafda bombalar partlar, alov dalğaları yüksəlir. 

Miaxa. Vətəndaşlar! Erkək-qadın, sosialist-bitərəf, bütün cumhuriyyətçilər bilməlidir ki, mənim həlak olmuş ailəmin acı sərgüzəşti vətən fəlakətləri qarşısında heçdir. Hər kəs ölkə müdafiəsi uğrunda, hüquq və hürriyyət yolunda birləşməli, İspaniya faşizm məzarı olmalı, haydı, arş irəli! Ya zəfər, ya ölüm! 

Coşğun musiqi... Kinli addımlarla savaş meydanına doğru hərəkət edərlər. 

İblis (qızıl qiyafətdə görünür, daşqın sevinc ilə). Aman, nə dəhşətli yanğınlar! Nə parlaq mənzərələr!.. Artıq qəsvətli qaranlıqlardan əsər yox. Gecə gündüzdən seçilməyir. İki dəniz, iki tufan bir-birilə çarpışır. İki axın, iki sinif qarşı-qarşıya gəlmiş. Oğul atanı, qardaş qardaşı tanımayır. Bir yanda əmək qəhrəmanları, bir yanda faşizm cəngavərləri. Bir-birini boğazlayır. Kimsə kimsəyə aman verməyir, kimsə kimsəyə acımayır. Neron sağ olsaydı, bu parlaq mənzərəyə məftun olardı. Həm də özünü yeni əsrin neronları yanında çox kiçik bulardı. 

Gurultu və çarpışmalar getdikcə qızışır, top güllələri bir-birinin ardınca partlar. Ətrafdakı pəncərələrdən, divarlardan bir neçəsi devrilir. Üçüncü və dördüncü şeytan qoşaraq gəlir, İblisə qarşı əyilirlər. 

Üçüncü şeytan. Aman, nə qorxulu döyüşlər!.. İblis. Cumhuriyyət ordusu nə halda? Üçüncü şeytan. Dəhşət!.. İçlərində öylə qəhrəmanlar var ki, tanklar üzərinə atılmaqdan çəkinməyiblər. 

Dördüncü şeytan. Buna baxmayaraq, faşistlər bu saat onları geri püskürtdülər. İblis. Neçin? Bu olur şeymi? Dördüncü şeytan. Onlar texnika və silahca daha güclüdür. (Əlilə cöstərir.) Baxsana, xalq alayları geri çəkilməkdədir. İblis (irəliləyib baxar). Əvət, doğru, haydı bir yana çəkiləlim. (Uzaqlaşırlar.) 

Xalq ordusu və könüllülər çarpışa-çarpışa səhnəyə çəkilir. Vuruşan erkək və qadınlarda yaralanıb düşənlər olur. 

Birinci yaralı (qadın... yıxılaraq). Ah, xainlər, alçaqlar! İkinci yaralı. Hər şey bitdi, gözəl vətən ayaqlar altında çeynənib getdi. Miaxa. Haydı geriyə, nizam ilə geriyə!.. Düşməni hər tərəfdən araya almalı, daha kəskin və ağır zərbə endirməli!.. 

Səhnədən çəkilirlər. İspanyol, mərakeşli, alman və italyan qiyafətli qiyamçılar atışaraq irəlilər. General Franko da onların arasında görünür. 

Bir ispanyol. Çəkilin, yol verin! Mərakeşli. O kimdir? İspanyol (əlilə göstərir). Baş komandan general Franko! Franko (gəlir). Qəhrəman silahdaşlar! Xalqı sosializmə və kommunizmə doğru sürükləyənlər əzildi. Tanrının yardımilə cümhuriyyətçilərə üstün gəldik. Ordumuzdakı almanlar və italyanlar böyük cəsarət göstərdilər. İgid mərakeşlilər də qaplan kimi çarpışdılar. Bir alman zabiti. Yaşasın birlik və yenilməz qüvvət! Franko. Yaşasın müzəffər ordumuz! Tuncər (kənarda durub dinlədikdən sonra sərt və kəskin). Xeyr, bu zəfərlər sizi öyündürməsin. Bu sərxoşluq və sevinciniz çox sürməz. Sizin yardımçınız bir yığın cahangirlərsə, bizim arxamızda bütün cahan əməkçiləri durmuş. Franko. Bu nə azğınlıq, bu nə cəsarət? Alman zabiti. Onun gözlərində kin və xəyanət dalğalanır. Tuncər. Sizə xain olsam da, sinifdaşlarına xain deyiləm. Franko (qızğın). Sən kimsən? Tuncər. Mən əmək dünyasının yenilməz bir əsgəri, inqilab cəbhəsinin sarsılmaz bir nəfəriyəm. Mən qabarlı əllərin, tərli alınların yılmaz bir rəmzi, sarsılmaz bir nümayəndəsiyəm. Franko. Bu hərif susdurulsun. Ətrafdakılar. Oh!.. (Deyə hücum edərlər.) Tuncər. Durun! Mənə qulaq verin. Əcəba, sərxoşmusunuz, kormusunuz? Xain generallara uyub da qardaş qanına susamaqda bir şərəfmi var? Neçin ana-bacılarınızı, qadın və çocuqlarınızı düşünməyirsiniz? Əcəba, siz də bizim kimi əmək yavruları deyilmisiniz? Qırıb-çatdığınız qurbanlar öz yurddaşlarınız deyilmi? Yaxıb-yıxdığınız bu gözəl vətən sizin deyilmi? Franko. Bizimdir. Lakin buraxmarıq ki, hər baldırı çılpaq bu ölkədə ixtilal çıxarsın, hər gün yeni bir tufan qoparsın. Biz yalnız vətənin səadət və istiqlalını istəyirik. Natella (xəstəxanədən çıxar, son sözləri eşidərək çılğınca ahəng ilə). Aman, o xaini dinləməyin! Onu izləyən cəlladlara qulaq verməyin! Onlar bizi satdılar, onlar bizi məhv etdilər. Onlar taundan, vəbadan qorxulu, qıtlıqdan və ölümdən dəhşətlidir. İtalyan zabiti. Sus, bir cılız qurşun səni susdurar. (Revolverini çıxarır, atarkən açılmaz.) Natella (önə atılaraq xəncərlə onu köksündən yaralar). Haydı gəbər! Xain canavar!.. (Natellanı boğazından yaxalar.) 

Tuncər. Burax onu, şərəfsiz (Revolverlə atəş açar.) İtalyan zabiti. Ax, axx... (Yıxılır.) Tuncər. Qardaşlar! Bu qanlı cənazələrdən ibrət alın! O vəhşi komandanlardan, o vicdansız qatillərdən uzaqlaşın! Franko. Yetər, bu xain cəzasına yetirilsin. Bir bölük (Zabitin əsgərləri). Xeyr, o xain deyil. Franko. Sapqın sənsən!.. Dəliqanlı. Yetər, biz bundan sonra hər alçağa qul olmayacağıq. Biz cəllad deyilik. (Dəliqanlı ilə bərabər Tuncər tərəfinə keçərlər.) Biz qardaş qanı axıtmayacayıq. Vətən xainlərinə uymayacayıq. Bölük. Yaşasın vətən! Yaşasın istiqlal! 

Bu sırada Sima ilə Rəna xəstəxanədən çıxar, onları dinlərlər. 

Franko (yanındakı əsgərlərə). Gözləriniz kormu? Qulaqlarınız sağırmı? Haydı, yaylım atəşi!... (Tüfənglər nişan alır.) 

Sima. Durun, siz dəli olmuşsunuz. Siz insanlıq şərəfini ayaq altında çeynəyən vəhşilərsiniz. Sizdə vicdan yoxsa, düşüncədəmi yoxdur? Alman zabiti. Al, bu sənə ən parlaq cavab (Revolver partlar.) Sima (yaralanıb düşər). Ah, alçaq! Tuncər. Barbarlar! Vicdansızlar! Rəna. Onlar çıldırdılar. Natella. Yardım et, içəri götürək. 

Simanı qaldırıb xəstəxanəyə götürürlər. 

Tuncər (bölüklə bərabər silaha sarılaraq). Rədd olsun cəlladlar! Bölük. Rədd olsun! Franko. Haydı atəş!.. 

Hər iki tərəf hücuma keçərək atışırlar, coşğun musiqi... 

Miaxa (gur səslə). Xırsızlar!.. Uğursuzlar!.. 

Xalq alayları və könüllülərlə bərabər arxadan hücum edər. Kastilyo və Xalid də onların arasında görünür. Faşistlərdən bir neçəsi yaralanıb düşər. 

Birinci yaralı. Ah, dəhşət!.. Məhv olduq. İkinci yaralı. Bizi aldatdılar. Xəyanət bizi məhv etdi. 

Bu sırada qaçanlardan biri Kastilyonu qurşunla köksündən yaralar. 

Kastilyo (yıxılaraq). Ah, namərd! Məni namurad qoydun. Ona... Sevgili Emaya... Həsrət qaldım. Ema (çıxıb onun vurulduğunu görür. Söylədiyi sözlərdən mütəəssir olaraq yaxınlaşır. Yaralı fəryad ilə). Ah, Kastilyo! Kastilyo! Məni yalnız buraxma! Mən sənsiz yaşamam. (Onun başını qolları arasına alıb hönkür-hönkür ağlar.) Kastilyo. Xeyr, sən yaşa!.. Düşmənlərdən mənim... qanımı... al. Ema!.. Ağlama!.. (Ölür.) Ema. Ah, o susdu, bir şam kimi parlayıb söndü. (Kinli.) Xeyr, Kastilyo, xeyr, mən daha ağlamayacağam. (Kastilyonun tüfəngini qaparaq.) Sənin qanını öz silahınla alacağam. Miaxa. Haydı, vətəndaşlar! Bu qız sizə örnək olsun! Hücum!.. İrəliyə hücum!.. 

Coşğun musiqi... 

Hər tərəfdən. Urra, urra, urra!.. 

Emanı izləyərək qaçanları qovarlar. 

PƏRDƏ 

ÜÇÜNCÜ PƏRDƏ 

Belçikada sülh qurultayı... Salonun sağ tərəfində rəyasət heyətinə məxsus masa və qoltuqlar qoyulmuş. Heyət əzaları dürlü millətlərə mənsubdur. Yanlarda mühərrirlər və katiblər yerləşmiş. Ortadan sola doğru nümayəndələr oturmuşlar. 

Sədr. (ingilis lordu ayağa qalxaraq). Həzərat! Mən Avropanın mərkəzində qurulan böyük sülh qurultayını açıq elan edirəm. Buraya hər dövlətdən nümayəndələr gəlmiş, hər kəsin məlumu olduğu üzrə son zamanlardakı müharibə qorxusu 1914-cü ilə görə daha ağır, daha dəhşətlidir. Biz sülh uğrunda yaxşı mübarizə etmək üçün millətlər məclisinə təsir göstərməliyik və beynəlxalq tərk-silah məqsədilə tərtib olunmuş plan əsasında hərəkət etməliyik. İndi hörmətli Sovet nümayəndəsinə söz verilir. 

Alqışlar. 

Sovet nümayəndəsi (xitabət kürsüsünə çıxaraq). Möhtərəm cənablar! Bizə aydındır ki, yer üzündə sülh istəyənlər müharibə tərəfdarlarından qüvvətlidir. Çünki onların arxasında hərbə qarşı kin və nifrət bəsləyən xalqlar durmuşdur. Lakin bu yetərmi?.. Xeyr. İçimizdə öylə hökumətlər var ki, yeni əsrə qan və dəmir əsri — deyə dodaq gəmirməkdədirlər. Bəzi nümayəndələr (yerlərindən). Rədd olsunlar. İblis (kübar qiyafətli, ortayaşlı, qurnaz baxışlı bir papas... Papa vəkili rolunda olaraq, yanında oturan

nümayəndə qılıqlı üçüncü, dördüncü şeytana). Bu təcavüzdür. Üçüncü və dördüncü şeytan (yüksəkdən). Bu təcavüzdür. Birinci alman nümayəndəsi (yerindən qalxaraq). Əvət, təcavüz!.. Başqalarının hüququna təcavüz!..Arif (yerindən). Xeyr, deyil. Sədr (zilə basaraq məclisdəkilərə). Oturun! (Natiqə.) Sözünüzə dəvam edin! Sovet nümayəndəsi. Əvət, “qan! qan!” deyən bu hərbculara indiyə qədər millətlər cəmiyyəti tərəfindən ciddi bir qarşılıq görmədik. Öylə hökumətlər var ki, bu zəifliyə qarşı susmaq istəyir. Bu isə acınacaq bir haldır. Biz keçmiş cahan müharibəsinin qanlı qurbanlarını və doğurduğu millətlər ayrılığını unutmamışıq. Bəzi dövlətlər Şərqdə və Qərbdə yeni fitnələr törətməkdən çəkinmirlər. Hər gün sülhə tərəfdar olduqlarını söyləyərək, yeni hücumlar hazırlayırlar. Üçüncü şeytan (yerindən). Kimdir onlar? Kimdir onlar? Dördüncü şeytan. Açıq söylə, kimdir onlar? Çin nümayəndəsi. Çin ölkəsini parçalayan quldurlar!.. Həbəş nümayəndəsi. Həbəşistanı yaxıb-yıxan azğınlar!.. Yapon nümayəndəsi (diplomat... qalxaraq). Bu kinayələr yersizdir. Alman nümayəndəsi. Natiq susdurulsun! İtalyan nümayəndəsi. O yenə təcavüzə başlayır. Sədr (zilə basaraq). Həzərat!.. Sükut!.. Hər kəs öz sırasında söylər. (Sovet nümayəndəsinə.) Buyurun! Sovet nümayəndəsi. Əvət, bir çoxları təhlükəsizlikdən bəhs etdikləri halda, gecə-gündüz silahlanırlar. Dünyanın hər bucağına ədavət toxumu səpməkdən utanmırlar. Biz buna baxmayaraq daha sarsılmaz bir qüvvətlə çalışmalıyıq. Bütün ölkələrə, bütün insanlara qurtuluş yolları cöstərməliyik. O yol da ancaq bu siniflərin, dünya əməkçilərinin birləşməsilə olur. Yaşasın həqiqi sülh və əmək birliyi!.. (Gurultulu alqışlar altında xitabət kürsüsündən çəkilir.) Sədr (sol tərəfi göstərir). Həzərat! Gözləriniz aydın! Sülh pərisi gözəl Sima məclisimizi şərəfləndirdi. Arif (qalxar, əl çalaraq irəlilər). Alqış sevgi və dilək pərisinə! Nümayəndələr. Yaşa, var ol! Yaşa, var ol! 

Deyə hər yandan Simanı alqışlayaraq sədrin yanına qədər gətirirlər. Tuncər də onun ardınca gəlir. Qollarını köksündə çarpaz edərək bir yanda durur. 

Sovet nümayəndəsi. Ona söz verilsin. Fransız nümayəndəsi. İspaniya haqqında Simaya söz verilsin. Nümayəndələr. Söz verilsin. Sədr. Buyurun, sizi dinləmək istəyirlər. Sima. Nə söyləyim mən? İspaniyadakı qan fırtınalarını, dəhşət yanğınlarını təsvirə sözmü bulunur? Bu bədbəxt ölkə fəlakət pəncəsində qıvrılaraq hər gün yeni-yeni faciələrə şahid olmaqdadır. Yurdsuz qadınlar, ac və kimsəsiz çocuqlar ayaqlar altında çeynənib getməkdədir. Faşizm cəlladları şübhələndikləri işçilərə, onların öz əllərilə məzar qazdırırlar, sonra yüzlərcə, minlərcə yaylım atəşi altında məhv edirlər. İndi o gözəl diyar bir xərabəzardan başqa bir şey deyildir. (Göz yaşını silərək, titrək səslə.) Ah, ispanlar çox alçaldılar, çox alçaldılar. Sizlər bəxtiyarsınız ki, o vəhşətləri görmədiniz. Uf, kaş ki mən də görməyəydim, mən də!.. (Hönkür-hönkür ağlayaraq yerindən çəkilir. Heyətə məxsus sandaliyalardan birinə oturur.) Arif. Gözəl Sima! Ağlama! Bəşəriyyəti heç bir zaman göz yaşları qurtarmamışdır. İblis. Mənə söz veriniz, lütfən söz veriniz. Şeytanlar. Ona söz verilsin. Sədr (zilə basar, sükutdan sonra, İblisə). Buyurun. (Nümayəndələrə.) Bu cənab Roma papası tərəfindən göndərilmişdir. Arif (yana). Əvət, bu da müqəddəs bir tülkü!.. Baxalım nələr söyləyəcək. İblis (xitabət kürsüsünə çıxaraq Simaya). Alqış sənə yavrum, alqış səndəki həzin çırpınışlara! Alqış gözlərindən saçılan inci yaşlara. (Nümayəndələrə.) İştə həzrət İsa yolunu izləyən şəfqətli və mərhəmətli bir mələk!.. Mən hər kəsin bu könüldə olmasını dilərdim. İncili-şərif bizləri sülhə çağırmış, heç bir fənalığa qarşı qoyulmamasını göstərmişdir. Arif. (yerindən). Sən bu sözləri bizə deyil, kilsə divarlarına söylə. İblis. Mən bu acı kinayəni bağışlayıram. Cənab həqq bağışlayanları sevər. Siz məni dinlərsəniz, zalımlara qarşı durmazsınız. Arif. Yetər, hədyan dinləməyə vaxtımız yoxdur. İblis. Mən sənin bu qaba çıxışlarını cavabsız buraxmaq istəyirəm. Sədr. Sözünüzə dəvam edin. İblis. Ulu tanrı insanları sevgi üçün yaratmışdır. Vəqta ki, adəm evladı doğru yoldan sapar, onlara umulmaz bir bəla müsəllət olur. Arif (yana). Sonra!? 

İblis. Vəqta ki, İspaniya xəlqi kilsələrə və din rəhbərlərinə xor baxdılar, göylər səltənəti onları cəzasız buraxmadı. Mən əminəm ki, dinsizlər yer yüzündən qaldırılmadıqca sülh arzusu yersizdir.Üçüncü şeytan (yerindən). Doğrudur. 

Dördüncü şeytan. Əvət, dorğrudur. Arif (İblisə). Əcəba, bu yüksək ilhamları sana hankı “dahi” verdi? İblis. Təbii, papa həzrətləri!.. O məni buraya qarışdırmaq üçün deyil, barışdırmaq üçün göndərmiş. Hər kəs bilir ki, papa yer üzündə ən şanlı və müqəddəs bir rəhbərdir. Arif. Əvət, öylə müqəddəs rəhbər ki, bir yanında qanlı Mussolini, bir yanında cahangir kral!.. Sən də onların püskürtdüyü yanğınlara neft sərpən müqəddəs bir dəllal!.. İblis. Heç zərər yox. Mən bu təhqirlərə dayanıram. Sağ yanağıma sillə vursalar, solunu çevirməyə hazıram. Sədr. Vaxt azdır, məsələyə keçəlim. İblis. Biz əgər ümumi və daimi sülh istəyirsək, yalnız iki yol var: əvvəla, heç bir yerdə inqilabi hərəkata yol verməmək, ikinci, müharibə qızışdıranlar ilə yumşaq rəftar etmək... Sovet nümayəndəsi (qızğın). Xeyr, bizə əl uzadanların dişləri qırılacaqdır. Sədr (zilə basaraq). Rica olunur, natiqi kəsməyəsiniz! (İblisə.) Cənab, bitirin! İblis. Daha nə söyləyim? Anlayanlar üçün bu qədər kafidir. (Məyus addımlarla yerinə keçər.) Üçüncü şeytan. Ah, onu incitdilər. Dördüncü şeytan. Bu mədəniyyətsizlikdir. Sədr (zilə basaraq). İndi söz Almaniya nümayəndəsinindir. 

Nümayəndə xitabət yerinə keçər. 

Üçüncü şeytan (yanında oturan İblisə). Bu nə? Səndəmi sülh istəyənlər sırasına keçdin? Səndəmi hissiyyata qapıldın? Dördüncü şeytan. Öküz! Sən o incəliyi anlamazsan. İblis. Əvət, öylə tərs adamlar var ki, sülhə çağırsan hərb istər. Üçüncü şeytan. Bağışla, indi anladım. Dördüncü şeytan. Göz dəyməsin, baş var ha!.. İblis. Susunuz! Birinci alman (məğrur və sərt bir ahəng ilə). Həzərat! Hər kəs kimi Almaniya xalqının da sülhə böyük ehtiyacı var. Lakin bizim ölkədə yaşayış getdikcə ağırlaşır. Bu acı həqiqəti bilməyən yoxdur. Burada sevgidən, mərhəmətdən bəhs etdilər. Bu bir xəstəlikdir. Həqiqi sülhü əldə etmək üçün hər kəsin haqqı təmin olunmalıdır. Bizə hüquq və torpaq verilmədikcə, barışıqdan söz açmaq yersizdir. Birinci italyan. Doğrudur, doğrudur. İkinci italyan (işçi). Heç də öylə deyil. Birinci yapon. Natiq yanılmayır. Hər ölkənin ehtiyacı ödənilməlidir. İkinci yapon (işçi). Fəqət başqasına təcavüz edilməməli! Sədr (zilə basaraq). Yerinizdən söyləməyin. Birinci alman. Biz təmin olunmadıqca, Avropa dövlətləri sülh və əmniyyət görməyəcək. Kommunizm qorxusu, inqilab hərəkatı hər ölkəni titrədəcək, hər kəsi düşündürəcəkdir. İkinci alman (işçi... yerindən). Xeyr, səni qorxudan bu üzüntülər alman əməkçilərini qorxutmayır. Onların kimi işsizlikdən cana doymuş, kimi zəncirlər altında inləyir. Birinci alman. Boşboğazlıq yetər. Almanlıq şərəfini itirənlərlə mənim işim yoxdur. İkinci alman. Mən də hitlerçilər izilə sürünməkdə heç bir şərəf görməyirəm. Birinci alman. Bu cəsarət sənə ucuz oturmaz. İkinci alman (ortaya fırlar, yumruğunu sıxaraq). Biz kimsədən qorxmayırıq. Sədr (zilə basaraq). Həzərat! Harada olduğunuzu düşünməlisiniz. Birinci alman. Mən düşünürəm. Yalnız ipsizlər, sayğısızlar düşünə bilməyir. İkinci alman. Sayğısız olsam da, cəllad deyiləm. Sədr (zilə basaraq). Mən kimsəyə söz verməyirəm. İntizamı pozanlar məclisdən çıxarılacaqdır. Birinci alman. Onsuz da mən çıxmaq istəyirəm. Burada durmaq qan qaraltmaqdan başqa bir şeyə yaramaz. Birinci italyan (yerindən qalxar). Əvət, sıra-sayğısı olmayan məclisdə oturulmaz. Birinci yapon (qalxar). Haydı, mən də sizinlə bərabər. 

Hər üçü kinli baxışlarla çıxıb gedər. 

Sədr. Cənablar! İclası bitirmədən əvvəl sizə bildirməliyəm ki, bu yersiz çıxışlar təəssüfə layiqdir. Arif. Onlar buraya sülh üçün deyil, çəkişmək üçün gəlmişlər. Fransız sosyalist. Bu çəkişmələrin önü alınmazsa, bütün ölkələr üzərində qara buludlar oynaşacaq, milyonlarca insanlar qan və ölüm tufanında qol-qanad çalacaqdır. Sima (qalxaraq). Vəhşi heyvanlar belə sevgi və mərhəmətdən anlarkən, neçin insanlar bu qədər alçalır? İblis. Çünki vəhşilərdən də vəhşidirlər. Həqiqi insan hər fənalığı əfv etməlidir. Sovet nümayəndəsi (kinayəli və qızğın). Əvət, əgər hər kəs insanlıq şərəfini anlasaydı! Anlaya bilsəydi! Halbuki, faşizm cəlladları insan gəmikləri üzərində özlərinə heykəl yapdırmaq istəyirlər. Əcəba, quduz bir canavar, şaxə qalxmış bir ilan əfvə layiqmi?.. Xayır, əsla!.. Nə olursa-olsun, o canavarların dişləri qırılmalı, o ilanların başları qoparılmalıdır. 

PƏRDƏ 

DÖRDÜNCÜ PƏRDƏ 

İsveçrədə parlaq və möhtəşəm bir salon... Səhnədə üstü içki və məzələrlə dolu üç masa görünür. İçəridə daha geniş salon, masalar və rəqs yerləri var. Sol masada Ariflə Rəna... Sağda alman, italyan və yapon nümayəndələri... Ortada ingilis lordu yalnız oturmuşdur. 

Arif. Nə məraqlı bir səyahət! Gör təsadüf bizi haralara gətirib çıxardı. Bir yandan İspaniya faciələrini seyr etdik, bir yandan sülh qurultayını dinlədik. İndi İsveçrənin parlaq salonlarındayıq. (İçərini göstərir.) Baxsana, onların çoxu cəmiyyəti-əqvam əzalarıdır. Rəna. Təəssüf ki, bu adamlar sülh üçün az iş görmüşlər. Arif. Məncə, bu cəmiyyətə diplomatlar birjası demək daha doğrudur. (Qapıya baxaraq.) İştə Sovet və fransız nümayəndələri!.. (Gələnlərə yer göstərir.) Buyurun, bərabər oturalım. Sovet nümayəndəsi. Rahatsız olmayın. Arif. Rica edirəm. Fransız nümayəndəsi. Çox gözəl. (Əl verib otururlar.) İblis (gəlir ingilis lorduna yaxlaşır). Müsaidə buyurulurmu? Lord. Sizinlə görüşmək böyük səadətdir. İblis. Düşüncəlisiniz, gözlərinizdən intizarlıya bənzəyirsiniz. Lord. Gözəl Simanı bəkləyirəm. İblis. Möhtərəm lord! Sizdəmi ona vuruldunuz? Lord. Təbii deyilmi a? İblis (kinayəli gülüşlə). Əvət, anlayıram. Lord. Söylə baxalım, siyasət aləmində nələr var? İblis. Dünya getdikcə qarışmaq üzrədir. Hər halda, ayıq davranmalısınız. Lord. Məraq etmə, ingilislər heç bir zaman siyasi müvazinəti gözdən qaçırmaz. İblis. İnanıram, cənab lord! Sizdəki zəka bəllidir. Lord (soyuq gülüşlə). Biz gərək sülh, gərək hərb zamanlarında fürsətdən istifadə edilməsini gözəl bilirik. (Qədəhləri konyakla doldurur.) Şərəfinizə! İblis. Təşəkkür. (İçərlər.) (Sima Tuncərlə bərabər gəlir.) Lord. İştə gözəl Sima! Onun hər duruşu, hər baxışı, hər süzülüşü, hər qıvrılışı gönlümdə dərin izlər buraxır. Lakin, bu Tuncər dedikləri əsla məni açmayır. İblis. Əvət, o sanki inqilab mənasını təcəssüm etdirən bir heykəldir. Lord (Simaya qarşı əyilərək yer göstərir). Buyursunlar. Sima. Xayır, biz ayrı oturmaq istərik. Sovet nümayəndəsi (yaxlaşır). Bizimlə oturun. Fransız nümayəndsi. Lütfən... Arif. Rica edirik. Sima. Çox gözəl. (Əl verib otururlar.) Fransız nümayəndəsi. İsveçrə mühiti sizdə nə kimi təsirat buraxdı? Sima. Burada az-çox gönlüm açılmağa başladı. Bu ölkənin gözəlliyi və sülhpərvərliyi məraqsız deyildir. Sovet nümayəndəsi. O halda bizim Sovet mühitini daha çox sevərsiniz, çünki orada sizi sevənlər çoxdur. Sima. Təşəkkür edirəm. Arif (xüsusi). Sən bir günəşsən ki, səmimi gönüllər ancaq sənin kölgəndə isinə bilir. Sima. Çox lütfkarsınız. Arif. Daha doğrusu, pərəstişkaram. Rəna (yana). Oh, mənə qarşı nə sayğısızlıq!.. Yaralı gönlümü yenidən qanatmaq istəyir. (Qalxır, yanındakılara.) Bağışlayın, sizdən ayrılmalıyam. Sima. Nə oldu? Kefsizmisən? Rəna. İstirahətə ehtiyacım var. Arif. Yalnız gedə bilərmisən? Rəna (soyuq). Əvət. Tuncər. Müsaidənizlə mən də bərabər gələyim. Rəna. Zəhmət etməyiniz. 

Tuncər. Heç bir zəhməti yox. (Gedirlər). 

Musiqi... Salonun hər tərəfindən erkəklər, qadınlar rəqs etməyə başlar. 

Alman nümayəndəsi (Simanı rəqsə dəvət edər). Rica edirəm. Sima. Bağışlayın! İtalyan nümayəndəsi (yaxlaşır). Lütfən! Yapon nümayəndəsi (əyilərək). Təbii, məni rədd etməzsiniz. 

Sima. Çox yorğunam. 

Hər üçü iç salona keçib, başqa xanımlarla rəqs edərlər. 

Lord (İblisə). Məğrur qız, hər üçünü rədd etdi. İblis. Zənnimcə, sizi rədd etməz. Lord. Kim bilir!? (Doldurduğu qədəhi qaldırır.) Yaşasın gözəllik və sülh pərisi! İblis. Xeyr, hərb allahının şərəfinə içəlim. Lord. Etiraz yox. 

İçərlər. Getdikcə musiqinin səsi alçalır, qaranlıqlar içində rəngarəng qığılcımlar uçuşmağa başlar. İblis (yerindən qalxaraq üzünə düşən qızıl alov parıltısı altında, coşğun və sərxoşca ahəng ilə). Alqış sevda gecələrini oxşayan qaranlıqlara! Alqış qaranlıqlar içində süzülən sevimli işıqlara! Alqış ipəklər içində qıvrılan qanatsız quşlara! Alqış oynaq və incə ayaqlardakı nazlı uçuşlara! Alqış vurğun gönülləri ovlayan süzgün almaslara! Alqış qönçə dodaqlardakı meyxoş ehtiraslara! Alqış sevinc dalğalarında qopan gizli tufanlara! Alqış dadlı busələrdə çırpınan dəli heycanlara! Alqış odlu bucaqlara sığınan bayğın tavuslara! Alqış incə bellərə sarılan çılğın kabuslara! Alqış yer üzünü sarsıdan qorxunc ilhamlara! Alqış ölüm və cəhənnəm püskürən kinli intiqamlara! 

Rəqs bitər, alman, italyan və yapon diplomatları son sözləri dinlər. İblisə qarşılıq söyləyərək ayrı-ayrı qucaqlaşıb öpüşürlər. 

Alman nümayəndəsi. Eşq olsun dəmir və qan şüarilə köpürən al qanlara! Eşq olsun zəfər və qalibiyyət üçün patlayan vulkanlara! İtalyan nümayəndəsi. Eşq olsun sənə!. Səndəki qüdrət və bəlağətə! Yapon nümayəndəsi. Eşq olsun bizə qarşı bəslədiyin sədaqətə! Sovet nümayəndəsi (nifrətlə qarışıq kinayəli ahəng ilə yanındakılara). 

Eşq olsun intiqam və ölüm sərxoşlarına! Eşq olsun dəhşət və kin bayquşlarına! 

Arif. Eşq olsun fəlakətlərdən səadət umanlara! Eşq olsun məzlum qanilə bəslənən kor vicdanlara! 

Sima (sarsılmış bir halda qalxaraq). Ah, bu acı kinayələr gönlümdə zəhərli izlər buraxdı. Savaş meydanlarında gördüyüm vəhşətlər gözlərimdə canlandı. Bu şən və parlaq salon məni bir zindan kimi, bir məzar kimi sıxmağa başladı. (İblis ilə diplomatları göstərir.) Hələ onlar!.. Onların tikanlı sözləri atəşli qırbaclar kimi beynimi yaxdı. Sovet nümayəndəsi. Rica edirəm, öylə həzyanlara qulaq verməyin. Sima. Xeyr, getməliyəm. Mən o çirkin hərəkətləri soyuq qanla tamaşa edə bilməm. Arif. Yerimizi dəyişdirəlim. Fransız nümayəndəsi. İçəriyə keçəlim. Sima. Rahatsız olmayın, bir az təkbaşıma hava almaq istəyirəm. (Əl verir.) Arif. Yalnızmı? Sima. Tuncər gəldi, bərabər çıxarıq. Sovet nümayəndəsi. Çox təəssüf!.. Bu heç yaxşı olmadı. Sima. Zərər yox, sonra görüşərik. (Çıxarlar.) Lord (heyrətli baxışla Simanı arxadan süzərək). Aman, nə qədər cazibəli, nə qədər şairanə!.. Fransız nümayəndəsi (lordun yanına keçərək). Əvət, o bir cənnət quşudur. Alman nümayəndəsi. Mən onu bir qartal kimi pəncəmdə xırpalamaq istərdim. İtalyan nümayəndəsi. Xayır, o eşsiz göyərçin mənim könlümdə yuva yapmalıdır. Yapon nümayəndəsi. Məncə, ən parlaq gözəllər də yalnız qüvvətə qarşı əyilirlər. Fransız nümayəndəsi. Sima o qədər yüksək ki, heç bir qüvvətə qarşı əyilməz. Alman nümayəndəsi (yumruğunu şiddətlə masaya vurub bağırır). Xeyr, əyilər, əyilməzsə məcbur edərik. Lord. Cənab! Bir az centlmen olmalı!.. Bu hərəkət yüksək cəmiyyətə yaraşmaz. İblis. Əvət, qüvvət və qalibiyyətdən bəhs edənlər hünərlərini salonlarda deyil, müharibə meydanlarında

göstərməlidir. Alman nümayəndəsi. Biz gücsüz və aciz deyilik. İblis. Əfsus ki, bir əngəliniz var, o da ölkə daxilindəki işçi və əməkçilərinizdir. Onları qandırıb aldatmadıqca müvəffəqiyyət çətindir. Alman nümayəndəsi. O xüsusda sənin yardımına böyük ehtiyac var. İblis. Xeyr, o işlərdə cənab Trotski məndən daha mahirdir. Əməkçilər və işçilər arasında olmasa da, kapitalistlər və imperialistlər yanında az-çox nüfuzu var. Lord. Gözəl tanıyırıq, istedadsız adam deyil. İtalyan nümayəndəsi. O bizim əziz və dəyərli dostumuzdur. Yapon nümayəndəsi. Həm də bir çox düşüncələri bizim siyasətə uyğundur. Alman nümayəndəsi. O, qoca və təcrübəli bir sosialistdir. Arif. Fəqət ordusuz bir komandan!.. Gəmisiz bir kapitan!.. Sovet nümayəndəsi (Ariflə bərabər getməyə hazırlanaraq, kinli və qızğın). Xeyr, xeyr... O, sosializm üfüqlərini ləkələyən qara buluddan başqa bir şey deyil. O, məsləkini şöhrətə satan bir dəllal, əmək dünyasını aldadan nankor bir zavallıdır. O, faşizm qapılarında sürünən yaltaq bir casus, cahan proletarlarına yeni zəncir hazırlayan şərəfsiz bir məxluqdur. 

PƏRDƏ 

BEŞİNCİ PƏRDƏ 

İsveçrədə yüksək və möhtəşəm üslub ilə süslənmiş böyük bir oda... Qarşıda ipəkli pərdə arxasında yataq odası bulunur. Sima ən zərif bir qiyafətdə olaraq masa yanında, əli alnında düşüncəyə dalmış. Gecə... 

Xidmətçi qız (əlində bir gül dəməti girər). Müsaidənizlə Arif sizi görmək istəyir. Sima. Gəlsin. Xidmətçi qız (qapıya). Buyurun. Arif (girər, əl verir). Axşamınız xeyir. Sima. Xeyrə qarşı. Arif. O nə?.. Gözlərinizdə həyəcan izləri var. Sima. Onlar məni rahat buraxmayırlar. (sinirli.) Ah, onlar... Onlar... Arif. Lütfən söylərmisiniz? Kimdir onlar? Sima. Keçən axşamki həriflər!.. Alman, yapon və italyan diplomatları! Arif. Burayamı gəlmişlərdi? Sima. Əvət, öncə müsaidə istədilər, qəbul etmədim, həyasızcasına içəri soxuldular, üz vermədim, sevgidən söz açdılar, üzümü çevirdim. Qorxutmaq istədilər, aldırmadım. Nəhayət, qızğın və kinli addımlarla çəkilib getdilər. Arif. Nə ədəbsizlik, nə tərbiyəsizlik!.. Xidmətçi qız (bir kart vizitlə gəlir). Sima (baxar). İngilis lordu! (Qıza.) Söylə rahatsızdır. (Qız çıxar, Arifə.) Mən o soyuq və məğrur hərifin ikiüzlü siyasətində, ikimənalı sözlərində heç bir səmimiyyət görmədim, o daima ciblərini sülh eşqinə üstün tutmaq istər. Arif. Əvət, həqsiz deyilsiniz. (Bu sırada qapı barmaq ucilə vurulur.) Sima. Gəliniz. 

Tuncər (girər). Müsaidənizlə, bizim əməkdaşlar sizi görmək istəyir. Sima. Gəlsinlər. Tuncər (qapıya). Haydı, yoldaşlar! 

Təyyarəçi, topçu, tankçı, bəhriyyəli əsgər, başı pozuq hər rütbəyə, hər vəzifəyə, hər milliyyətə mənsub çeşit qiyafətli işçilər və əməkçilər içəri girər. 

Sima. Əhvalınız? Əməkçilərdən bir qismi. Təşəkkür! Tuncər. Bunlar inqilab yavruları, əmək qəhrəmanlarıdır. Hamısı bir nəfər kimi sizə hörmət bəslər.Sima. Var olun, mənim gönlüm daima sizinlədir. Tuncər. Sülh uğrunda candan-başdan keçməyə hazırıq. Bizi sıxmaq istəyənlər bulunursa, dəmir pəncəmizdə ilan kimi qıvrılacaq, məhv olacaqdır. Hamısı (yumruqlarını sıxaraq). Əvət, məhv olacaqlar! Tuncər. Yetər, biz bu gündən sonra kölə olmayacağıq, heç kimsəyə əyilməyəcəyik. Hamısı. Xeyr, əyilməyəcəyik. Sima. Təbii, dəmir biləklərə, bükülməz qollara zəncir yaraşmaz. Bütün bəşəriyyətin səadət və qurtuluşu ancaq nasırlı əllərdə, ancaq dünya əməkçilərinin birləşməsindədir. Tuncər. Yaşasın birlik, məhv olsun xainlər! 

Hamısı. Məhv olsun! Tuncər (yoldaşlarına). Gedəlim. Sima. Haraya? Tuncər. Aşağıda mənim odamda müşavirəmiz var. Sima. Nə müşavirə? Tuncər. Faşizm Almaniyasilə Yaponiya imperatorluğu Sovetlər İttifaqına qarşı yeni hərb müahidəsi bağlamış, hər iki tərəfdən inqilab yurdunun coşğun alovlarını söndürmək istəyirlər. Sima. Ah, demək, daha qorxunc yanğınlar, daha qanlı səhnələr hazırlanır, öyləmi? Tuncər. Zərər yox, onlar bizə taxmaq istədiyi zəncirləri er-gec öz qollarında görəcəklər. (Yoldaşlarına.) Gedəlim. Sima. Gediniz, sizə uğurlu günlər dilərəm. (Onlar çəkildikdən sonra, Arifə.) Lütfən mənə yardım et. Arif. Aman, nə oldu? (Təlaş ilə qolundan tutar.) Sima. Bu acı xəbər sanki qəlbimin tellərini qırdı, yenə gözlərimi qan və ölüm dalğaları sarmağa başladı. (Məndil ilə gözlərini silər.) Arif. O nə, ağlayırmısan? Sima. Xayır, bir az mütəəssir oldum. (Başını Arifin köksünə dayar.) Arif. Aman, sinirlərin nə qədər zəif!.. Səndə çocuqca bir həssaslıq var. Rəna (qapı arasında görünür. Arifin sözlərini dinlər. Yana). Səndə də umulmaz bir sapqınlıq var. Arif (Rənanı görür). Neçin gəldin? Sən buraya neyçün gəldin? Rəna. Sənin eşqini, xəyanətini alqışlamaq üçün. Arif. Bir az özünə gəl! Sən həqiqəti görməkdən acizsən, qısqanclıq səni kor etmişdir. Rəna. Biləks, ehtiras dumanı sənin gözlərinə pərdə çəkmişdir. Ona vurulduğun gündən bəri mənə gül verməyirsən. Sima. Xayır, Rəna, Arif sənindir. Daima sənin olacaqdır. Rəna. İstəməm, uf, istəməm. Heç bir nəvaziş istəməm. (Çıxıb gedir.) Sima. Arif! Sən də get, onu yalnız buraxma! Arif. Çox gözəl, gedərəm, lakin harada olsam, gönlüm səni özləyəcəkdir. (Onun əlini öpər, həsrətli baxışla.) Əlvida!.. Sima. Gülə-gülə... Sizə sevincli gönüllər dilərəm. (Arif çıxar. İşıq azalır.) İblis (alovlu qiyafətilə pərdə arxasından çıxar). Müsaidə varmı? Sima (diksinərək). Ah, sən buraya haradan girdin? İblis. Hər yerdən. Heç bir qapı və divar mənim qarşımda əngəl olamaz. Mən bir anda Çin səddindən Eyfel bürcünə uçaram. Gözlərini yumub-açınca, Himalay dağlarını aşaraq Mühit dənizlərini keçərəm. Mən əngin fəzalara dalıb, bir nəfəsdə günəşləri, kəhkəşanları dolaşaram. Sima. Sən əfsanələrdənmi doğuldun? Yoxsa hər gün bir rola girən artistmisən? İblis. Əvət, öylə bir artistəm ki, hər rolda dahiyanə məharətlə şöhrət buldum. Hər səhnədə daima qalib və müvəffəq oldum. Hər işvəkar mənim alovlu pəncəmdə qıvrıldı. Bütün gözəllər mənim qucağıma atıldı. Lakin sənin könlün, sənin sevgin hər gün mənə, mənim möhtəris duyğularıma üzüntü verməkdədir. Səni qollarım arasında görmədikcə səadətin varlığına inanmayacağam. Sima. Sənin gözlərində xəyanət qığılcımları parlayır. Əllərində qan ləkəsi varp. Çəkil buradan, məni yalnız burax! İblis. Nə fərqi var? Mən çəkilsəm, başqası gələcək. Heç bir könül sənə pərəstişkar olmaya bilməz. Sima. Mən sənə nifrət edirəm. İblis. Nifrətlə məhəbbət bir-birinin əksi olsa da, ifadə etdikləri məna birdir. Sima. Sən hər gün rəngini dəyişdirən canbaz bir filosofsan. İblis (gülərək). O hansı fəlsəfədir ki, daimi və sabit olsun? Dünyada hər şey dönüb dolaşır, biz də bərabər. Bütün həyat axıb dəyişir, biz də içində. Sima. Sən şər elçisi, fəlakət bayquşusan! İblis. Unutma ki, hər şərri bir xeyir izlər. Hər səadət bir fəlakətlə qiymətlənir. Təzad həyatın ahəngidir. Bizə gülümsəyən hər bahar dəhşətli bir qışdan doğar. Qaranlıq gecələr olmasaydı, gözləri oxşayan yıldızlar bunca sevilməzdi. Şübhə yox ki, sən də o parlaq yıldızların ən sevimlisi, ən gözəlisən. Sima. Yetər! Bu sözləri şairlər o qədər çeynəmiş ki, artıq qulaqları tırmalayır, eşidənlərə usanc verir. İblis. Əvət, heç yanılmayırsan, munis və səmimi hərəkətlər şairanə sözlərdən daha dəyərlidir. (Qollarını açaraq yaxlaşır.) Gəl, yaxın gəl, bir kərə də olsa... Sima (onun sözünü yarıda kəsərək). Yaxlaşma! Sənə baxdıqca qəlbimə atəşli dikənlər sancılır. İblis. Atəşsiz yaşayış olmaz. Mən öz atəşimlə səni aşılamaq istəyirəm. Sima. Uf, ürəyim partlayacaq, haydı, çıx buradan! Çıx, gözüm görməsin. İblis. Təlaş etmə! Mən çıxsam da, başqası girər. Günəş batdığı yerdə yalnız qaranlıqlar çökər. (Masa arxasında durduğu halda yavaş-yavaş enərək görünməz olur.) Sima (şaşqın). Nə dəhşətli mənzərə!.. Mən röyamı görürəm? 

Bu sırada başdan-ayağa qara örtünmüş, əlləri silahlı dörd adam girər. 

Birinci qara geyimli. Gəliniz, o burada. 

Sima. Ah, siz kimsiniz? Nə istəyirsiniz? İkinci qara geyimli. Sənin ölümünü! (Əllərində revolver nişan alırlar.) Üçüncü qara geyimli. Durun, o mənim əlimdə həlak olacaq. Dördüncü qara geyimli. Xeyr, o bizimlə bərabər gedəcək. Birinci qara geyimli. Haydı, fürsəti qaçırmayalım. (Hücuma hazırlanır.) Sima. Toxunmayın, mənə toxunmayın! Birinci qara geyimli. Bağırma, sus! İkinci qara geyimli. Sənin hər parçan bir əldə olacaq. Dördüncü qara geyimli. İncitməyin, o təslim olacaq. Üçüncü qara geyimli. Mərhəmət zəiflikdir. Xidmətçi qız (qapı arxasından baxar, təlaş ilə). Ah, dəhşət!.. (Geri dönər.) Üçüncü qara geyimli (əlindəki iri bıçağı Simanın köksünə saplamaq istər). Onu mən susdurmalıyam. Dördüncü qara geyimli (mane olurkən). Toxunmayın, yazıqdır. 

Gözilə “vur” işarəti verir, hər yandan hücum edirlər. 

Sima. Alçaqlar, vicdansızlar!.. Birinci qara geyimli (revolverlə qorxudur). Kəs səsini! (Deyə yaxalayıb boğmaq istərlər.) Sima (acı fəryad ilə). Ah, can qurtaran yoxmu? Tuncər (yoldaşlarilə bərabər içəri soxularaq). Oh, qatillər! Uğursuzlar!.. Durun, kimsə yerindən tərpənməsin!.. Heç birinizə qurtuluş yoxdur. (Simanı əllərindən alaraq.) Sima! Sevimli dilək pərisi!.. (Yoldaşlarına.) Açın bunların kirli maskalarını! (Birər-birər açarlar. Tuncər kinayəli səslə). Əvət, bəlli, bu italyan dostumuz!.. Bu da yapon nümayəndəsi!.. Bu da əli bıçaqlı alman!.. Bu da... sülhü sevən ingilis lordu!.. (Onları üstdən-aşağı süzərək.) Nə şərəfsizlik!.. Heç utanmadınızmı? İnsan böylə məsum qıza qıyarmı? Sizdə nə mərhəmət var, nə də vicdan. (Yanındakılara.) Haydı! Bağlayın qollarını! (Bağlayırlar.) 

Bu halda Sovet nümayəndəsi qapı arasında görünür. Kimsə onun gəldiyini sezməz. 

Lord. Bağlayın, məndə bir suç yox. (Yoldaşlarını göstərir.) Bunların təsirinə qapıldım. Tuncər. Onu sonra mühakimə edərik. Lord. Simaya sorunuz, mən onu qorumaq istədim, qurtarmaq istədim. Tuncər. Sonra baxarıq, eşitmədinmi? Lord. Öylə isə protesto edirəm. Tuncər. İndi protestoya baxan yoxdur. Sima (təlaş ilə). Tuncər! Bunlara nə cəza veriləcək? Ölümmü? Tuncər. Ölümdən daha ağır, daha dəhşətli bir cəza varmı? Sima. Saqın, heç birinə toxunulmasın. Mən yalnız o könüllərə vurğunam ki, qan izini yer üzündən silsin, silə bilsin. Açın qollarını, hamısını azad buraxın. Tuncər. Əsla mümkün deyil. Biz bunlara öz əllərimizlə cəza verməliyik. Sovet nümayəndəsi (irəli gəlir). Xeyr, siz deyil, onlar... Bəli onlar... Hər ölkənin əzənləri və əzilənləri var. Bizim intiqam tək-tək insanların deyil, milyonların intiqamıdır. (İtalyan diplomatının qolundan tutaraq, italyan qiyafətli bir işçi ilə bir təyyarəçiyə verir.) Alınız, bu siz italyanların!.. (Alman diplomatını alman tipli bir əsgərlə bir topçuya verir.) Bu da siz almanların!.. (Yapon diplomatını yapon qılıqlı bir işçi ilə bir balıqçıya verir.) Bu da siz yaponların!.. (Lordu da ingilis matroslarına verir.) Bu da siz ingilislərin!.. (Tuncərlə yoldaşlarına.) İştə bunlara, bu qara üzlü kabuslara biz deyil, ancaq öz vətəndaşları, öz əməkçiləri cəza verməlidir. Bütün dünya bilir ki, biz hər şeydən əvvəl sülh tərəfdarıyıq. Lakin bu maskalı xainlərlə əlbir olan faşizm generalları yeni bir yanğın, yeni bir müharibə hazırlarsa, əmək qəhrəmanlarımız bu həyasızlığa qarşı tamaşaçı qalmayacaq. Yıldırım sürətilə mübarizə meydanına atılacaqdır. Həm də döyüş səhnəsi inqilab yurdunda deyil, faşizm ölkələrində olacaqdır. (Tuncərlə yoldaşlarına.) Əvət, sizlər!.. Sizinkilərlə bərabər bütün cahan əməkçiləri əmin olmalıdır ki,sülh düşmənlərinin bulanıq, qanlı dalğaları bizim hüdudun polad divarlarına çarpılıb qırılacaq, azğın orduları da er-gec sərab olmuş ümidlər kimi sarsılıb məhv olacaqdır. 

PƏRDƏ 

SON