respublikanın təlim rus dilində olan ümumtəhsil · tutulmayıb) və zərfliyin məna...

14

Upload: others

Post on 08-Sep-2019

11 views

Category:

Documents


0 download

TRANSCRIPT

Page 1: Respublikanın təlim rus dilində olan ümumtəhsil · tutulmayıb) və zərfliyin məna növlərinə, həmcins cümlə üzvlərinə, sadə və mürəkkəb cümlələrə, hətta,
Page 2: Respublikanın təlim rus dilində olan ümumtəhsil · tutulmayıb) və zərfliyin məna növlərinə, həmcins cümlə üzvlərinə, sadə və mürəkkəb cümlələrə, hətta,

Respublikanın təlim rus dilində olan ümumtəhsil

məktəblərinin 8-ci sinifləri üçün “Azərbaycan dili”

dərsliyi

Müəlliflər: Yusif Seyidov

Sevinc Novruzova

Bakı: XXI YNE, 2012.

Dərsliklə bağlı TQDK-ya daxil olan və açıq müzakirələrdə

bildirilmiş qeydlər, iradlar və təkliflər əsasında hazırlanmış

YEKUN RƏY

Page 3: Respublikanın təlim rus dilində olan ümumtəhsil · tutulmayıb) və zərfliyin məna növlərinə, həmcins cümlə üzvlərinə, sadə və mürəkkəb cümlələrə, hətta,

Yekun rəy aşağıdakı meyarlar əsasında formalaşmışdır:

1. Məzmun baxımından;

2. Dizayn və bədii tərtibat baxımından.

1. Məzmun baxımından

Dərslik hazırda respublikanın ümumtəhsil məktəblərində qüvvədə olan tədris

proqramı əsasında hazırlanıb. Dərslik 32 dərs, qiymətləndirmə üzrə tapşırıqlar, əlavə

tapşırıqlar, lüğət və proqramdan ibarətdir.

Dərslikdə bəzi qüsurlar var. Bunlar aşağıdakılardır:

Əksər şeirlər və mətnlər həcmcə çox kiçik və bəsit olub, şagirdlərin yaş

səviyyəsinə uyğun gəlmir. Güman ki, ixtisarlar edildiyindən onlar nəticədə çox

primitiv şəkil almış və natamam mətn təsiri bağışlayır (məsələn, §21). §1, 10, 12, 15,

18, 24 və 31-dəki materialların həm həcmi, həm də mürəkkəblik dərəcəsi aşağı

olmaqla, 8-ci sinfə uyğun deyil. Klassiklərə həsr olunmuş mətnlər həddən artıq

yığcam və bəsit şəkildə verilib (məsələn: §4, 13, 14, 16). Bəzi mətnlərin yenidən

işlənilməsinə ehtiyac duyulur (məsələn: §2, 8, 10). Belə ki, ölkədə gedən dinamik

inkişaf, quruculuq işləri, yeniliklər mətnə daxil edilməyib. Dərslikdə mövzuların

yerləşdirilməsində təxmini də olsa, təqvim nəzərə alınmalı idi. Məsələn, §7-də “Şəhidlər” poemasından bir hissə verilib ki, bu, təxminən oktyabr ayının ilk

həftəsinə təsadüf edəcək, lakin bu mövzunun, təbii ki, yanvar ayında keçilməsi

məqsədəuyğundur. Bu mənada §7, 11, 12, 17, 19-un, həmçinin, 10, 34, 70, 87, 91,

100, 102, 137-ci tapşırıqların yeri münasib deyil.

Dərslikdə tapşırıqlar paraqraf (§) daxilində deyil, ardıcıl olaraq nömrələnmişdir

(1-dən 347-dək). Bu isə dərsliyə ağırlıq gətirir. Əksər tapşırıqların şərti isə yalnız

bundan ibarətdir: “Düzgün intonasiya ilə oxuyun” (məsələn: tapşırıq 14, 58, 61, 75,

77, 81, 98, 101, 150, 151, 158, 186, 212 və s.), “Oxuyun, tərcümə edin” (məsələn:

tapşırıq 15, 18, 35, 55, 60, 69, 76, 89, 90, 91, 92, 93, 94, 100, 107, 108, 114, 116,

119, 120, 123, 134, 153, 154, 157, 164, 191, 193, 194, 204, 218 və s.), “Oxuyun,

əzbərləyin” (məsələn: tapşırıq 25, 32, 43, 70, 87, 102, 109, 128, 139, 148, 213 və s.),

“Oxuyun, məzmununu danışın” (məsələn: tapşırıq 34, 44, 59, 62, 121, 149, 185,

217 və s.). Mürəkkəblik dərəcəsinə görə bir sıra tapşırıqlar çox sadə olub, 8-ci sinif

şagirdlərinin bilik səviyyəsinə uyğun gəlmir (məsələn: tapşırıq 16, 17, 18, 28 və s.).

Mətn üzərində iş məqsədilə verilmiş tapşırıqlar da qənaətbəxş deyil (məsələn: tapşırıq 18 və 55 bir-birinin təkrarıdır).

2

Page 4: Respublikanın təlim rus dilində olan ümumtəhsil · tutulmayıb) və zərfliyin məna növlərinə, həmcins cümlə üzvlərinə, sadə və mürəkkəb cümlələrə, hətta,

Qrammatik material. Dil qaydaları. Söz birləşmələri haqqında heç bir

məlumat verilmədən birdən-birə ismi birləşmədən (səh. 5), feli birləşmədən (səh.10),

tərəflərinin ifadə vasitələrindən danışılır. Hər hansı qrammatik material verilərkən

onun rus dilində qısa şəkildə izahının verilməsi qaydalara bir dolğunluq, tamlıq

gətirmiş olardı. Dərslikdə qrammatik materialın təqdimatında ardıcıllıq prinsipi

pozulub. Belə ki, qrammatik qayda, izahat, nümunə verilmədən ona dair tapşırıq

salınıb və ya əksinə, qrammatik qayda verilib, lakin onu möhkəmlətmək üçün tapşırıq

verilməyib (məsələn: tapşırıq 13, 20, 22, 23, 24, 31, 33, 37-42, 46-54, 56, 57, 68, 71

və s.). Material müvafiq olaraq 7-24-cü səhifələri əhatə edib. Bu tapşırıqlarda

cümlənin baş və 2-ci dərəcəli üzvlərinə, tamamlığın (bu proqramda nəzərdə

tutulmayıb) və zərfliyin məna növlərinə, həmcins cümlə üzvlərinə, sadə və mürəkkəb

cümlələrə, hətta, ümumiləşdirici sözlərə aid tapşırıqlar verilib.

Adı çəkilən mövzulara dair müvafiq qrammatik qaydalar isə bütün bunlardan

sonra, həm də çox yığcam və kasad bir şəkildə verilib. Qaydaların, izahatların

verilməsində ardıcıllıq gözlənilməyib: sintaktik əlaqələr və tabesizlik əlaqəsi (səh.

11); cümlənin quruluşca növləri (səh. 22); tabelilik əlaqəsi (səh. 24); cümlə üzvləri

(səh. 32) və s. davam edir. Tapşırıqlardan fərqli olaraq qaydaların verilməsinə səhifə

22-dən başlanır və qəribədir ki, artıq bu yönümdə tapşırıqlar kəskin azalır. Səhifə 27, tapşırıq 80; səhifə 29, tapşırıq 82, 83, 84-ün yerinə yetirilməsi üçün dil

qaydaları səhifə 32, 35, 44 və 74-də verilib. Tapşırıq və qaydaların bir-birini

izləməməsi bütün dərslik boyu müşahidə edilir.

“Suallara cavab verin” başlığı altında hər hansı mövzudan sonra məzmuna

dair əksər hallarda 3-5, bəzən isə 10 sual verilir ki, bu suallar da sadəliyi,

yeknəsəqliyi və yersiz təkrarı ilə şagirddə maraq oyatmır. Belə ki, suallar yaradıcı,

düşündürücü olmayıb sırf mətn əsasında tərtib edildiyindən, cavabları da üzdədir

(məsələn: səh. 4,12, 15, 17, 28, 30, 38, 40, 41, 48, 51, 76, 78, 82, 84, 91, 93).

Lüğətdə əksər hallarda şagirdlərə tanış olan, tərcümədə çətinlik törətməyən,

bəzən təkrar-təkrar sözlər verilib (məsələn: şöhrət, qüdrət, ellər, könül, səadət,

zəngin, paytaxt, mənzərə, bərəkətli, valideyn, meşə, dadlı, ləzzətli, zəhmət, ağlamaq,

şəhid, cəsarət, millət, həqiqət, gözəllik, məhəbbət, saray, əzbər və s.). Əksinə, çətin,

hərfi tərcüməsi ilə eyni olmayan, işlənmə məqamına görə tərcüməsi tələb olunan,

bədii tərcüməsi gərək olan söz və ifadələr verilməyib. Bəzi sözlərin tərcüməsində isə

səhvə yol verilib (məsələn: səh. 12-də mədəniyyət ocağı, bilikli; səh. 17-də əbədi

heykəl, milli zəmin və s.).

3

Page 5: Respublikanın təlim rus dilində olan ümumtəhsil · tutulmayıb) və zərfliyin məna növlərinə, həmcins cümlə üzvlərinə, sadə və mürəkkəb cümlələrə, hətta,

Səhifə 4-də “Vətənimiz” şeiri bədii cəhətdən olduqca zəifdir, üstəlik də Sovet

Azərbaycanını, yaxud SSRİ-ni vəsf edir. Suallar çox uğursuz tərtib olunub. 2-ci sual

1-ci sualı təkrarlayır, ona görə də, 2-ci suala ehtiyac yoxdur. 3-cü sualın 1-ci hissəsi

2-cini əvəzləyə bilər, həmin bəndin ikinci sualı isə üslub baxımından qüsurludur.

Belə yazılmalı idi: “Hansı tamaşaya, kinofilmə baxdın?” 4-cü bəndin ikinci sualı

da üslub baxımından yanlışdır. Əslində, bu şəkildə olmalı idi: “Özün də idmanla

məşğul oldunmu?” 3-cü tapşırıqdakı “müvəffəqiyyət” sözünün rusdilli şagird üçün

tələffüzü çətindir, ona görə də əvəzinə, “uğur” sözünü vermək daha məqsədəuyğun

olardı.

Səhifə 7-də “Azərbaycan” mətninin sonuncu abzasındakı “1991-ci il

oktyabrın 18-də müstəqil Azərbaycan dövləti yaranmışdır. İndi onun üçrəngli

bayrağı, gerbi, dövlət himni var. Azərbaycan dili dövlət dili statusu

qazanmışdır” fikirləri siyasi cəhətdən yanlış və qüsurludur. Əvvəla, müasir

Azərbaycan dövləti özünü 1918-ci ilin 28 mayında yaradılmış Azərbaycan Demokratik Respublikasının varisi elan edib. Bu mənada, “yaranmışdır” deyil,

“bərpa olunmuşdur” yazılmalı idi. O cümlədən “indi onun bayrağı, gerbi, dövlət

himni var” ifadəsi də doğru deyil. Çünki bu atributlar da məhz vərəsəlik yolu ilə

bərpa olunub. Azərbaycan dilinin dövlət dili statusu qazanmasına gəlincə isə,

Azərbaycan dili ölkəmiz müstəqillik qazanmadığı illərdə, yəni SSRİ-nin tərkibində

olduğu dönəmlərdə də dövlət dili idi. Yenə həmin səhifədə 10-cu tapşırığın 1-ci

abzasında “1991-ci ildə isə xalqımız daimi azadlığa qovuşdu” cümləsində “daimi”

sözü əvəzinə, “yenidən” olmalıdır.

Səhifə 8-də 18-ci tapşırıqda 2 və 3-cü cümlələri tərcümə etmək şagirdlərə

çətinlik törədir. Onlar bir qədər sadə cümlə ilə əvəzlənsə, daha münasib olar. Şeirin 3-cü bəndinin 3-cü misrasından sonra sual işarəsi qoyulmayıb.

Səhifə 9-da “Vətən” şeirinin 2-ci bəndinin 2-ci abzasında “məni” əvəzinə,

“onu” olmalıdır. Abbas Səhhətin “Vətən” şeirinin 9 beytindən biri, daha dəqiqi, ikinci

beyt verilməyib. Axırdan əvvəlki misradan sonra vergül qoyulmalıdır. Şeir məsnəvi

formasında yazıldığına görə dörd misralıq bəndlərə bölünməsinə ehtiyac yox idi.

Əgər ayrılırdısa, beytlərə ayrılmalı, yəni hər qoşa misradan sonra ara qoyulmalı idi.

Səhifə 10-da “Qabusnamə” mətninin giriş hissəsi, yəni müəllifi və mətni

tanıtmaq üçün verilmiş iki cümlə qalan parçadan seçdirilməyib. Həm də giriş olduqca

məhduddur, şagirdə əsərlə tanışlıq üçün heç nə vermir. Axırda “Kitabi-Dədə

Qorqud”dan verilmiş ata sözü isə həm məzmun, həm də forma baxımından mətnə

4

Page 6: Respublikanın təlim rus dilində olan ümumtəhsil · tutulmayıb) və zərfliyin məna növlərinə, həmcins cümlə üzvlərinə, sadə və mürəkkəb cümlələrə, hətta,

yamaq kimi görünür: forma baxımından ona görə ki, yenə də mətndən

fərqləndirilməyib, mətnin bir parçası, daha doğrusu, sonu kimi təqdim olunub;

məzmun baxımından ona görə ki, mətndə övladın valideynə hörmət qoymalı

olduğundan söhbət getdiyi halda, atalar sözündə oğulun ata üçün nə qədər qiymətli

olduğu vurğulanır. “Qabusnamə” mətninin 4-cü abzasının ilk cümləsində “əsil” sözü

əvəzinə, “əsl” olmalıdır. Tərbiyəvi xarakterli mətnin daha geniş verilməsi

məqsədəuyğundur. 26-cı tapşırıqda “həyat” sözü iki yerdə verilib. Həmin səhifədə lüğətdə “valideyn” sözünün izahının verilməsinə lüzum yoxdur,

“dua”, “nadan” və s. kimi daha qəliz sözlərin də izahı verilsə, yaxşıdır.

Səhifə 12-də “Azərbaycan dili” mətninə dair ilk sual üslub baxımından

qüsurludur. “Hansı Azərbaycan dastanlarını tanıyırsınız?” kimi verilməsi məsləhətdir.

Səhifə 14-də “Koroğlu” dastanından verilmiş parçanın girişi fərqləndirilməyib,

mətnin bir hissəsi kimi görünür.

Səhifə 15-də lüğətdə “dastan” sözünün tərcüməsi düzgün verilməyib, “сага”

olmalı idi.

Səhifə 15-17-də “Azərbaycanın musiqi mədəniyyəti tarixindən” mətninin dili

axıcı deyil, sanki orijinal mətn deyil, başqa bir dildən tərcümə olunub. Zamanlar,

təhkiyə üslubu qarışdırılıb. 15-ci səhifədə verilmiş sonuncu cümlənin mənası, mətnə

aidiyyəti anlaşılmır.

Səhifə 16-da mətnin 1-ci abzasında “Açığını deyək ki, Azərbaycan incəsənət

tarixində belələri istənilən qədərdir” cümləsində “açığını deyək ki” ifadəsi uğurlu

səslənmir. Həmin mətnin 2-ci abzasında “qabaqcıl dünya mədəniyyətinin” əvəzinə, “dünyanın aparıcı mədəniyyətlərinin” verilməsi daha doğru olardı. 5-ci abzasda

“Onun sayəsində Azərbaycan bütün müsəlman Şərqində opera yaradılan birinci

ölkə oldu” cümləsi “Onun sayəsində Azərbaycan bütün müsəlman Şərqində operanın

yarandığı ilk ölkə kimi tarixə düşdü” şəklində verilsə idi, daha məqsədəuyğun olardı.

Yenə həmin abzasda “...O olmasın, bu olsun” və yaxud “Məşədi İbad” musiqili

komediyası onun şöhrətini artırdı” cümləsindən şagird bu iki adı iki müxtəlif

müstəqil əsər kimi qəbul edə bilər. Odur ki, “...daha çox “Məşədi İbad” kimi

tanınan “O olmasın, bu olsun” musiqili komediyası onun şöhrətini artırdı” kimi

yazılması məqsədəuyğundur. 3-cü abzasın hər iki cümləsi üslub baxımından

qüsurludur. Belə yazılmalı idi: “Musiqi istər şad, istərsə də ağır günlərdə xalqa

mənəvi dayaq olub. Gələcəyə inam aşılayan Azərbaycan musiqisi insanı mübarizliyə

5

Page 7: Respublikanın təlim rus dilində olan ümumtəhsil · tutulmayıb) və zərfliyin məna növlərinə, həmcins cümlə üzvlərinə, sadə və mürəkkəb cümlələrə, hətta,

çağıran motivlərlə zəngindir”. Mətnin həcmi də böyükdür, mövzular bir-birinə

qarışıb. Şagirdin o qədər əsər, müəllif, xanəndə adını yadda saxlaması çətindir.

Səhifə 17-də lüğətdə “əbədi heykəl” və “milli zəmin” söz birləşmələrinin

tərcüməsi səhv verilib. “Suallara cavab verin” bölümündə ilk üç sual dil, üslub və

məzmun baxımından qüsurludur.

Səhifə 18-də lüğətdə “Bağrından su süzən dəlikli daşlar” misrasının

tərcüməsi səhv verilib. Səməd Vurğunun “Ceyran” şeirindən verilmiş bənddə, daha

doğrusu, müxtəlif bəndlərdən götürülmüş hər iki beytdə qüsura yol verilib: 1-ci

misrada “sıxlaşıb” əvəzinə, “sıxnaşıb”, 3-cü misrada isə “nizama” əvəzinə,

“nizamla” olmalı idi. 55-ci tapşırığın 2-ci bəndində “başlarını” sözü “başını” kimi

yazılmalı idi.

Səhifə 20-də “Xurşidbanu Natəvan” mətninin 2-ci abzasının ilk cümləsində

“ədəbiyyata” sözü əvəzinə, “mütaliəyə” olmalıdır. Mətnin 4-cü abzasında isə

“…oğlu Mehdiqulu xanın ölümü münasibətilə yazmışdır” deyil, “...ölümünün

təsiri ilə yazılmışdır” olmalıdır. Sonuncu abzasda “ictimai xadim, hörmətli

şəxsiyyət” əvəzinə, “böyük şəxsiyyət, nüfuz sahibi” yazılsa, daha münasib olar. 60-cı

tapşırıqda “arx” sözündən sonra vergül qoyulmalı, “ab-hava” isə tire ilə deyil,

defislə yazılmalı idi. “Ab-hava”nın lüğətdəki yazılışı və izahı da düzgün verilməyib.

Səhifə 21-də “Alqışlar”da “Tanrı” sözü böyük hərflə yazılmalı idi. 5-ci

sətirdəki “ayıdan” (deyən, danışan; buradakı mənasına görə isə-oxuyan) sözünün

lüğətdə tərcüməsi verilməyib. 8-ci alqışda “yüklət”, sonuncu alqışda isə “qanad”

sözü düzgün yazılmayıb.

Səhifə 23-də Məmməd Arazın “Ata millət-ana millət, ağlama” şeirinin 3-cü

misrasındakı “külək” sözünü dəqiqləşdirməyə ehtiyac var. Həm şeirdə, həm də

lüğətdə “Tanrı” sözü kiçik hərflə yazılıb, böyüklə olmalıdır.

Səhifə 24-də tabelilik əlaqəsinin növlərinə dair məlumat verilib. Məlumatın

sonuncu abzasında səhvən yazılıb: “...uzlaşma və yanaşma əlaqəsi yoxdursa,

onların əlaqəsi yanaşma hesab olunur”. Söhbət idarə əlaqəsindən gedir. Burada 1-

ci “yanaşma”nın əvəzinə, “idarə” yazılmalı idi. Bu mürəkkəb mövzudan sonra bir

tapşırıqların verilməsi məqsədəuyğundur.

Səhifə 25-26-da birinci yumorda “yazı taxtasına gəl” ifadəsi “yazı taxtasının

qarşısına gəl” şəklində yazılmalı idi. “Bakı” mətni sovet dövründə yazılmış mətndir,

dili və üslubu çox qüsurludur.

6

Page 8: Respublikanın təlim rus dilində olan ümumtəhsil · tutulmayıb) və zərfliyin məna növlərinə, həmcins cümlə üzvlərinə, sadə və mürəkkəb cümlələrə, hətta,

Səhifə 27-də 81-ci tapşırıqda verilmiş mətnin 3-cü cümləsi dil-üslub

baxımından qüsurludur. Nədənsə “Molla Nəsrəddin” jurnalının ilk rəssamlarının

adları qısa, Əzim Əzimzadənin adı isə bütöv yazılıb. Lüğətdə “ətalət” sözünün

tərcüməsi yanlış verilib.

Səhifə 28-də “Məhsəti Gəncəvi” mətninin ilk cümləsində “XII əsr

Azərbaycan şeiri tarixində...” əvəzinə, “XII əsr Azərbaycan poeziyası tarixində...”

olsa idi, daha yaxşı olardı. Əgər sonda lüğət verilibsə, mətnin içərisində “dülgər”

sözünün tərcüməsinə ehtiyac yoxdur. Mətnin 4-cü cümləsindəki “məhəbbət aşiqi”

ifadəsi də Azərbaycan dilində deyil. İki sözün (“rəvayət” və “dülgər”) rus dilinə

tərcüməsi lüğətdə deyil, mətnin içində mötərizədə verilib. “Onun adına yazılan

yazının birində məlum olur ki, o, sultan Səncərin sarayında yaşamışdır” cümləsi

həm dil-üslub, həm də tarixilik baxımından yanlışdır. İki cümlə sonra isə deyilir ki,

sultan Səncər 1118-1157-ci illərdə Gəncədə yaşayıb. Məlum olduğu kimi, göstərilən

illər məşhur səlcuq sultanının hakimiyyətdə olduğu zaman kəsiyidir. Gəncə isə

Səlcuq imperiyasının paytaxtı olmayıb. Bir sözlə, mətndə əfsanələr, rəvayətlərlə

tarixi faktlar bir-birinə qarışıb. Böyük sufi şair Fəridəddin Əttarın adı səhvən “Əttac”

kimi yazılıb. Ard-arda gələn cümlələrdə xəbərlərin zamanları, formaları qarışdırılıb.

Səhifə 29-da lüğətdə “nalbənd” sözünün tərcüməsi düzgün verilməyib. 86-cı

tapşırıqda mürəkkəb söz olmadığı halda (yalnız sadə və düzəltmə sözlər verilib), şagirddən məhz ona diqqət etməsi tələb olunur.

Səhifə 30-da 87-ci tapşırıqda verilmiş şeir bədii cəhətdən çox zəifdir, “anaların

ürəkləri” ifadəsi dilimizin qanunlarına uyğun deyil, “ana ürəyi” və ya “anaların

ürəyi” olmalıdır. “Azərbaycan mədəniyyəti” mətni qısa, məzmunsuz və sistemsizdir.

Mətndə bəzi tarixi şəxsiyyətlərin adının və təxəllüsünün bütöv, bəzilərinin isə

yarımçıq və ya qısaldılmış şəkildə verilməsi anlaşılmır. Tapşırıq 90-da verilmiş

mətndə də həmin nöqsan var.

Səhifə 31-də “Şəhidlik zirvəsi” mətninin 4-cü cümləsi “Bu gün də insan şüuru

heç cürə qəbul eləyə bilmir ki, axı necə oldu, 70 il özümüzün müdafiəçisi hesab

etdiyimiz Sovet ordusunun xüsusi təyinatlı dəstələri və daxili qoşunların birləşmiş

qüvvələri gecə yarısı doğma Bakımızın üzərinə müxtəlif istiqamətlərdən hücum

edərək, dinc əhaliyə divan tutdu, küçələri, meydanları, evləri al qana boyadı” kimi,

sonrakı cümlə isə “...əliyalın gənclərimiz tankların altında qaldı” kimi olsa idi, daha

yaxşı olardı. Mətnin 3-cü abzasının sonunda “Bu qanlı hadisə neçə-neçə alimin

elmi axtarışlarını yarımçıq qoydu” cümləsinin izahsız verilməsi məntiqsiz görünür.

7

Page 9: Respublikanın təlim rus dilində olan ümumtəhsil · tutulmayıb) və zərfliyin məna növlərinə, həmcins cümlə üzvlərinə, sadə və mürəkkəb cümlələrə, hətta,

Bu cümlə ya mətndən çıxarılmalı, ya da bu barədə bir qədər ətraflı məlumat

verilməlidir (Yəqin burada Sumqayıtdan Bakıya “Jiquli” markalı avtomobillə

gələrkən tankın üzərindən keçdiyi dörd şəhid alim nəzərdə tutulur.).

Səhifə 32-də “Bahar və mən” şeirinin 12-ci misrasından sonra nöqtə

qoyulmayıb. “Baykal gölü” mətninin 4-cü cümləsində “sözsüz” ifadəsindən sonra

vergül olmalı idi.

Səhifə 33-də “Baykal gölü” mətninin sonuncu abzasında “Baykal gölünün

ətrafındakı parkın təbiəti olduqca gözəldir” cümləsində “parkın təbiəti” əvəzinə,

“təbii park” olmalıdır. Sonuncu abzasın sonuncu cümləsində isə “o” şəxs əvəzliyinin

yerinə “bu park” yazılması cümləni üslub baxımından səliqəyə salardı.

Səhifə 34-də 100-cü tapşırığın 2-ci abzasında “...fransızca danışmağı şöhrət

bilirdilər” cümləsində “şöhrət” sözü əvəzinə, “şərəf” olmalıdır. 101-ci tapşırıqda

verilmiş dialoq quru, sxematik, danışıq dilindən uzaqdır. Dialoqun sonuncu

abzasındakı “öz ana dilimdən başqa...” ifadəsi yerinə düşmür, belə çıxır ki,

Azərbaycanda doğulmuş, burada yaşayıb təhsil alan uşağın ana dili Azərbaycan dili

deyil, bir başqa ölkənin dövlət dilidir. Həm də məlum olduğu kimi, rusdilli

Azərbaycan məktəblərində oxuyanların əksəriyyəti qeyri-millətlərdən deyil, elə

azərbaycanlı balalarıdır. Əgər bir azərbaycanlı balası təlim ingilis dilində olan

məktəbdə oxuyursa, bu, o demək deyil ki, onun ana dili ingilis dilidir.

Səhifə 35-də 103-cü tapşırıqda göy çərçivədə verilmiş nümunə cümlələrdən

birincisinin mübtədası pozulub. “Ana laylası” şeirinin axırdan 3-cü misrasında “O”

şəxs əvəzliyindən sonra vergül qoyulmalı idi.

Səhifə 36-da lüğətdə “dərə” sözünün tərcüməsi düzgün verilməyib. “Şair”

şeirinin bu səhifədəki son misrası o biri səhifədəki bəndin üstünə əlavə olunmalı idi.

Səhifə 37-də “Nizami Gəncəvi” mətninin 5-ci abzasının ilk cümləsində

“özlərini” sözü “özünü” şəklində yazılmalı, cümlənin xəbəri isə tək halda olmalıdır.

Səhifə 38-də verilmiş şeirin 4-cü misrasında “su” sözü əvəzinə, “o” əvəzliyi

olmalıdır. Lüğətdə “inci saflığı” söz birləşməsi düzgün tərcümə olunmayıb, “inci”

(жемчужина) ilə “incə”ni (нежный) qarışdırmaq olmaz. “Mənası solmaz”

ifadəsinin tərcüməsi isə yarımçıq verilib. 113-cü tapşırığın nömrəsi bu səhifənin

aşağısına düşüb.

Səhifə 39-40-də “Üzeyir Hacıbəyli” mətninin dili çox zəifdir, kiçik bir mətndə

təhkiyənin zamanı bir neçə dəfə dəyişir. Sanki bu mətn Azərbaycan dilində

yazılmayıb, başqa bir dildən uğursuz tərcümə olunub. Axırdan əvvəlki cümlənin

8

Page 10: Respublikanın təlim rus dilində olan ümumtəhsil · tutulmayıb) və zərfliyin məna növlərinə, həmcins cümlə üzvlərinə, sadə və mürəkkəb cümlələrə, hətta,

“Azərbaycan” sözünə qədərki hissəsi belə olmalıdır: “Arşın mal alan” operettası

əsasında çəkilmiş film...”.

Səhifə 41-də “Nəsimi” mətninin ikinci abzasının ilk cümləsi düzgün deyil,

çünki Nəsimi yalnız XIV əsrdə yaşamayıb, onun ömrünün əhəmiyyətli bir hissəsi XV

əsrə düşür. Üçüncü abzasın ilk cümləsi (“Nəsimi cəsarətli və filosof şair olmuşdur”)

Azərbaycan dilində deyil. Ondan sonrakı cümlələr də Nəsiminin şəxsiyyətini,

yaradıcılığını doğru-düzgün xarakterizə etmir və böyük şair haqqında şagirdə heç nə

demir.

Səhifə 43-də “yurdum” sözü “очаг” kimi tərcümə edilib. Halbuki dəqiq

tərcüməsi “мой очаг”dır. Ümumiyyətlə, lüğətdə sözlərin qrammatik şəkilçilərlə

verilməsi düzgün deyil. “Azərbaycan” şeirinin 2-ci misrasının ilk iki sözü arasında

ara qoyulmayıb. İkinci bəndin ilk dörd misrasının heç birindən sonra durğu işarəsi

qoyulmayıb. Lüğətdə “yurdum” sözünün tərcüməsi iki dəfə, üstəlik də, səhv verilib.

“Yalmanına” sözü də yanlış tərcümə olunub, sadəcə, “yalman - грива” yazıla bilərdi.

Səhifə 44-də verilmiş mətndən sonrakı lüğətdə “isti subtropik iqlim” düzgün

tərcümə olunmayıb. Mətndəki “isti” sözü “mülayim” sözü ilə əvəz olunması

məsləhətdir.

Səhifə 45-də “Dünya” şeirinin ixtisarla verildiyi, üstəlik, poemadan bir parça

olduğu qeyd edilməyib. Şagirddən tələb olunur ki, 4 bəndi təqdim edilən şeirin 3

bəndini əzbərləsin. Tapşırığın belə şəkildə verilməsi metodiki baxımdan doğru deyil.

Çünki belə olan halda şeirin 3 bəndi verilməli idi

Səhifə 48-də başlanğıcda “eyni adlı” sözü bitişik (eyniadlı) yazılmalıdır. 149-cu

tapşırıqda 5-ci abzasda “Leylinin ata-anası onu İbn Səlam adlı bir varlıya zorla

ərə verirlər” cümləsi “Leylini ata-anası İbn Səlam adlı bir varlıya zorla ərə verirlər”

kimi olsa idi, daha yaxşı olardı.

Səhifə 49-da “Söyüd kölgəsi” mətninin axırdan əvvəlki cümləsinin xəbəri

“gedirlər” deyil, “gedirdilər” kimi yazılmalı idi.

Səhifə 50-də “Novruz adətləri” mətninin 4-cü cümləsi “İndi xalqımız onun

bütün adət-ənənələrini bərpa etməklə həyata keçirir” əvəzinə, “İndi xalqımız

Novruzu bütün adət-ənənələrini bərpa etməklə bayram edir” kimi verilsə idi, daha

məqsədəuyğun olardı.

Səhifə 51-də “Novruz adətləri” mətninin axırdan 3-cü abzası həm dil-üslub,

həm də məzmun baxımından mətnə yamaq kimi görünür, odur ki, çıxarılması

9

Page 11: Respublikanın təlim rus dilində olan ümumtəhsil · tutulmayıb) və zərfliyin məna növlərinə, həmcins cümlə üzvlərinə, sadə və mürəkkəb cümlələrə, hətta,

məsləhətdir. Sonuncu abzasın ilk cümləsinin xəbəri “qururlar” deyil, “tuturlar”

olmalı idi. Lüğətdə “rəf” sözünün rusca variantının yazılışı düzgün deyil.

Səhifə 52-də “Göz” şeirinin 3-cü misrasında “Hə”dən sonra vergül qoyulmalı

idi. Birinci sütundakı həm ilk, həm də son misradan əvvəl tire işarəsi olmalı idi.

Səhifə 54-də verilmiş mətndə zamanlar qarışdırılıb. Birinci abzasın son

cümləsində “ömürlərini” sözü “ömrünü”, “vurdular” sözü isə “vurdu” şəklində

yazılmalıdır.

Səhifə 56-da “Qış” mətninin ikinci abzasının 3-cü cümləsində “yuvalarını”

sözü “yuvasını”, “gedirlər” isə “gedir” kimi yazılmalıdır.

Səhifə 59-da mətndə 1-ci abzasın son cümləsinin xəbəri “sərf etmişdir”

əvəzinə, “həsr etmişdir” olmalıdır. 2-ci abzasın sonunda “üçün” sözü sətirdən-sətrə

düzgün keçilməmişdir. Təqribən 30 il bundan əvvələ qədər elmi ədəbiyyatda Şah

İsmayılın doğum tarixi 1486-cı il hesab olunurdu. 1980-ci illərdə tarixçi alimlər bu

qənaətə gəldilər ki, bu rəqəm doğru deyil və Şah İsmayılın anadan olduğu il miladi

təqvimi ilə 1487-ci ilə düşür. O zamandan Şah İsmayılın doğum tarixi 1487-ci il

sayılır. Ancaq eyni bir fakt bütün dərsliklərdə eyni cür yazılsa yaxşıdır.

“Dəhnamə”dən verilmiş 4 beytlik nəzm parçasında üç yerdə lazım olduğu halda

vergül qoyulmayıb.

Səhifə 63-də “Memar Əli kimdir?” mətnində də zamanlar qarışdırılıb. Mətnin

4-cü abzasının axırdan əvvəlki cümləsində “taleyin” sözü düzgün yazılmayıb. 6-cı

abzasın son cümləsinin xəbəri cəm halında olmalı idi.

Səhifə 64-də çərçivənin içində Məmməd Arazın şeirindən verilmiş sitat düzgün

deyil, “Bəlkə bu yerlərə bir də gəlmədim” kimi olmalıdır.

Səhifə 65-də lüğətdə “ceyran balası” əvəzinə, “ceyran” yazılmalı idi. “Ayağı

əlinə keçdi” ifadəsinin tərcüməsində isə fel qadın cinsində verilib. Halbuki əsərdə

Baharın oğlan obrazıdır. 222-ci tapşırıqda deyilir ki, Bahar “Bir gəncin manifesti”

əsərinin qəhrəmanlarından biridir. Halbuki Bahar həmin əsərin əsas qəhrəmanıdır.

Səhifə 66-da Səməd Vurğunun “Ceyran” şeirindən verilmiş parçanın ikinci

bəndi yanlışdır. Hüseyn Arifin “Şeir deyilmi?” şeirinin ilk bəndinin 3-cü

misrasından sonra vergül olmamalıdır. İkinci bəndin 2-ci misrasından sonra vergül

yerinə nöqtə qoyulmalı, 3-cü misrasından sonrakı vergül silinməlidir.

Səhifə 68-də “Gəncə” mətninin 2-ci abzasında “geniş, mehli zəmiləri” əvəzinə, “geniş mehli zəmilər” olmalıdır.

10

Page 12: Respublikanın təlim rus dilində olan ümumtəhsil · tutulmayıb) və zərfliyin məna növlərinə, həmcins cümlə üzvlərinə, sadə və mürəkkəb cümlələrə, hətta,

Səhifə 69-da Mikayıl Müşfiqin “Küləklər” şeirinin ikinci bəndinin son

misrasında “qorxusu” sözü “qoxusu” kimi yazılmalıdır.

Səhifə 72-də “Bənövşə” mətninin müəllifi göstərilməyib. “Faraş” sözü lüğətdə

verilsə də, mətndə yoxdur.

Səhifə 75-də Nəbi Xəzrinin “Sən və mən” şeirinin ruscaya tərcüməsinin birinci

misrasında “верешина” sözü səhv yazılıb. “Вершина” kimi olmalıdır.

Səhifə 76-da Şəhriyarın doğulduğu kəndin adı “Xoşginab”dır. Mətndə Hafizin

adı çəkilsə də, onun kimliyinə heç bir aydınlıq gətirilmir, üstəlik də, o sırada

Şəhriyarın pərəstiş etdiyi Füzulinin adının çəkilməməsi təəccüb doğurur. Lüğətdə

“nifrət” sözünün ruscaya tərcüməsinin (2-ci variant) yazılışı düzgün deyil.

Səhifə 78-də “Xəstəxana” mətninin müəllifi və hansı əsərin bir parçası olduğu

göstərilməyib.

Səhifə 81-də “Rəssamın dostluğu” mətnində “Göy göl” sözü ayrı, səhifə 83-də

“Göygöldə səhər” şeirində isə bitişik verilib.

Səhifə 83-də “Tonkinin mahnısı...” mətninin başlığından sonra üç nöqtə

qoyulmasına ehtiyac yoxdur. Mətnin birinci cümləsində “ümumdünya” sözü kiçik

hərflə yazılmalıdır.

Səhifə 86-da “Mənim atam” mətninin 4-cü abzasının ilk cümləsində

“qəbiristanlıq” sözü düzgün yazılmayıb. Axırdan 3-cü abzasda “arxasında” sözü

“arxasına” kimi yazılmalıdır.

Səhifə 87-də “Nəsrəddin Tusi və bostançı” mətnində 3-cü abzasın sonunda

“salamın cavabını verdikdən sonra” deyil, “salamı aldıqdan sonra” olmalıdır. 5-ci

abzasda “əlini döşünə qoyub” əvəzinə, “əlini sinəsinə aparıb” olsa idi, daha

məqsədəuyğun olardı. Ümumiyyətlə, rəvayət dil-üslub baxımından qüsurludur. Əsaslı

redaktəyə ehtiyacı var.

Səhifə 88-də mətnin 4-cü abzasında “kamil usdadı olan” ifadəsində “kamil”

sözü artıqdır, çünki “ustad” sözünün kamillik mənası da var. “Usdad” sözü isə

“ustad” kimi yazılmalıdır. Axırdan 2-ci abzasda “Mənim xahişim odur ki, nə məni

elin adətini pozmağa məcbur edəsiniz, nə də yaşımın bu vaxtında günaha

batmağa” cümləsi “Xahişim odur ki, məni nə elin adətini pozmağa, nə də yaşımın bu

vaxtında günaha batmağa məcbur edəsiniz” kimi verilsə idi, daha yaxşı olardı.

Səhifə 91-də Lüğətdə “fikirləşmək” sözü səhvən “fikirləşməkmək” kimi

verilib.

11

Page 13: Respublikanın təlim rus dilində olan ümumtəhsil · tutulmayıb) və zərfliyin məna növlərinə, həmcins cümlə üzvlərinə, sadə və mürəkkəb cümlələrə, hətta,

Səhifə 94-də 322-ci tapşırığın ikinci cümləsi “Axı musiqi bizim həyatımıza

uşaq yaşlarından girir” əvəzinə, “Axı musiqi bizim həyatımıza uşaq yaşlarından

daxil olur” kimi olsa idi, daha yaxşı olardı. 322-ci tapşırıqda verilmiş dialoqun əsaslı

redaktəyə, daha doğrusu, yenidən yazılmasına ehtiyac var.

Səhifə 95-də 328-ci tapşırıqda verilmiş dialoqun redaktə olunması məsləhətdir.

“Olubsan”, “gəlibsən” kimi sözlər ədəbi dilə uyğun deyil.

Səhifə 98-də Mədinə Gülgünün “Vətənim mənim” şeiri bəndlərə ayrılmalı, hər

bənddən sonra ara qoyulmalı idi.

Səhifə 99-da “Nailiyyətlərin qiymətləndirilməsinə dair tapşırıqlar” verilib.

Qiymətləndirmə test tapşırıqlarından ibarətdir. Test tapşırıqlarının cavab

bəndlərinin A), B), C), Ç), D) deyil, A), B), C), D), E) kimi verilməsi məsləhətdir.

Çünki testologiyada belə qəbul edilib. Burada 17 test tapşırığı verilib ki, bunlar da

özündə həm qrammatik, həm də mətnə dair tapşırıqları birləşdirir. Tapşırıqlar üçün

mövzu seçimi, eləcə də suallar qoyuluşu bu günün tələbinə cavab vermir (məsələn:

test №1, 4, 5, 10, 11, 12 bu gün rus bölməsinin şagirdləri üçün heç bir əhəmiyyət

daşımır). Test №7, 8, 13, 14, 15 dil öyrənmək baxımından əhəmiyyətsiz olub,

primitiv xarakter daşıyır.

Səhifə 103-də “Əlavə tapşırıqlar” başlığı altında verilmiş “rus dilinə tərcümə

edin; cümlədə işlədin; Azərbaycan dilinə tərcümə edin” kimi yeknəsəq, yorucu,

eynitipli tapşırıqlara dərslikdə yer ayrılmasına heç bir ehtiyac yoxdur.

Səhifə 105-də “Azərbaycanca – rusca lüğət” verilib. Lüğət ilk baxışdan

zəngin görünür. Lakin mövzular üzrə lüğətlərdə verilmiş sözlərin çoxu burada bir

daha təkrarlanıb. Belə sözlər kifayət qədərdir. Bu cür təkrara heç bir ehtiyac yoxdur.

Qrammatik terminlərin də tərcüməsinin verilməsinə ehtiyac vardır. Onlar üçün ayrıca

lüğət tərtib edilməsi məqsədəuyğun olardı.

2. Dizayn və bədii tərtibat baxımından

Dərsliyin dizaynı qənaətbəxşdir.

Səhifə 37-də “Suallara cavab verin” tapşırığı sonrakı səhifəyə keçirilməlidir.

Səhifə 65-də lüğətdə hər iki sütunun birinci sözü o birilərə nisbətən bir qədər kiçik şriftlə verilib. 224-cü tapşırığın nömrəsi səhifənin sağ tərəfinə sürüşüb.

12

Page 14: Respublikanın təlim rus dilində olan ümumtəhsil · tutulmayıb) və zərfliyin məna növlərinə, həmcins cümlə üzvlərinə, sadə və mürəkkəb cümlələrə, hətta,

Nəticə

1. Dərslikdə tədris proqramındakı mövzular əsasən əhatə olunub. 2. Dərslikdə şagirdlərin yaş xüsusiyyətləri əsasən nəzərə alınıb. 3. Dərslikdəki material şagirdlərin müvafiq fənn üzrə bilik və bacarıqlarının

əsasən formalaşdırılmasına imkan verib.

13